Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5217/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 17 oktyabr 2023-cü il tarixdə, saat 18:45 radələrində ünvan 3 ünvanda polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və narkoloji müayinə zamanı qanunsuz olaraq narkotik vasitələrin istehlakı ilə məşğul olması müəyyən olunmuşdur. 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilən xüsusatları təsdiq edərək, özünü təqsirli bilərək izahatında bildirdi ki, o, hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, iki ildir ki, marixuana çəkir və istifadə edir. 17 oktyabr 2023-cü il tarixdə Nizami rayonu, E.Süleymanov küçəsində komputer oynamaq üçün kluba gedəndə iki nəfər mülki formada olan polis işçisi ona yaxınlaşıb özlərini təqdim edib, ondan şübhələndikləri üçün 24-cü PŞ-yə dəvət etmişlər. Polis şöbəsində onla söhbət edərək ondan narkotik vasitədən istifadə etdiyini soruşmuşlar. O da marixuana çəkdiyini bildirmiş, müalicə alacağını və sonra marixuana çəkməyəcəyini söz vermişdir. Məhkəmədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2 bildirdi ki, Şəxs, 17 oktyabr 2023-cü il tarixdə, saat 18:45-də radələrində ünvan 3 ünvanda polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və narkoloji müayinə zamanı qanunsuz olaraq narkotik vasitələrin istehlakı ilə məşğul olması müəyyən olunmuşdur. Bundan sonra o, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli, 2988 nömrəli aktdan görünür ki, Şəxs sidikdə OPİ aşkar edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkməsini iş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 18 oktyabr 2023-cü il tarixli, 6659 saylı rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, habelə Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 18:45də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 17 oktyabr 2023-cü il, saat 18:45-dən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərar inzibati həbs hissəsində dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-5217/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5217/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver