Məhkəmə qərarları › İş №3(007)-5205/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5205/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5205/2023 16.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Qazaxbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 28 sentyabr 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Zərərçəkmiş şəxs özünə məxsus olmaqla sosial şəbəkədə satış elanı verdiyi 450 manat dəyərində, 8676 4806 0435 854 İMEİ kodlu, X7 5 markalı mobil telefonu alacağı, bunun üçün həmin telefonu əvvəlcə evdə ailə üzvlərinə göstərəcəyi adı ilə aldadıb ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs mobil telefon aparatını almış, Zərərçəkmiş şəxs onu küçədə gözləməsindən istifadə edib həyətin digər qapısından çıxaraq oradan uzaqlamış, özgə əmlakı olan həmin mobil telefon aparatını zərərçəkmiş şəxsə qaytarmayıb başqa şəxslərə sataraq pulunu şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs xırda talama yolu ilə 450 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, sosial şəbəkələrdə bir nəfər şəxsin, sonradan tanıdığı Zərərçəkmiş şəxs X7 5 markalı mobil telefonu satış üçün elan verdiyini görmüş, telefonu ələ keçirib satmaq məqsədi ilə 28 sentyabr 2023-cü il tarixdə saat təxminən 19:00 radələrində Vüqarla əlaqə saxlamış və “Nərimanov” metrostansiyasının qarşısında görüşmüşlər. Vüqara demişdir ki, telefonu bəyənir, yoldaşına almaq istəyir, lakin bundan əvvəl telefonu evdə göstərməlidir. Vüqar ona inanmış, birlikdə Keşlə qəsəbəsi, M.Ağayev küçəsi 21/4 ünvanında yerləşən evin qarşısına getmişlər, saat təxminən 20:00 radələrində telefonu Vüqardan götürüb həyətə keçmiş, orada həyətin digər qapısından keçib uzaqlaşaraq həmin yerdən getmiş, sonradan telefonu tanımadığı şəxsə sataraq əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Maddi imkanı olmadığına görə zərərçəkənə dəymiş ziyanı ödəyə bilmir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, sosial şəbəkədə telefon satmaq məqsədi ilə elan yerləşdirmiş, 28 sentyabr 2023-cü il tarixdə saat təxminən 19:00 radələrində ona məxsus olan mobil nömrəyə zəng gəlmiş, zəng edən şəxs telefonu almaq istədiyini bildirmiş və onu “Nərimanov” metrostansiyasının qarşısına dəvət etmişdir. Buna görə həmin yerə getmiş, ona zəng edən şəxslə, sonradan tanıdığı Şəxs ilə “Nərimanov” metrostansiyasının qarşısında görüşmüşlər, İsabalı mobil telefonu yoldaşına almaq istədiyini, telefonu evdə göstərmək lazım olduğunu bildirmiş və onu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinə dəvət etmişdir. Birlikdə Keşlə qəsəbəsi, M.Ağayev küçəsi 21/4 ünvanında yerləşən evin qarşısına getmişlər, saat təxminən 20:00 radələrində İsabalı telefonu götürüb həyətə keçmiş, hətta bir az sonra gətirib ona alma vermişdir ki, yesin, o da düşünmüşdür ki, həmin ev İsabalının evidir. Bir az da küçədə gözləmiş, İsabalı gəlmədiyinə görə həyətə girmiş və orada 4-5 ailə yaşadığını, lakin İsabalı adlı şəxsin həmin evdə yaşamadığını öyrənmişdir. Başa düşmüşdür ki, İsabalı ona məxsus 8676 4806 0435 854 İMEİ kodlu, X7 5 markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Hadisə barədə polisə müraciət etmişdir. İsabalı dələduzluq əməli nəticəsində ona 450 manat məbləğində maddi ziyan vurmuşdur. Maddi ziyan hazırda da ona ödənilməmişdir, şikayətçidir. Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısının 08 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta törətmiş şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 24-cü PŞ-nə təqdim edilmişdir. İş materialları ilə müəyyən olunur ki, sözügedən material üzrə dələduzluq əməlini törətmiş Şəxs 15 oktyabr 2023-cü il tarixdə müəyyən olunaraq barəsində tutma haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 15 oktyabr 2023-cü il tarixdə saat 17:15-də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilmədiyi müəyyən edilmişdir, ona görə zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 15 oktyabr 2023-cü il saat 17:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar