Məhkəmə qərarları › İş №3(007)-5242/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5242/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5242/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 8, mənzil 12 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, EP №0190462 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötəri ki, Şəxs MMC 55000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 55000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC və “X3 Ticaret Limited Sirketi” (Turkiyə) şirkəti arasında ümumi məbləği 2 432 500,00 ABŞ dolları məbləğində L-28/1 saylı uzunmüddətli Müqavilə imzalanmışdır. 2022-2024-cü illər ərzində təxminən 2385000,00 ABŞ dolları məbləğində mal idxal edilərək rəsmiləşdirilmişdir. Son zamanlar qiymətlərin artması və daşımada yaranmış problemlərlə bağlı malların çatdırılmasında yubanmalar baş vermişdir. Müqavilə üzrə daşınma öhdəçiliyi (CİP daşıma) “X3 Ticaret Limited Sirketi” üzərində olduğu və buna görə həmin şirkətə tərəflərindən vəsait ödənilməsi səbəbindən şirkətləri İcraçının qərarına uyğun gözləmə mövqeyi tutaraq, danışıqlar aparmağa məcbur olmuşdur. Qiymətlərin artması zəminində yaranmış vəziyyətlə əlaqədar olaraq, yəni 14 oktyabr 2022-ci tarixli 348500,00 və xx.xx.2022-ci il tarixli 55000,00 ABŞ dolları məbləğində ödənişlər üzrə, “X3 Ticaret Limited Sirketi” malların Müqaviləyə uyğun olaraq növbəti mərhələdə göndərilməsi haqqında şirkətimizə məlumat vermişdir. Uzun sürən danışıqlardan sonra “ X3 Ticaret Limited Sirketi” 06 avqust 2024-cü il tarixdə 385381,19 ABŞ dolları həcmində malı ünvanımıza göndərmişdir. 2024-cü ilin sentyabr-oktybar aylarında qonşu ölkədə yaranmış gərgin beynəlxalq vəziyyətlə əlaqədar daşıyıcı gəmi 20- 25 gün ərzində Bəndar Abbas (İran) limanına yan ala bilməmişdir. Bunun nəticəsində yubanma baş vermiş və yükləri vaxtında ünvana çatmamışdır. Bundan əlavə mallar 5 maşına yüklənərək Azərbaycana göndərilsə də, COP-29 tədbirlərinin keçirilməsi ilə əlaqədar iritonnajlı maşınların Azərbaycan sərhədlərindən keçidi kəskin surətdə məhdudlaşdırılması səbəbindən mallar əlavə olaraq yubanmaya məruz qalmışdır. Yaranmış bütün çətinliklərə və problemlərə baxmayraq, Şəxs MMC gömrük rəsmiləşdirilməsini həyata keçirməyə nail olmuşdur. Beləliklə 5 bəyannamə üzrə idxal edilən malların ümumi həcmi 385381,19 ABŞ dolları təşkil etmişdir. Bundan əvvəl idxal edilmiş mallar üzrə bank tərəfindən bağlanmamış qalıq məbləği də nəzərə alınsa, avans üzrə idxal edilmiş malların ümumi həcmi 396727,35 ABŞ dolları təşkil etmişdir. Beləliklə 348500,00 ABŞ dolları üzrə avans ödənişi tam, 55000 ABŞ dolları məbləği üzrə avans ödənişi isə qismən (6772,65 ABŞ dolları qalıq), yəni 48227,35 ABŞ dolları məbləğində bağlanmışdır. 348500,00 və 55000,00 ABŞ dolları məbləğində avansların bağlanması haqqında arayış müvəkkil bankdan alınmışdır və tərəfimizdən təqdim edilən iş materiallarına əlavə edilmişdir. Onların şirkətləri 17 ildir ki, fəaliyyət göstərir və 100-dən çox idxal-ixrac əməliyyatı həyata keçirmişdir. Bunun müqabilində dövlət büdcəsinə milyonlarla vəsait köçürülmüşdür. Şirkət bütün hallarda qanunvericiliyin tələblərinə sadiqdir və qanunazidd əməllər törətməkdən çəkinir. Bununla yanaşı, son zamanlar beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı həddindən artıq risklər meydana gəlməsinə baxmayaraq, şirkət həmin riskləri idarə etməyə çalışır. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn forsmajor, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Hazırki halda qeyd olunanlara əsasən şirkət tərəfindən xaricə ödənilmiş məbləğlərə görə malların çox hissəsinin vaxtından əvvəl (85%) idxal edilməsini, digər hissəsinin isə obyektiv səbəblərdən yubanmasına baxmayaraq idxal edilməsini nəzərə alaraq İXM 430.4-cü maddəsinin tətbiq edilməməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2710 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində köçürülmüş 348500 ABŞ dolları məbləğində avans ödənişi **********9959, **********9951, **********8670, **********9937, **********9955 nömrəli bəyannamələr ilə tam şəkildə, xx.xx.2022-ci il tarixli 55000 ABŞ dolları **********9955, **********244 saylı bəyannamələr ilə qismən (48227.35 ABŞ dolları) şəkildə bağlanılmışdır. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar