Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5208/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızı, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 10 iyul 2025-ci il tarixli, EQ seriyalı, 29159917 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 10 oktyabr 2025-ci il tarixli, 3(006)-5729/2025 nömrəli qərardadı ilə, baxılmağa hazırlıq mərhələsindən, şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi aidiyyət məsələsini müzakirə edib, qərar qəbul edərkən, belə nəticəyə gəlmişdir ki, inzibati xəta hadisəsi Nizami rayonu ərazisində törədildiyindən və X2 şikayətə yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasına dair vəsatət vermədiyindən, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq, şikayətə inzibati xətanın törədildiyi yerin məhkəməsi, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir; 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Şikayətin və ona əlavə olunan sənədlərin öyrənilməsi, eləcə də “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə yoxlama ilə müəyyən edilmişdir ki, ehtimal olunan inzibati xəta hadisəsi Bakı şəhəri Nizami rayonunun inzibati vahidinə aid yerdə törədilmişdir. Lakin qanunverici, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsini müəyyən edərkən, həmin Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halı istisna etmişdir, hansı ki, həmin maddədə Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayətin şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verildiyi təsbit edilmişdir. Məhkəmə icraatının mümkünlüyü yoxlanılan şikayət üzrə mübahisələndirilən İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməklə, iş üzrə qərar İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq elektron qaydada çıxarılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında isə göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Belə olan halda, hesab edirəm ki, inzibati xətalar qanunvericiliyində aidiyyətlə bağlı normalar nəzərdə tutulsa da, inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə öz qərarı ilə həmin işi məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməsi müvafiq norma ilə tənzimlənmədiyindən qanun analogiya üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar bir məhkəmədən digərinə əsaslandırılmış qərarla göndərilməlidir. Məhkəmə digər məhkəmədən aidiyyət qaydasında göndərilmiş cinayət işini və ya digər materialı mübahisəsiz, şərtsiz olaraq icraatına götürməlidir. Lakin, bu, heç də o demək deyildir ki, cinayət işini və ya digər materialı alan məhkəmə aidiyyət qaydaları pozulmuş olsa da belə, həmin işə və ya digər materiala hökmən baxmalıdır, çünki Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsi və CPM-in 29-cu maddəsi məhkəmə aidiyyətinin qanunsuz olaraq pozulmasını qadağan edir, həmin norma işin və ya digər materialın göndərildiyi məhkəməyə həmin işi və ya materialı geri qaytarmağı qadağan edir. Ona görə də işi və ya digər materialı digər məhkəmədən almış məhkəmə hazırlıq iclası zamanı işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə dərhal öz qərarı ilə həmin işi və ya materialı məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməlidir. Apellyasiya instansiyası məhkəməsinin sədri öz qərarı ilə həmin işi və ya digər materialı aid olduğu məhkəməyə göndərəcəkdir. İstinad olunan normaların tələblərini, işin faktiki hallarını nəzərə alaraq, belə hesab edirəm ki, şikayətə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması üçün hər hansı hüquqi əsas yoxdur, şikayətə ehtimal olunan xətanı törətmiş və barəsində elektron qərar çıxarılmış X1 yaşadığı yerin yurisdiksiyasında yerləşən məhkəmə tərəfindən baxılmalıdır. Lakin inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə, özünün materialı onu göndərmiş məhkəməyə və ya digər aidiyyəti məhkəməyə göndərməsi qanunla qadağan edilir, ona görə hesab edirəm ki, material məhkəmə aidiyyətinə dair məsələnin həlli üçün məhkəmənin yurisdiksiya üzrə aid olduğu Bakı Apellyasiya Məhkəməsinin sədrinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 10 iyul 2025-ci il tarixli, EQ seriyalı, 29159917 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə dair material, işin ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həlli üçün, Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5208/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5208/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver