Məhkəmə qərarları › İş №3(007)-522/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-522/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-522/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyinin 06 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı Nəqliyyat Agentliyinin 06 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti, “Q.Qarayev” materostansiyasının yaxınlığında Bakı Nəqliyyat Agentliyi tərəfindən 20 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 124.5ci maddəsində isə dayanma və durmaya görə cərimə yazılması qaydası göstərilmişdir. Prosedur ondan ibarətdir ki, dayanma və durmanı pozmaqla aşkar olunmuş avtomobillər üzrə qərar verən səlahiyyətli orqan DYP-nin əməkdaşlarıdır. Buna görə BNA-nın hər bir halda cərimə yazmasını qanunsuz hesab edir və ona yazılan BNA ******* nömrəli qərarının ləğv olunmasını, ona dəymiş ziyanın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 yazılı vəsatət verərək işi və xəstəliyi ilə bağlı müxtəlif səbəblərdən Bakı Nəqliyyat Agentliyinin 06 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayət vermə müddətini ötürdüyünü göstərmiş və həmin müddətin bərpa olunaraq şikayətinə baxılmasını xahiş etmiş, eyni zamanda şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi gəlməmiş, lakin yazılı müraciət göndərərək, göstərmişdir ki, X5 şikayət vermək müddətini ötürülməklə şikayət vermişdir. Belə ki, BNA WEB Portalından çıxarışdan aydın olur ki, törədilmiş inzibati xəta barədə sms məlumat şəxsin mobil telefon nömrəsinə (***-***-**-**) 06 yanvar 2022-ci il tarixdə çatdırılmışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın (X1 şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarı). Həmçinin diqqətə alınmalıdır ki, müddət institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək və s. baxımından əhəmiyyətlidir. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk növbədə qərardan şikayət vermiş X3 06 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpası barədə vəsatətinə münasibətdə qeyd edir ki, o, mübahisələndirilən qərardan şikayəti 26 yanvar 2023-cü il tarixdə vermişdir, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədə əsasən isə törədilmiş inzibati xəta barədə SMS məlumat X3 mobil telefon nömrəsinə (***-***-**-**) 06 yanvar 2022-ci il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin istifadəçisi X3 elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında SMS məlumat 06 yanvar 2022-ci il tarixdə çatdırıldığından foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə 06 yanvar 2022-ci il tarixdə aşkar edilən inzibati tənbeh vermə haqqında qərar həmin vaxtdan ona rəsmi qaydada verilmiş hesab olunur. Lakin, məhkəmə vəsatətdə qeyd olunanları, işin faktiki hallarını, X3 onun barəsindəki inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirə bilmək hüququnu nəzərə alaraq, belə qənaəti gəlir ki, qərardan şikayət vermə müddəti üzrlü səbəbdən buraxılmış hesab edilərək, ona münasibətdə həmin müddət bərpa edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyinin 06 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hikvision” markalı, DS-2DF8236İX-AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəkilə əsasən Nizami rayonu, Q.Qarayev prospektində (Q.Qarayev m/st yanı) 06 yanvar 2022-ci il tarixdə saat 14:49:55-də dayanma-durma qaydalarını pozduğuna görə, “Kia Ceed minik” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X2 idarə etdiyi “Kia Ceed minik” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 06 yanvar 2022-ci il tarixdə saat 14:49:55-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, “Q.Qarayev” m/st yaxınlığında dayanma-durma qaydalarını pozması işdə olan “Hikvision” markalı, DS-2DF8236İX-AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidi; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X4 istifadəsində olan “Kia Ceed minik” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni 06 yanvar 2022-ci il tarixdə saat 14:49:55-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, “Q.Qarayev” m/st yaxınlığında nəqliyyat vasitəsi ilə dayanma-durma qaydalarını pozmaqla müşayiət edilən hərəkətinə görə onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. X2 irəli sürdüyü dəlillər isə qərarın ləğv edilərək işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 124.5 və 124.6-cı maddələri üzrə aparılır, bu baxımdan Bakı şəhəri ərazisində quraşdırılmış və sözügedən Agentlik tərəfindən nəzarət olunan müşahidə kameraları ilə qeydə alınmış dayanma və durma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin həmin kameralar vasitəsi ilə aşkar olunması, inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar olunmasını təsdiq edən haldır, ona görə də belə xətalara dair işlərin icraatı Azərbaycan Respublikası İXM-nin 124-cü maddəsinin tələbləri əsasında aparılır ki, hazırkı iş üzrə inzibati araşdırma da həmin qaydada aparılmışdır, ona görə qərardan şikayət vermiş şəxsin irəli sürdüyü dəlillər qeyd olunan hissədə də əsassızdır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 06 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1 və 135.1-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Məhkəmə şikayətin dəymiş ziyanın tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin məsələ inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmasının predmeti deyildir, ona görə hər hansı münasibət bildirilmir, müvafiq əsaslar olduqda, marağına toxunan şəxs bununla bağlı məsələni aidiyyəti üzrə ayrıca mübahisələndirə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin, X2 Bakı Nəqliyyat Agentliyinin 06 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxılmış hesab edilərək, ona münasibətdə şikayət vermə müddəti bərpa edilsin. X2 Bakı Nəqliyyat Agentliyinin 06 yanvar 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar