Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5221/2025 08.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, 17314473 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, 17314473 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 21 avqust 2025-ci il tarixdə saat 12 radələrində **-QZ-*** dövlət qeydiyyat nişanlı “Changan Uni-Z” markalı avtomobili üzü Heydər Əliyev prospekti istiqamətində aeroport yolu ilə idarə etdiyi zaman **-YP-*** nömrəli YPX avtomobili tərəfindən saxlanılmışdır. Onu saxlayan polis serjantı İlqar Cəbrayıllı kameradan baxıldığını və “saxlama əmri” verildiyini, idarə etdiyi avtomobilin duracağa təmin olunacağını bildirmişdir. Daha sonra sənədlərini istəmiş, sürücülük vəsiqəsini və öz adına olan avtomobilinin texniki pasportunu X3ya təqdim etmişdir. X3 əlindəki planşet vasitəsilə vəsiqəsindəki şəxsi məlumatlardan istifadə edərək axtarış etmiş və planşetin ekranında əks olunan şəxsi məlumatlarla fotoşəkilini ona göstərib şəxsiyyətini təyin etmişdir. O da ekranda çıxan məlumatların ona aid olduğunu təsdiq etmişdir. Daha sonra X3ya bildirmişdir ki, avtomobilinin cərimə meydançasına aparılması üçün heç bir əsas yoxdur və onun tələbi qanunsuzdur. X3 isə kameralar vasitəsilə müşahidə olunaraq, avtomobilinin saxlanılaraq duracağa yerləşdirilməsi əmri verildiyini bildirmişdir. Daha sonra Post Patrul Xidməti çağıracağını demişdir. O isə heç bir etirazının olmadığını və 102 qaynar xəttinə zəng vuraraq şikayət edəcəyini bildirmişdir. X3 xidməti avtomobilinə əyləşmiş, o isə 102 qaynar xəttinə hadisə ilə bağlı məlumat vermiş və avtomobilində gözləməyə davam etmişdir. Bir qədər sonra Post Patrul Xidməti avtomobili yaxınlaşmışdır. Elyaz adlı Post Patrul Xidməti əməkdaşı məsələnin nə ilə əlaqəli olduğunu ondan soruşmuş və bir daha ona da bildirmişdir ki, YPX inspektoru İlqar Cəbrayıllının tələbi qanunsuzdur. Post Patrul Xidməti əməkdaşı bildirmişdir ki, çağırış əsasında gəliblər, ya o avtomobilini özü idarə edərək duracağa aparmalıdır, ya da onlar onu Post Patrul Xidməti avtomobilində aparacaqlar. Post Patrul Xidməti əməkdaşına bildirmişdir ki, heç bir etirazı yoxdur və öz avtomobilini idarə edərək tələb olunan yerə gedəcəkdir. Sadəcə 1 dəqiqə vaxt verilməsini, YPX inspektorunun qanunsuz tələbi ilə öz avtomobili ilə duracağa gedəcəyi barədə məlumatı 102 qaynar xəttindəki şikayətinə əlavə etdirmək istədiyini demişdir. Post Patrul Xidməti inspektoru etiraz etməmiş, o isə yenidən 102 qaynar xəttinə zəng vuraraq qeyd olunan məlumatı vermişdir. Telefonla danışığı hələ bitməmiş X3 avtomobilinin qapısını açaraq düşməyini tələb etmiş, bu an telefonunda 102 ilə danışıq hələ aktiv olmuşdur. Etiraz etmədiyini bildirmiş və avtomobildən düşmüşdür. Buna baxmayaraq X3 qolundan dartaraq və onu itələyərək Post Patrul Xidməti avtomobilinin yük hissəsindəki oturacağa əyləşdirmiş, əlindəki telefonunu almış və qışqıraraq xətdə açıq qalan 102 ilə danışığı sonlandırmağını istəmişdir. Sonra X3 özü telefondakı danışığı sonlandırmış və telefonunu söndürüb YPX avtomobilinin saxlanc yerinə (bardaçokuna) atmışdır. Daha sonra X3 qışqıraraq avtomobilinin açarını istəmiş o, açarın avtomobilində olduğunu demişdir. X3 gedib açarı maşınından götürmüş, 1-2 dəqiqə sonra Post Patrul Xidməti əməkdaşı qapını açaraq onu avtomobildən düşürmüşdür. Bütün hadisə ərzində Post Patrul Xidməti əməkdaşı çox mədəni və anlayışlı rəftar etmişdir. X3 isə yüksək səslə qışqıraraq küçə danışığı tərzində “İndi səni apararam ştrafnoya, 10 saat gözləyərsən, ağlın başına gələr”, “İndi evakuator çağırıb maşınını apartdıraram, 50 manat evakuatora pul ödəyərsən, ağlın başına gələr” deyərək onu təhdid etməyə başlamışdır. O isə səs tonunu yüksəltmədən, təmkinlə və etik normalar çərçivəsində ondan niyə qışqırdığını soruşmuş və demişdir ki, onunla normal tərzdə, mədəniyyət və etika çərçivəsində danışmalıdır. Bu vaxt qarşında dayanaraq “Mənə mədəniyyətsiz deyirsən? Mədəniyyətsiz sənin böyüyündür” deyərək onu təhqir etmişdir. O isə ona burda cavab verməyəcəyini, onun bu təhqirinə qanun çərçivəsində cavab verəcəyini demişdir. Daha sonra ona bildirmişdir ki, sərxoş deyildir, avtomobili saz vəziyyətdədir və hara deyirsə etiraz etmədən gəlməyə razı olduğu halda avtomobilinin evakuatorla aparılmasına heç bir əsas yoxdur. Bir qədər düşündükdən sonra açarı qaytarmış və arxasınca sürməyini istəmişdir. Post Patrul Xidməti əməkdaşı ilə sağollaşıb hadisə yerindən ayrılmışdır. Avtomobilinə əyləşmiş, YPX avtomobilinin arxasınca sürərək Nizami rayon DYPİ-nə getmiş və avtomobilini duracaqda park etmişdir. Daha sonra X3 yenidən öz xidməti avtomobilinə əyləşməyini istəmiş, avtomobilə əyləşmişlər. O, ona idarədəki 3-cü otağa yaxınlaşıb məsələsini həll etməyi və 102 qaynar xəttinə etdiyi şikayəti geri götürməyini istəmişdir. Əks halda avtomobilinin buraxılmayacağını bildirmişdir. O, 3-cü otağa yaxınlaşmış, orada Məbud adlı mülki geyimli şəxs onu qarşılamış və bildirmişdir ki, avtomobilinin buraxılması üçün izahat yazmalı və 102-yə etdiyi şikayətini geri götürməlidir. O isə qanunsuz saxlanıldığını, X3 tərəfindən onun təhqir olunduğunu və buna görə şikayət etdiyini və şikayətini geri götürməyəcəyini demişdir. Daha sonra ondan aşağıya enib X3nın gəlməsini gözləməyini istəmişdir. Gözlədiyi vaxt ərzində X3 dəfələrlə idarəyə gəlib getmiş, sonrakı gəlişində bir daha yaxınlaşıb məsələnin onunla həll olunmalı olduğunu demişdir. Yenidən X3nın xidməti avtomobilinə əyləşmişlər. Bir daha şikayətini geri götürməsə avtomobilini buraxmayacağını demiş, ona məsləhət görmüşdür ki, hətta 102-yə zəng edib ondan pul istədiyinə görə şikayət edə bilər. O isə cavabında demişdir ki, “belə söhbət olmayıb, nəyə görə böhtan atmağımı məsləhət görürsünüz?”. Sonra maşınını buraxmayacağını, gözləməyinin mənasız olduğunu, həftənin birinci günü gəlməyini bildirmişdir. O, idarənin həyətində skamyada oturub gözləməyə davam etmiş, sonra 902 qaynar xəttinə zəng vuraraq məsələ ilə bağlı məlumat vermişdir. Ona bildirmişlər ki, onun və avtomobilinin orada saxlanılması yolverilməzdir. Telefondakı 902 qaynar xəttinin əməkdaşı telefon danışığını sonlandırmadan onu Nizami rayon DYPİ-sinin rəisi ilə danışdırmağı istəmişdir. Növbətçi hissəyə yaxınlaşmış, ona rəisin naharda olduğunu idarədə olmadığını, yenidən 3-cü otağa yaxınlaşmalı olduğunu bildirmişlər. Orada da X3 ilə məsələni həll etməli olduğu bildirilmiş, yenidən həyətdə gözləməyə başlamışdır. Bir müddət sonra növbətçi gəlib 6-cı otağa yaxınlaşmağını istəmiş, orada mülki geyimli bir nəfər onu qəbul edərək dinləmişdir. O da bildirmişdir ki, onu X3 ilə barışdırıb maşınını qaytara bilər, amma mütləq 102-yə edilən şikayəti geri götürməlidir. O isə inspektorun onu təhqir etdiyini, əsassız yerə saxladığını və avtomobilini qanunsuz olaraq duracağa yerləşdirdiyini, buna görə şikayət etdiyini və şikayəti geri götürməyəcəyini bildirmişdir. Yenidən idarənin həyətində gözləməyə davam etmişdir. Bir qədər sonra X3 idarəyə gəlmiş və onu Post Patrul Xidməti vasitəsilə bölməyə aparacaqlarını demiş, o isə etiraz etməmişdir. Yenidən 102-yə zəng vuraraq hadisələrin gedişatı ilə bağlı məlumat vermişdir. Bir qədər sonra Post Patrul Xidməti avtomobili gəlmiş, inspektor yenidən telefonunu əlindən almış və onu Post Patrul Xidməti avtomobilinin yük hissəsində əyləşdirmiş, o, heç bir etiraz etməmişdir. X8 Xidməti əməkdaşlarından etiraz etmədiyi halda nə səbəbə onu yük yerində otuzdurduqlarını soruşmuşdur. Onlar cavabında idarənin qarşısında kameralar olduğu üçün belə etməyə məcbur olduqlarını, uzaqlaşdıqdan sonra onu salondakı arxa oturacağa keçirəcəklərini bildirmişlər. Belə də etmişlər. Daha sonra 25-ci Polis Bölməsinə gətirilmişdir. Burada X3 və Post Patrul Xidməti əməkdaşından raport alınmışdır. Otağa bir polis mayoru gəlmiş və niyə gətirildiyini soruşmuş, o baş verənləri danışmış və bura niyə gətirildiyini bilmədiyini demişdir. Bu vaxt raport yazmağa davam edən X3 isə “Sən dayan! İndi biləcəksən niyə burdasan!” deyə qışqıraraq onu yenidən təhdid etmişdir. Daha sonra soyadını bilmədiyi həmin polis mayoru Şamil onu dinləmiş, ondan X3nın yazdığı raportu oxumağını istəmişdir. Raportda qeyd olunmuşdu ki, guya o, manevr qaydasını pozduğuna görə saxlanılmış, şəxsiyyətini təyin etmək üçün idarəyə dəvət olunmuş, tabesizlik göstərmiş və ünvansız nalayiq ifadələr işlətmişdir. Oxuyub çox böyük məyusluq keçirdərək polis mayoru Şamilə yazılanların tamamilə böhtan olduğunu bildirmişdir. O, avtomobili manevr qaydasının pozulmasına görə yox, YPX inspektorunun dediyinə əsasən kameradan baxılıb və avtomobilinə “saxlama əmri” verildiyinə görə saxlanıldığını, şəxsiyyətini təyin etmək üçün deyil, avtomobilini duracağa aparmaq üçün idarəyə gətirildiyini bildirmişdir. Bundan əlavə o, saxlanıldığı zaman sürücülük vəsiqəsini və texniki pasportunu təqdim etmişdir. İnspektor planşet vasitəsilə şəxsiyyətini müəyyən etmiş və fotoşəkilini ona göstərmişdir, yəni şəxsiyyəti yerində təyin olunmuşdur. Həmin gün X3 ilə ilk qarşılaşmasından etibarən onun və digər polis əməkdaşlarının bütün göstərişlərinə etirazsız əməl etmiş, heç bir halda heç bir tabesizlik etməmişdir. Təbiətcə sakit və mədəni insan olduğuna görə heç bir halda nalayiq ifadə işlətməmişdir. Bundan əlavə Post Patrul Xidməti əməkdaşları, idarənin 3-cü otağındakı Məbud, 6-cı otaqdakı mülki geyimli şəxs, onu bölməyə gətirən Post Patrul Xidməti əməkdaşları, 25-ci Polis Bölməsindəki mayor Şamil bəy hamısı onunla söhbətdə necə təmkinli və mədəni olduğunu təsdiqləmişlər. Sonra mayor Şamil bəy ondan Nizami rayon Polis İdarəsinin rəisinin adına ərizə yazmağını istəmişdir. Ərizəni yazarkən digər otağa aparılaraq barmaq izlərinin elektron surəti götürülmüşdür. Daha sonra geri qayıdıb 6 səhifəlik ərizəsini tamamlamış və həmin polis mayoru Şamil bəyə təqdim etmişdir. Bu zaman polis mayoru Şamil bəy İXM-in 510-cu maddəsinə əsasən barəsində protokol tərtib olunacağını və 50 manat cərimə olunacağını, cərimənin YPX əməkdaşları tərəfindən ödəniləcəyini, narahatlığa əsas olmadığını bildirmişdir. O isə iddialarla razı olmadığını, böhtanla üzləşdiyini və X3nın böhtan xarakterli raportu əsasında barəsində protokol tərtib ediləcəyi halda cənab nazir Vilayət Eyvazova şikayət edəcəyini demişdir. Bundan sonra mayor Şamil bəy protokolu yazmağı dayandırmış, bir qədər sonra telefonunu qaytarmışlar. Telefonunu açdıqda SMS vasitəsilə barəsində MN2194228 və İXP7360238 nömrəli protokolların tərtib olunduğunu görmüşdür. Daha sonra ona Nizami rayon DYPİ-yə qayıdıb maşınını duracaqdan götürə biləcəyini demişdir. Nizami rayon DYPİ-nə qayıtmış, növbətçi orada kimsənin olmadığını demiş, sonra X3 gəlmiş, 3-cü otağa keçmişlər. Qarşısına üzərində “İzahat” yazılan vərəq qoymuş və diktə ilə dediklərini yazmağını tələb etmişdir. O isə hadisələri olduğu kimi yazmaq istədiyini demiş və onun diktə etdiyi sözlərə əhəmiyyət vermədən hadisəni əslində olduğu kimi yazmağa başlamışdır. İzahatı yazdıqdan sonra X3 yazdıqlarını oxumuş, razılaşmamış, yazdıqlarını cırıb atmış və əgər dediyi kimi yazmasa və 102-yə etdiyi şikayətini geri götürməsə maşınını qaytarmayacağını bildirmişdir. O, bu cür təzyiq altında heç bir yalan izahat yazmayacağını bildirmişdir. X1 25-ci PB-də yazdığı raportunda niyə ona böhtan atdığını soruşmuş, o, istehza ilə gülümsəmiş və cavab verməmişdir. Bir daha çox böyük təəssüf hissi yaşamış və sonra otağı tərk etmişlər. Öz qara rəngli “Toyota Prado” markalı mülki avtomobilinə əyləşərək getmişdir. İdarənin qarşısında dayanarkən növbətçi ona artıq gec olduğunu və sabah gəlməyini demişdir. Səhərisi gün Nizami rayon DYPİ-nə dostu ilə birlikdə yenidən getmiş, yenə 3-cü otağa yaxınlaşmış, orada polis mayoru Hüseyinov Hüseyin və mülki geyimli Məbud bəy olmuşdur. Orada yalnız 102-yə etdiyi şikayətini geri götürsə maşınını qaytaracaqlarını bildirmişlər, o isə şikayətini geri götürməyəcəyini söyləmişdir. Otaqdan çıxıb gözləməyini istəmişlər. Bir qədər sonra polis mayoru Hüseyinov Hüseyin onu yenidən otağa çağırıb sənədlərini qaytarmış və avtomobilini götürə biləcəyini bildirmişdir. O da təşəkkür edib otağı tərk etmişdir. 7 manat parklanma haqqı ödəyib avtomobilini duracaqdan çıxarmışdır. Barəsində tərtib olunan qanunsuz protokolların ləğv olunması, ona qarşı edilmiş haqsızlığın və ona atılan böhtanın araşdırılıb qanunu tədbir görülməsi barədə 102 qaynar xətti vasitəsi ilə şikayət və DİN web səhifəsi vasitəsi ilə elektron müraciət ünvanlamışdır. Bundan əlavə olaraq “Asan Pay” portalı vasitəsiylə barəsində tərtib olunan İXP7360238 nömrəli protokolun qanunsuz olduğunu, iddia edilən inzibati xətanın törədilməsi barədə heç bir foto və video materialın protokola əlavə edilmədiyini, əsassız iddia edilən inzibati xətanın törədildiyi yerin Heydər Əliyev prospekti qeyd olunduğu, halbuki YPX inspektoru İlqar Cəbrayıllının avtomobilini aeroport yolunda saxladığını qeyd edərək hadisə yerinin peyk görüntülərini də əlavə etməklə şikayət ünvanlamışdır. Bir müddət sonra barəsində tərtib olunan MN ******* digər protokolun “Asan Pay” portalından silindiyini görmüş, sonradan “Asan Pay” portalında həmin protokol nömrəsi ilə axtarış edərkən bu protokolun cəriməsinin artıq ödənildiyini görmüşdür. Protokol nömrəsini ondan başqa heç kim bilmir və o, bu cərimələri ödəməmişdir. Cərimənin nə məqsədlə və kimin tərəfindən ödənildiyi ona məlum deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən onu qanunsuz saxlayan, təhqir edən, böhtan atan YPX inspektoru İlqar Cəbrayıllı barəsində lazımi tədbirlərin görülməsini, X3nın böhtanlarını əsas tutaraq heç bir məhkəmə və ya onun yalan iddialarını sübuta yetirəcək faktlar olmadan barəsində tərtib olunan MN ******* nömrəli protokolun cəriməsinin ona məlum olmayan şəxslər tərəfindən nə məqsədlə ödənilməsinin araşdırılmasını, barəsində tərtib edilmiş “xırda xuliqanlıq” barədə protokol əsasında qəbul edilmiş MN seriyalı, 17314473 nömrəli qərarın ləğv olunmasına dair müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, 17314473 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 barəsində tərtib edilmiş 21 avqust 2025-ci il tarixli, MN seriyalı, 17314473 nömrəli protokola əsasən o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. X2 barəsində qəbul olunan xx.xx.2025-ci il tarixli, MN seriyalı, 17314473 nömrəli inzibati tənbeh vermə haqqında qərarda onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunsa da, xətanın törədildiyi konkret yer, xətanın mahiyyəti və iş üzrə müəyyən edilmiş hallar göstərilməmişdir. Ona görə də, X2 xırda xuliqanlığın əlamətlərini özündə daşıyan məhz hansı xətanı törətməsi, xətanın hansı əməllərlə müşayiət olunduğu aydın deyildir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur Maddənin tövsifedici əlaməti hesab olunan müddəadan da görünür ki, xırda xuliqanlıq adlanan xətanın baş verməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması, əməlin xırda xuliqanlıq hesab edilməsi üçün ictimai qayda pozulmalı, lakin bu qayda pozuntusu fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə müşayiət edilməməlidir. Hansı ki, X5 tərəfindən 21 avqust 2025-ci il tarixdə belə əlamətlərlə müşayiət olunan inzibati xətanın törədilməsinə dair hər hansı sübut əldə olunmamış və inzibati araşdırma zamanı qiymətləndirilməmişdir. Hansı ki, İXM-nin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, 17314473 nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin rəisi X4 tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X2 barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, 17314473 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, 17314473 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5221/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5221/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver