Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5246/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonunun İkinci Şahsevən kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi ev 87-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 20 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 03:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, “LC Waikiki” mağazasının qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, sürücü Şəxs avtomobili idarə edərkən mobil telefondan istifadə etdiyinə görə yol polisi əməkdaşları tərəfindən saxlanılmış, lakin, o, heç bir sənəd təqdim etməyərək və özü barədə düzgün məlumat verməyərək qaçmaq istəyərkən saxlanılmışdır. Şəxs yazılı izahatında da bu faktı etiraf etmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 20 oktyabr 2023-cü il tarixdə 03:20 radələrində idarə etdiyi “Fiat Doblo” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, “LC Waikiki” mağazasının qarşısında yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt o, mobil telefonla danışmışdır və nə danışdığını yol polisi əməkdaşlarının eşitməməsi üçün onlardan bir az aralanmışdır. Lakin, yol polisi əməkdaşı onun yanında danışmasını, qaçmamasını demişdir. O isə qaçmadığını, sadəcə telefonla danışmaq üçün aralandığını demişdir. Bundan başqa o, polislərin hansısa tələbini yerinə yetirməkdən yayınmamışdır. Həmin vaxt o, içkili olmuş, ona görə polislərlə sözlü mübahisələri yaranmışdır. Bu əməlinə görə isə səhv etdiyini başa düşür. Sonra o, polislərə ona güzəştə getmələrini demiş, buna baxmayaraq yol polisləri post-patrul əməkdaşlarını çağırmış və onu 25-ci polis şöbəsinə aparmışlar. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin əməkdaşları Tural Alızadə və Tural Həsənovun 20 oktyabr 2023cü il tarixli birgə raportlarından görünür ki, 20 oktyabr 2023-cü il tarixdə saat 03:20-də “Neftçilər” ərazisində xidmətdə olduqları vaxt “Fiat Doblo” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxlama işarəsi vermişlər. Avtomobilin sürücüsü maşını saxlasa da heç bir sənəd təqdim etməyərək və özü barədə düzgün məlumat verməyərək qaçmaq istəyərkən sürücünü saxlayıb PPX-dən kömək istəmişlər. Sonra onların köməyi ilə həmin sürücünü PŞ-nin NH-yə təhvil vermişlər. Şəxsiyyəti sonradan məlum olan sürücü Şəxs barəsində aidiyyəti üzrə tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin post-patrul xidməti bölüyünün əməkdaşları S.Abbasov və E.Pənahlının 20 oktyabr 2023-cü il tarixli birgə raportlarından görünür ki, 20 oktyabr 2023-cü il tarixdə 3 saylı patrul sektorunda xidmətdə olduqları vaxt saat 03:20 radələrində Q.Qarayev prospektində, “LC Waikiki” mağazasının qarşısında yol polisinə sürücünün tabesizliyi ilə bağlı “Kəmərli” kömək etmələrini göstəriş vermişdir. Onlar həmin yerə yaxınlaşıb 496 nömrəli YPX avtopatruluna bir nəfər sərxoş sürücünün YPX əməkdaşlarına tabe olmadığını görmüşlər. Sürücü həmin yerdən qaçaraq uzaqlaşmağa çalışanda onlar sürücünü tutub 25-ci PŞ-nə dəvət etmişlər. Həmin sürücü Şəxs barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatında göstərilənlərlə bağlı qeyd edir ki, həmin şəxsin irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xəta törətmiş şəxs izahatında içkili olduğunu göstərsə də həmin faktı təsdiq edən tibbi sənəd təqdim edilmədiyinə görə məsuliyyəti ağırlaşdıran hal qismində nəzərə alınması üçün əsas olmamışdır. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 20 oktyabr 2023-cü il tarixdə saat 03:30-da tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5246/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5246/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver