Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5297/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləyən, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21, mənzil 108 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 03 dekabr 2024-cü il tarixdə təxminən saat 00:40 radələrində Nizami rayonu, Q.Qarayev prospektində DYP əməkdaşları və PPX əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək, bununla əlaqədar ictimai qaydanı kobud şəkildə pozmuşdur. İşə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlı olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25- PŞ-nin polis sahə inspektoru, polis polis mayoru X2 məhkəmə iclasında iştirak etmək üçün gəlməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, sərxoş olduğu üçün özünü idarə etmək qabliyyətində olmayıb, özünü günahkar bilir. Heç vaxt belə bir əməli olmayıb. Himayəsində xəstə anası var, atası vəfat edib. Polis əməkdaşlarından üzr istəyir, bir daha belə bir əmələ yol verməyəcək. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X1 izahatında göstərmişdir ki, 03 dekabr 2024-cü il tarixdə təxminən saat 00:40 radələrində yol patrul xidmətinin əməkdaşları kömək istədilər. Onlar həmin ünvana yaxınlaşdıqda həmin şəxsin polisə tabesizlik göstərdiyini, yol patrul xidmətinin əməkdaşları ilə mübahisə etdiyini müşahidə ediblər. Həmin şəxsin hadisəyə aidiyyəti yox idi, sadəcə müdaxilə etməklə, qeyd edilən hərəkətlərə yol verib. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan da göründüyü kimi Şəxs həmin tarixdə saat 00:50-də inzibati qaydada tutulmuşdur. İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə fiziki şəxslərə iki yüz manat məbləğində cərimə nəzərdə tutulduğundan və Şəxs inzibati qaydada tutulduğundan məhkəmə hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilməli və o, dərhal tutmadan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1993-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləyən, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21, mənzil 108 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-5297/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5297/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver