Məhkəmə qərarları › İş №3(007)-5276/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5276/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5276/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs2 MMC-nin ("xxxx" MMC-nin hüquqi varisi) nümayəndələri X1 və X2 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 sentyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, "xxxx" MMC 44498.16 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 22 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 23 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs2 MMC-nin ("xxxx" MMC-nin hüquqi varisi) nümayəndəsi inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, AR Mərkəzi Bankı tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli, EP № ******* saylı protokola əsasən, AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmiş, protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda qeyd olunan hallara əsasən hesab edirlər ki, bank tərəfindən tam və düzgün araşdırma aparılmamış və nəticədə inzibati xəta haqqında iş aparılan şəxs barəsində hazırki protokol tərtib edilmişdir. İlkin olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, Şəxs2 MMC (Alıcı) ilə Rusiya Federasiyasının "xxxx" Şirkəti (Təchizatçı) arasında xx.xx.2021-ci il tarixdə CS-RO-00934 nömrəli və xx.xx.2021-ci il tarixdə CRG 02-2021 nömrəli olmaqla iki təchizat müqaviləsi imzalanmışdır. Müqavilələr ayrı-ayrı xammal və digər malların alqı-satqısı məqsədilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli CS-RO-00934 nömrəli müqaviləyə uyğun olaraq Alıcı tərəfindən sifariş verilən mallar xx.xx.2021-ci il tarixli №50264715 nömrəli invoys sənədinə və xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən razılaşdırılmış daşınma şərtləri əsasında (İncoterms (FCA) Yefremov-Rusiya) Təchizatçı tərəfindən Alıcıya təhvil verilmişdir (müqavilə, invoys sənədi və gömrük bəyannaməsi etiraza əlavə olunur). Təqdim olunan həm invoys sənədindən, həm də gömrük bəyannaməsindən görünür ki, mallar xx.xx.2021-ci il tarixdə CS-RO-00934 saylı müqaviləyə əsasən sifariş verilmişdir. Lakin malların dəyəri ödənilən zaman ödəniş tapşırığında CS-RO-00934 saylı müqavilə deyil, CRG 02-2021 saylı müqavilə qeyd olunmuş və müqavilə də əlavə edilməklə banka göndərilmişdir. Bank tərəfindən heç bir yoxlama və araşdırma aparılmadan ödəniş Təchizatçının bank hesabına ödənilmişdir. İşin hallarından və təqdim olunan bütün sübutlardan da göründüyü kimi, dəyəri ödənilən mallar tam şəkildə ölkə ərazisinə göndərilmiş, həmçinin invoys və gömrük bəyannaməsində də müqavilə məlumatları düzgün qeyd edilmişdir. Lakin ödəniş tapşırığında tərəflər arasında mövcud olan digər alqı-satqı müqaviləsinin nömrəsinin qeyd edilməsi və bunun bank tərəfindən yoxlanılmalı olduğu halda heç bir yoxlama aparılmaması Alıcı barəsində hazırki protokolun tərtib edilməsi ilə nəticələnmişdir. Eyni zamanda onu da qeyd etmək zəruridir ki, həmin dövr ərzində digər müqavilə - yəni, xx.xx.2021-ci il tarixli CS-RO-00934 nömrəli müqavilə üzrə alqı-satqı mübadiləsi olmamışdır və bu halın əksini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Bununla da bir daha sübut olunur ki, qeyd olunan ödəniş təqdim olunan gömrük bəyannaməsi və invoys sənədi üzrə ölkə ərazisinə göndərilən malların dəyəri olaraq ödənilmişdir. “Valyuta tənzimi haqqında” AR Qanununun 8-ci maddəsinin 3-cü hissəsinə əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. X9 Heyətinin xx.xx.2016-cı il tarixli 45/1 №-li Qərarının 4.3.1.1-ci maddəsinə əsasən ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X4 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir). Təqdim olunan sənədlərdən göründüyü kimi, alqı-satqı və ödəniş əməliyyatları müvafiq qanunun və qərarın tələblərinə uyğun şəkildə aparılmışdır. Həmçinin AR Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən Təchizatçı Alıcıya oferta əks etdirən invoys sənədi göndərmiş və Alıcı həmin ofertanı aksept edərək müvafiq SWİFT əsasında ödəniş etmişdir. Eyni zamanda Dövlət Gömrük Komitəsinə təqdim olunan gömrük bəyənnamə sənədinə əsasən invoys üzrə həmin mallar ölkəyə idxal olunmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən hesab edirlər ki, hazırki fakt üzrə AR İXM-nin 430.4-cü maddəsinin tərkib hissəsi olmadığından, dəyəri ödənilmiş mallar tam şəkildə və vaxtında ölkə ərazisinə gətirildiyindən, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan xüsusatlara əsasən AR İXM-nin müvafiq maddələrini rəhbər tutaraq, icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs2 MMC-nin ("xxxx" MMC-nin hüquqi varisi) nümayəndəsi X3 yazılı etirazın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs2 MMC-nin ("xxxx" MMC-nin hüquqi varisi) nümayəndəsi X5 qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 22 sentyabr 2021-ci il tarixdə 44498.16 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X8 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Halbuki, Şəxs2 MMC-nin ("xxxx" MMC-nin hüquqi varisi) nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Rusiya Federasiyasının "xxxx" Şirkəti arasında 31 may 2021-ci il tarixdə CS-RO-00934 nömrəli, 01 iyul 2021-ci il tarixdə CRG 02-2021 nömrəli müqavilələr bağlanmışdır. 31 may 2021-ci il tarixli müqaviləyə uyğun olaraq MMC tərəfindən sifariş verilən mallar 10 sentyabr 2021-ci il tarixli 50264715 nömrəli invoys sənədinə və 30 sentyabr 2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən razılaşdırılmış daşınma şərtləri əsasında təhvil verilmişdir. Mallar 31 may 2021-ci il tarixdə CS-RO-00934 nömrəli müqaviləyə əsasən sifariş verilsə də, malların dəyəri ödənilən zaman ödəniş tapşırığında CS-RO-00934 nömrəli müqavilə deyil, CRG 02-2021 nömrəli müqavilə qeyd olunmuş, müqavilə əlavə edilməklə banka göndərilmişdir. Lakin bank tərəfindən yoxlama və araşdırma aparılmadan ödəniş "xxxx" Şirkətinin bank hesabına ödənilmişdir. Yəni, dəyəri ödənilən mallar tam şəkildə ölkə ərazisinə göndərilmiş, həmçinin invoys və gömrük bəyannaməsində də müqavilə məlumatları düzgün qeyd edilmişdir. Lakin ödəniş tapşırığında tərəflər arasında mövcud olan digər alqı-satqı müqaviləsinin nömrəsinin qeyd edilməsinə, bank tərəfindən isə bununla bağlı yoxlama aparılmamasına görə MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin dövr ərzində 31 may 2021-ci il tarixli CS-RO-00934 nömrəli müqavilə üzrə alqı-satqı mübadiləsinin olması barəsə sübutlar da təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan işə münasibətdə Şəxs2 MMC-nin ("xxxx" MMC-nin hüquqi varisi) əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs2 MMC-nin ("xxxx" MMC-nin hüquqi varisi) əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar