Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5260/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4, protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayının YPX baş inspektoru X5 iştirakları ilə, Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi "Toyota LC 200" markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/24-də hərəkətdə olarkən 99YP349 dövlət qeydiyyat nişanlı DYP xidməti avtomobillinin ekipajı tərəfindən saxlanılmışdır. DYP əməkdaşı polis leytenantı X8 bildirmişdir ki, guya arxa işıqqaytarıcıda texniki problem var və bu səbəbdən avtomobil müvəqqəti duracağa yerləşdirilməlidir. O isə bildirmişdir ki, əgər iddia etdiyi pozuntu mövcuddursa bu barədə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib edilsin. Müəyyən müddətdən sonra “Asanpay” tətbiqində İXM-nin 342.2.2-ci maddəsi ilə əsassız şəkildə tərtib edilmiş İXP ******* saylı qərarsız protokol görünmüşdür. DYP əməkdaşı X3 nəyə əsasən İXM-nin 342.2.2-ci maddəsinə uyğun protokol tərtib etdiyini soruşduqda, bu dəfə arxa duman işıqlarında problem olduğunu demişdir. O, əsassız tərtib edilmiş protokoldan həm 102 qaynar xəttinə, həm də “Asanpay” tətbiqində şikayət etmişdir. Bildirmək istəyir ki, İXM-nin 342.2.2-ci maddəsinə uyğun qanunsuz tərtib edilmiş protokolu DYP əməkdaşı X8 heç cür əsaslandıra bilmədiyi üçün, elektron formada tərtib etdiyi protokola da heç bir foto və videoməlumat əlavə edilməmişdir. Etdiyi şikayət ilə bağlı 10 təqvim günü ərzində dəvət edilməli olduğu halda, 10 təqvim günündən sonra xx.xx.2025-ci il tarixində yaşadığı ünvana dəvət məktubu gəlmişdir. Buna baxmayaraq elə həmin gün xx.xx.2025-ci il tarixində dəvət edilən ünvanda 30-cu otağa yaxınlaşsa da, qeyri-iş günü olmağı səbəbindən dəvət edən vəzifəli şəxslə görüşə bilməmişdir. xx.xx.2025 ci il tarixində isə “Asanpay” tətbiqində İXP ******* saylı protokolunun qüvvəyə mindiyi barədə mesaj almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair BDYPİ tərəfindən tərtib edilmiş 01 noyabr 2025-ci il tarixli İXP ******* saylı qərar qanunsuzdur, əsassızdır və hüquqa ziddir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər (Azərbaycan Respublikası İXM-in 124.2). Lakin göründüyü kimi şəxs inzibati xəta törəməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib - törədilməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin prokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Göstərilənlərə əsasən Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X7 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayının YPX baş inspektoru X8 izahat verərək bildirmişdir ki, sürücü stop işığına görə saxlanılmış və ona tələblərini pozduğu maddə izah edilmişdir. Sürücü avtomobildən düşməyərək aqressiv davranmış və onlara yüngül tabesizlik göstərmişdir. Sürücünü bölməyə təmin etmişlər, oradan sürücü axtarışda olduğu üçün Xətai rayon Polis İdarəsinə göndərilmiş və orada barəsində protokol tərtib edilmişdir. Sürücülər törətdiyi xətalara görə kameraya və ya radara düşdükləri halda texniki vasitələrdən həmin görüntülər çıxarılaraq tərtib edilmiş protokola və iş materiallarına əlavə olunur. Hazırki işdə sözü gedən qayda pozuntusu canlı və əyani şəkildə aşkar edilmiş xətaya görə saxlanılmış və aşkar edilmiş pozuntu tərəflərindən fotoşəkillə qeydə alınaraq iş materiallarına əlavə edilmişdir. Əlavə olaraq bildirilir ki, “X10” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin İX bəndində aşkar surətdə qeyd edilmişdir ki, arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır. Göstərilənlərə əsasən şikayətin əsassız olduğunu bildirərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 14:11-də Bakı şəhəri, Babək prospekti 22/24 ərazisində “Toyota Land-Cruiser 200” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən avtomobilə normativ tələbləri pozmaqla avadanlığın quraşdırılması müəyyən edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X4 İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X2 tərəfindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X4 barəsində Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ X13 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ X13 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ X13 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5260/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5260/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver