Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5251/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə və onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:50 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsi DYPŞ-nin qarşısında yüksək səs tonu ilə ictimai asayişi pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş inzibati orqanın nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirdi ki, şəxs Nizami RYPŞ-nın əməkdaşları tərəfindən saxlanılmış, idarəsinin inzibati binasına təmin edilmiş, inzibati binada olarkən səs-küy salaraq idarənin iş rejimini pozmuş, qeyd olunan səbəbdən Nizami RPİ 25-ci PŞ-nə gətirilmiş və barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ inspektoru X5 çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Mikayıl Əliyev küçəsində qeyd olunan nəqliyyat vasitəsinə yaxınlaşmış, özlərini təqdim etmiş və nəqliyyat vasitəsinin sürücüsünü soruşduqda Şəxs yaxınlaşaraq nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. O, nəqliyyat vasitəsinin ön və arxa hissəsinə müdaxilə olunduğunu, ön tərəfinin yuxarı, arxa hissəsinin aşağıya doğru meylli olduğunu qeyd edib, nəqliyyat vasitəsini duracağa təmin etmişdir. Daha sonra şəxs Nizami RDYPŞ-nin inzibati binasında səs küy salmış, onu intizama dəvət etsələr də, tabe olmadığından ora PPXB əməkdaşları çağırıldı və şəxs bölməyə təmin olundu. Həmçinin öz çıxışında qeyd etdi ki, şəxs barəsində hal-hazırda qüvvədə olan 7 protokol mövcuddur, bu protokolların hamısı İXMnin 342.2-ci maddəsi ilə tərtib olunmuşdur. Şəxs nəqliyyat vasitəsi duracağa təmin olunduqdan sonra cəriməni ödəyir, müdaxilələr aradan qaldırılıb nəqliyyat vasitəsini normativ tələblərə uyğun vəziyyətdə gətirib, nəqliyyat vasitəsini duracaqdan çıxardıqdan sonra yenidən müdaxilələr edərək, konstruksiya dəyişikliklərinə yol verir. Beləliklə şəxs barəsində 11 dəfə İXM-nin 342.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Həmçinin şəxs konstruksiya dəyişikliyi olunmuş nəqliyyat vasitəsi ilə qəsdən xidmətdə olarkən polis inspektorlarına yaxınlaşır, qəsdən aşıq aşkar şəkildə nəqliyyat vasitəsini bizə nümayiş etdirir. Beləliklə həm xidmət aparmalarına mane olur, həm də cəmiyyətdə polis nüfuzuna xələl gətirən davranış sərgiləyir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ inspektoru X7 çıxış edərək X1 dediklərini təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd olunan nəqliyyat vasitəsi ona məxsus deyil, dostu Ramalın mülkiyyətindədir, nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. xx.xx.2024cü il tarixdə DYPŞ əməkdaşları yaxınlaşıb nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi edildiyini bildirib, nəqliyyat vasitəsinin duracağa təmin ediləcəyini bildirdilər. O da buna etiraz etməmiş və protokola müvafiq qeydlər aparmışdır. Bir neçə saat sonra DYPŞ əməkdaşları yaşadığı evə gəlmiş, ailə üzvləri bundan narahat olmuş, onların təkidi ilə könüllü Nizami DYPŞ inzibati binasına yaxınlaşmışdır. İnzibati binada olarkən tərəfindən qeyd olunan hərəkətlərə yol verilməmişdir. Protokol tərtib olunmasına səbəb isə Nizami Rayon YPŞ-nin rəisi Yusif müəllimdən müvafiq qurumlara şikayət etməsi olmuşdur. Belə ki, qeyd olunan nəqliyyat vasitəsi daha öncələr də duracağa yerləşdirilmiş, o da polisin hərəkətlərindən aidiyyəti qurumlara şikayət etmişdir. Bu səbəbdən ona qarşı qərəzli mövqedədir. Qeyd olunanlara əsaslanaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X8 məhkəməyə verdiyi izahatında Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmamasını, bunu təsdiq edən videogörüntünün təqdim olunmamasını nəzərə alaraq şəxs barəsində inzibati xətaya dair icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə oğlunun əməlində İXM-nin 510 və 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmamasını nəzərə alaraq şəxs barəsində inzibati xətaya dair icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri və Nizami RPİ DYPŞ-nin inspektorları tərəfindən 25-cü Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportlarla, xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolla, məhkəmə iclasında verilmiş ifadələrlə Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Həmçinin məhkəmə barəsində inizabti xətaya dair icraat aparılan şəxsin barəsində dəfələrlə İXM-nin 342.2-ci maddəsilə protokol tərtib olunmasını və şəxsin qəsdən eyni əməli təkrarən dəfələrlə törətməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır və qeyd etməyi zəruri hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. İş materiallarındakı xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5251/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5251/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver