Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5249/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxs – Bakı şəhəri Nizami rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X2, tərcüməçi X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Ukrayna Respublikasında anadan olmuş, Ukrayna Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə Azərbaycan Respublikasının DİN Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:50 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində “Kia Morning” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarında istifadə qaydalarını pozduğuna görə saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətmədiyini və qanunu pozmadığını bildirdi. Göstərdi ki, 17 oktyabr 2023-cü il tarixində idarə etdiyi Kia Morning minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu ərazisində YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Hərəkətdə olarkən qayda pozuntusu etmədiyi və reyd olmadığı halda onu dayandıraraq alkotesterlə müayinə etmiş və 0,5 promil içkili olduğunu bildirmişlər, içki qəbul etmədiyini və etirazını bildirsə də, maşını yol polis idarəsinin qarşısına apararaq, onu bölməyə dəvət etmişlər. Azərbaycan dilini yaxşı bilmədiyi halda o tərcüməçi ilə təmin edilməmiş, ona izahat yazdırıb qol çəkdirilmiş və bildirmişlər ki, maşını buraxacaqlar. Daha sonra o, öz təşübbüsü ilə həkimnarkoloqun tibbi müayinəsindən keçmiş və ayıq olduğu öz təsdiqini tapmışdır. Bu barədə Nizami RPİ-nin DYPŞ-nə məlumat verdikdən sonra orada onun barəsində qanunsuz olaraq inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmişdir. Protokola və işinə məhkəmədə baxılmasını və sərxoş olmadığına görə avtomobilin ona verilməsi qeydini etdikdən sonra avtomobil ona qaytarılmışdır. Tibbi müayinə aktından göründüyü kimi o, sərxoş olmamış, sadəcə olaraq hüquqlarını və Azərbaycan dilini bilmədiyindən təqdim olunan sənədləri imzalamışdır. Hətta iş materiallarında olan izahatı belə polis əməkdaşlarının diktəsi ilə yazmışdır. Bütün bunları nəzərə alaraq Bakı şəhəri Nizami RPİnin DYPŞ-nin barəmdə AR İXM-nin 329.3 və 333.1-ci maddəsinə əsasən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqındaki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş şəxs – Bakı şəhəri Nizami rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:50 radələrində idarə etdiyi «Kia Morning» minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğundan şübhə edilərək alkotester vasitəsilə yoxlanılmış və nəticədə Şəxs sərxoş olduğu məlum olmuşdur. Daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs saxlanılarkən, izahatı alınarkən və barəsində protokol tərtib olunarkən tərcüməçi ilə təmin olunmamışdır. Həmçinin Şəxs ona içkili olmadığını və yalnız bir neçə gün öncə spirtli içki qəbul etdiyini bildirən zaman, o da öz növbəsində Şəxs spirtli içkinin orqanizmdə bir neçə gün boyunca qalmasını təsdiq edən videoçarxla tanış etmişdir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 333.1-ci maddəsi ilə məhkəməyə göndərilmiş materiallarda Şəxs həmin inzibati xətanın törətməsini təsdiq edən sübutlar kimi: inzibati xəta haqqında yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli alkotesterin nəticəsi olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli alkotesterin aparılması nəticəsində əldə edilmiş qəbzdən görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə, saat 07:48 radələrində müayinə aparılmış və nəticədə 0,677 % alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Məhkəmə iclası zamanı Şəxs təqdim etdiyi, özünün şəxsən xx.xx.2023-cü il tarixdə, saat 10:10 radələrində tibbi müayinədən keçərək əldə etdiyi “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 2/39581 saylı protokoldan görünür ki, Şəxs ayıqdır və onda alkoqol qəbulu əlamətləri yoxdur. Məhkəmə qeyd edir ki, iki tibbi müayinə aktı arasındakı qısa müddət fərqini nəzərə alaraq, belə qısa müddət ərzində barəsində inzibati xətaya dair icraat aparılan şəxs barəsində aparılmış tibbi müayinənin nəticələri arasında mövcud ziddiyyət, alkotesterin aparılması nəticəsində əldə edilmiş qəbzin düzgünlüyünü şübhə altına qoyur ki, bu da öz növbəsində barəsində inzibati xətaya dair icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Həmçinin barəsində icraat aparılan şəxsin tərcüməçi ilə təmin edilməməsi onun verdiyi izahatın həqiqiliyini şübhə altına qoymuş olur. Beləliklə, məhkəməyə göndərilmiş sübutlarla şəxsin qeyd edilən inzibati xətanı törətməsi qanunla müəyyən edilmiş, yəni hazırkı halda İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 329.3-cü maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinsin və iş üzrə icraata xitam verilsin. Şəxs İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5249/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5249/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver