Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-520/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 iştirakı ilə, Bakı şəhər BPİ-nin DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər BPİ-nin DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında idarə etdiyi **-UJ-*** d.q.n. “Chevrolet Cruze” markalı avtomobillə 18.01.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə hərəkət edərkən **-YP-*** d.q.n. DYP avtomobili onu heç bir əsas olmadan saxlatdırmış, həmin avtomobildə xidmət aparan DYP əməkdaşı X12 (üzərindəki xidmət nişanı 0386) qanunun tələbini pozaraq saxlatma səbəbini ona bildirmədən sənədlərini tələb etmiş və heç bir qayda pozuntusu etmədiyi halda guya avtomobilinin qeydiyyat nişanının standartlara uyğun olmadığını və oxunmadığını bəhanə gətirmişdir. O, öz növbəsində onunla razılaşmayıb idarə etdiyi avtomobilin qeydiyyat nömrələrinin standartlara uyğun olduğunu bildirmişdir. Lakin, DYP əməkdaşı H.İ.Mirzəyevin bəhanəsinə etiraz etməyinə baxmayaraq o, heç bir qanuni əsas və səbəb olmadan və onu saxlamağı ilə bağlı heç bir sənədləşmə aparmadan sürücülük vəsiqəsini, həmçinin avtomobilə aid sənədlərini almış, icazə vermədiyi halda avtomobilinin sükanı arxasına əyləşib nəqliyyat vasitəni müvəqqəti duracağa aparmışdır. Bakı şəhəri DYPİ-nin inspektoru H.İ.Mirzəyev bu hərəkətləri ilə qanunla qorunan hüquqlarını pozmaqla avtomobili qanunsuz əlindən almışdır. Şikayətə əlavə edilmiş fotoşəkillərdən də məlum olur ki, avtomobilin dövlət qeydiyyat nömrəsində deformasiya yoxdur, standartlara uyğundur, rəqəmlər və hərflər aydın görünür. Yuxarıda qeyd edilənlərlə və X1nun qanunsuz, hüquqazidd hərəkətləri ilə bağlı 19.01.2022-ci il tarixdə dəfələrlə DİN-nin “102” xidmətinə və Bakı şəhəri DYPİ-nin “902” qaynar xəttinə şikayət etmiş, sonra Bakı şəhəri DYPİ-nə gedərək “902” qaynar xətt otağından şikayətinin nəticəsi, sənədlərinin harada olması ilə maraqlanmış və orada idarənin 19-cu otağına, polis mayoru Emin Süleymanova müraciət etməli olduğunu bildirmişlər. Emin Süleymanova avtomobilinin ön və arxa nömrələrinin mövcud standarta uyğun olması və aydın göründüyü barədə fotolarını təqdim edib sənədlərinin harada olmasını və avtomobilin müvəqqəti duracaqdan necə götürəcəyini soruşmuşdur. Emin Süleymanov təqdim etdiyi fotoşəkillərə baxsa da guya nömrənin standart olmadığını bildirmiş, sənədlərinin inspektorda qalması ehtimalının olmadığını, avtomobilin salonunda və ya duracağa nəzarət edən şəxsdə ola biləcəyini, yalnız nömrənin yenisi ilə əvəz edildiyi halda avtomobilin müvəqqəti duracaqdan buraxılacağını təkidlə demişdir. Bundan sonra o, Emin Süleymanova həmin gün Bakı səhəri DYPİ-nin qarşısında dayanmış həm xidməti, həm də DYP əməkdaşlarına məxsus şəxsi avtomobillərin dövlət qeydiyyat nişanlarındakı açıq-aşkar görünən nöqsanlara görə nömrələrin müvafiq standartlardan kənar olmasını sübut edən fotoşəkilləri nümayiş etdirmiş və ayrı-seçkiliyə yol verməməyi, ədalətli və obyektiv olmağı təklif etmişdir. Vəzifəli şəxs isə dediklərinə əhəmiyyət verməmişdir. O, bütün faktları və sübutları şikayətinə əlavə edəcəyini polis mayoru Emin Süleymanova bildirdikdən sonra oradan avtomobilinin aparıldığı Nizami rayonu, M.Əliyev küçəsində yerləşən müvəqqəti duracağa qayıdıb avtomobilin salonunda sənədlərinin olmadığına əmin olub, duracağa nəzarət edən mühafizə otağına sənədləri ilə bağlı müraciət etdikdə sənədlərinin orada da olmadığı barədə cavab almışdır. Heç bir qanuni əsas olmadan avtomobilini və sənədlərini əlindən alan X1nu yanvarın 18, 19, 20 nə işlədiyi idarə əməkdaşları, nə də o, tapa bilməmişlər. Sonradan “102” və “902” xidmətlərinə şikayət etməyi barədə inspektor H.İ.Mirzəyevə məlumat çatdıqdan sonra o, 21 yanvar 2022-ci il tarixdə, yəni 3 gün sonra sənədlərini müvəqqəti duracağa nəzarət otağına təhvil vermişdir. Sifarişli taksi fəaliyyəti ilə məşğul olduğundan həmin inspektorun qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində bir neçə gün sənədsiz və avtomobilsiz qalaraq qazanc əldə edə bilməmişdir. İnspektor inzibati xətanı aşkar etdikdən dərhal sonra protokol tərtib edib sistemə yerləşdirməli idi. Lakin X1 İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinin (İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir) tələblərini pozaraq xəta törədənin şəxsiyyəti məlum olduğu və sənədləri özündə olmasına baxmayaraq xətanı aşkar etdiyi vaxtda inzibati protokolu tərtib etməmişdir. Bundan başqa X1 İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin (İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir) tələblərini də pozaraq barəsində inzibati xəta protokolu dərhal tərtib etməmiş, onun surətini həmin gün ona təqdim etməmiş, eləcə də həmin günün sonunadək sistemə yerləşdirməmişdir. X1 İnzibati Xətalar Məcəlləsinin 125.2.1-ci maddəsinin (müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir;) tələblərini pozaraq İXM-nin 342.7-ci maddəsi ilə 60 manat cərimə edilməyi ilə bağlı İXP4412135 saylı, 18.01.2022-ci il tarixli inzibati xəta protokolu barədə məlumat 055 ***-**-** mobil nömrəsinə yalnız 2 gün sonra, yəni 20.01.2022-ci il tarixdə saat 14:31-də daxil olmuşdur. 21 yanvar 2022-ci il tarixdə sənədlərini müvəqqəti duracaqdan götürüb Bakı şəhəri DYPİ-nin polis mayoru Emin Süleymanovun yanına gəldikdə o, avtomobil nömrəsinin müvafiq standarta uyğun olmasına baxmayaraq onun məcburi dəyişdirməli olduğunu, əks halda avtomobili duracaqdan buraxılmasına sənəd verməyəcəyini bildirmişdir. Sonra o, Baş DYPİ-nə gedərək 30 manat dövlət rüsumu ödəməklə avtomobilin nömrəsini yenisi ilə əvəz etmiş, sonra avtomobil quracaqdan buraxılmışdır. 21.01.2022-ci il tarixdə Bakı şəhəri DYPİ-nin dəftərxanasına təqdim etdiyi və digər aidiyyəti yuxarı instansiyalara 24 yanvar 2022-ci il tarixdə poçtla göndərdiyi şikayətində İXM-nin 342.7-ci maddəsi ilə 60 manat cərimə edilməyi ilə bağlı İXP4412135 saylı, 18.01.2022-ci il tarixli inzibati xəta protokolunun ləğv edilməsini avtomobilini heç bir qanuni əsas və səbəb olmadan saxlatdırıb müvəqqəti duracağa təmin etmiş, Konstitusion hüquqlarını və İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmaqla icraat aparmış Bakı şəhəri DYPİ-nin əməkdaşı X6 (xidmət nişanı 0386) özbaşınalıq və hüquqazidd hərəkətlərə yol verdiyinə görə “Polis haqqında” Qanunun 33-cü maddəsinə əsasən onu intizam məsuliyyətinə cəlb etməklə cəzalandırılmasına dair göstəriş verilməsini xahiş etmişdir. Daha sonra ünvanına poçt vasitəsilə daxil olmuş Bakı şəhəri DYPİ-nin polis mayoru Emin Süleymanovun 31.01.2022-ci il tarixli, TP ******* saylı qərarı ilə xəta protokolundan şikayəti idarəyə təqdim etməyinə baxmayaraq artıq cərimə edilməyi məlum olmuşdur. Bakı şəhəri DYPİ-nin qərarında şikayət müddəti 10 gün qeyd edilməklə vəzifəli şəxs tərəfindən Qanunun tələbi pozulmuşdur. Belə ki, İXM-nin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində qeyd edilir ki, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə - altmış manat məbləğində cərimə edilir. Mövcud standartlar dedikdə məhz hansı meyarın həmin standartlara aid olması isə qanunda açıqlanmır. Burada “mövcud standartlar” anlayışı ilə bağlı hər kəsin fərdi yanaşması ola bilər. Avtomobilindəki nömrənin kustar üsulla düzəlmədiyi, məhz Baş DYPİ tərəfindən rəsmi verildiyi, aydın göründüyü, işıq qaytaran səthin qaydasında, dövlət bayrağı və çipin üzərində olması onun mövcud standartlara uyğun olduğunu sübut edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayəti müdafiə edərək məzmununa uyğun izahat vermiş və əlavə olaraq məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, şikayəti ilə bağlı inzibati iş üzrə 14 mart 2022-ci il tarixə təxirə salınmış məhkəmə iclasında Bakı şəhəri DYPİ-nin nümayəndəsi tərəfindən verilmiş etirazı nəzərdən keçirərkən Bakı şəhəri DYPİ-nin nümayəndəsi tərəfindən onun formal olaraq tərtib etdiyi məlum olur. Belə ki, şikayətinin dəlillərini qanuni əsaslarla rədd edən dəlil və ya sübutlar qeyd edilmir. Sözügüdən avtomobilin inspektor tərəfindən hansı əsasla saxlandığı məlum deyil (YPX haqqında Qanuna görə inspektor nəqliyyat vasitəsini saxladıqda ilk növbədə sürücüyə yaxınlaşıb özünü təqdim etməli, daha sonra saxlama səbəbini bildirməlidir). Ümumiyyətlə şikayətdə qeyd edilənlərin nəyə görə əsassız olmasını nümayəndə öz etirazında qeyd etməmişdir. Belə ki, şikayətini rədd edən əsaslar, dəlillər mövcud deyildir, yəni İXM-nin 342.7-ci maddəsi ilə xəta olmamışdır. Etirazın məzmunundan görünür ki, qeyd edilənlər yalnız idarənin mövqeyinin müdafiə edilməsinə yönəlmiş formal mülahizədir və hər-hansı vasitə ilə inzibati protokol tərtib edib, qanunları pozan X1nun və qanunsuz qərarlar qəbul edən vəzifəli şəxs X8 hərəkətlərini pərdələyərək onlara haqq qazandırmağa yönəldilmişdir. Etiraz yalnız qanunvericiliyin tələblərinin sadalanmasından ibarətdir. Sanki, nümayəndə hakimə Qanunları izah edir. Ona görə də təqdim edilmiş “etiraz”ı əsassız, sübutsuz, eləcə də formal - şəxsi mülahizə əsasında tərtib edildiyi qənaətinə gələrək onun rədd edilməsini xahiş edir. Bir daha vurğulayır ki, tərəfindən hər hansı xəta törədilmədiyi halda barəsində qanunsuz protokol tərtib edilərək onun əsasında qanunsuz qərarlar çıxarılmış, nümayəndə isə hər-hansı bir xəta ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən Bakı şəhər BPİ-nin DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ-nin X17 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. 14.03.2022-ci il tarixli məhkəmə iclasında Bakı şəhər BPİ-nin X17 İdarəsinin nümayəndəsi X9 bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 18 yanvar 2022-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **- UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qara Qarayev prospekti ilə hərəkət edərkən Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru, polis kiçik serjantı X12 tərəfindən saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, avtomobilin dövlət qeydiyyat nişanı standartlara cavab vermir və YPX əməkdaşı R.C.Süleymanovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş və avtomobili yolun hərəkət hissəsindən kənarlaşdıraraq cərimə meydançasına yerləşdirmişdir. Bundan sonra sürücü R.C.Süleymanov xətanın mövcudluğunu qəbul etmədiyindən inzibati xəta haqqında işə Bakı şəhəri BPİ-nin DYPİ-nin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin baş inspektoru, polis mayoru Emin Süleymanov tərəfindən sürücünün iştirakı ilə baxılmış, qəbul edilmiş qərarın surəti ona təqdim olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin XVİİ hissəsinin 2-ci bəndinə əsasən dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə altmış manat məbləğində cərimə edilir. İşin faktiki hallarından göründüyü kimi X4 yol hərəkəti haqqında qanunun tələbini pozaraq inzibati xəta törətmişdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ***-**** “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” dövlət standartını müəyyən edib. Həmin dövlət standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilib və 11 noyabr 2015-ci il tarixdən qüvvəyə minmişdir. Həmin standartların tələblərinə cavab verməyən nəqliyyat vasitələrinə təhkim edilmiş dövlət qeydiyyat nişanı nəqliyyat vasitələri yolun hərəkət hissəsinə buraxılmırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Beləliklə də yuxarıda şərh olunanlardan işin faktiki hallarından müəyyən olunur ki, X4 YHHQ-nın 27-ci maddəsinin XVİİ hissəsinin 2-ci bəndinin tələbini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X3 barəsində hansı səbəbə 2 inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə dair sənədləri təqdim etməyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ-nin DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. - Bakı şəhər BPİ-nin X17 İdarəsi tərəfindən verilmiş 15.03.2022-ci il tarixli, 046- 11552-1222 nömrəli məktubdan görünür ki, vətəndaş X4 barəsində 18.01.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsinə əsasən İXP4412135 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 31.01.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və AR BDYPİ-nin X5 yerləşdirilmişdir. Lakin sonradan vətəndaşın şikayəti əsasında 31.01.2022-ci il tarixli qərar ləğv edilmiş, 07.02.2022-ci il tarixdə X3 iştirakı ilə TP4841879 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş AR BDYPİ-nin X5 yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şikayətə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, barəsində şikayət verilən 31.01.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Bakı şəhər BPİ-nin X17 İdarəsi tərəfindən ləğv edilmişdir. Belə olan halda, qüvvədə olmayan qərarın qanuni və ya qanunsuz olmasının yoxlanılması, müzakirəsi üçün əsaslar qalmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər BPİ-nin DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-520/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-520/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver