Məhkəmə qərarları › İş №3(007)-5262/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5262/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5262/2025 08.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi - “Presedent” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş materiala əsasən vətəndaş X4 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydə alınmış "xxxx" MMC-yə göndərilən 3-17-5/2-71121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsinin tələb olunmasına baxmayaraq sənədlər təqdim edilməmişdir. Bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin məsləhətçi, əmək müfəttişi B.V.Abdullayeva tərəfindən xx.xx.2025-ci il tarixdə, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi, “Presedent” Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi ünvanı ünvan 3C barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə tərtib edilən 29 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və əlavə olunmuş sənədlərdən görünür ki, guya vətəndaş X4 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə 3-17-5/2-71121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilməsinə və məktubda qeyd olunan sənədlərin 07 iş günü ərzində təqdim edilməsinin tələb edilməsinə, həmçinin məktubun MMC-yə çatdırılmasına baxmayaraq, tələb edilən sənədlər protokol tərtib olunan günədək təqdim edilməmişdir. Bununla da "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlər həqiqəti əks etdirmir. "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; - 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. AR İXM-nin 57.5-1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: - 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; - 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” qaydalarının 6-cı maddəsində qeyd edilmiş qaydada qəbz doldurulmalı, çatdırılmasına və qəbuluna dair qeyd əks olunmalıdır. Qanunvericiliyin mənasına görə, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi İXM-nin 539.3cü maddəsinin tərkibini yaradır. Halbuki, 3-17-5/2-71121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC, onun müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, məlumatın müvafiq səlahiyyətli şəxs tərəfindən alınması, MMC-yə daxil olmasına dair iş materiallarında hər hansı sübut – poçt qəbzi, xəbərnamə mövcud deyildir. Həmçinin DƏMX tərəfindən barələrində Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə inzibati qaydada tərtib edilmiş protokol onların iştirakı olmadan tərtib edilmişdir. Həmin protokol barəsində həmin gün onların barəsində inzibati xəta haqqında işə baxılması barədə ümumiyyətlə məlumatları olmamışdır. Protokol onlar tərəfindən imzalanmamışdır. Bununla da, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı göstərilməmiş, hüquqi şəxsin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd edilməmiş, protokolun surəti ona verilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış və yaxud protokolu imzalamaqdan imtina etməsi barədə müvafiq qeyd aparılmamışdır. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun "xxxx" MMC-nə təqdim edilməsi və ya göndərilməsi barədə sənəd də protokola əlavə edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında icraat aparılarkən və inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikasının İXM-nin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371- 1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 102.5-ci maddəsinə görə, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi inzibati araşdırma tələb edən xəta növünə aid olmadığından əlavə müddət təyin edilməməli, xətanın törədildiyi vaxtdan dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli idi. Bununla belə, nəzərə alınsa ki, DƏMX-nin xx.xx.2025-ci il tarixli məktubu ən geci 3 gün müddətində "xxxx" MMC-yə çatdırılsa idi, həmin müddətdən 7 iş günü müddətində (xx.xx.2025-ci il tarixdə 7 iş günü = xx.xx.2025-ci il) sənədlər təqdim edilmədiyi halda xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməli idi. Lakin hazırki işdən görünür ki, inzibati xəta haqqında protokol 2 ay müddətdən sonra, yəni xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, bununla da inzibati xəta qanunvericiliyi müddətlərinə riayət olunmamışdır. Bundan əlavə, inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edildiyindən 48 saat müddətində yəni, xx.xx.2025-ci il tarixədək məhkəməyə göndərilməli olduğu halda, 13 gün müddəti ötürməklə, xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Bununla da inzibati xətalar qanunvericiliyinin tələbləri inzibati icraat aparan orqan tərəfindən pozulmuşdur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqazidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir:

1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Beləliklə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi protokolu öz mülahizələrinə görə əsaslandırmışdır. "xxxx" MMC tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Yuxarıda göstərilənləri rəhbər tutaraq, məhkəmədən "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən "xxxx" MMCnin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMCnin nümayəndəsi Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, protokolda "xxxx" MMC-nə xx.xx.2025-ci il tarixli məktub göndərildiyi qeyd olunsa da iş materiallarına xx.xx.2025-ci il tarixli məktubun göndərilməsinə dair sənəd əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli məktubun məzmununun nədən ibarət olması aydın deyildir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 150-ci bəndinə əsasən göndərən tərəf elektron sənədin qəbul edildiyi barədə elektron bildirişi alanadək, elektron sənəd alınmamış hesab olunur. Məktubda göstərilən sənədləri məlumatları olan kimi dərhal X6 Xidmətinə göndərmişlər. Məhkəmədən "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin "xxxx" MMC-yə ünvanlanmış 3-17-5/2-71121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X4 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanladığı müraciətə Bakı şəhər İdarəsində baxılır. Bununla əlaqədar X5 aid sənədlərin (əmək müqaviləsinin surəti (əlavə və dəyişikliklərlə birlikdə); əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, qanunvericilikdə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar), iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti; son haqq-hesabın hesablanması cədvəli; son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı və ya bank arayışı); vətəndaşın müraciətinə dair məktubun (ətraflı məlumat) 7 iş günü ərzində X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunan sübutlar "xxxx" MMC-nin təqsirli olması və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün kifayət deyil, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən "xxxx" MMC-yə 3-17-5/2-71121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub ünvanlanmış, lakin həmin məktubun MMC-nin ünvanına çatdırılmasını sübut edən sənəd protokola əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar