Məhkəmə qərarları › İş №3(007)-5303/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5303/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5303/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X8 qızının katibliyi, Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar YYM-də ünvanında yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:

1. Şəxs barəsində Bakı Şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 03 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Protokolun əsaslandırıldığı hallar:

2. 03 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs Zərərçəkmiş şəxs 13 sentyabr 2024-cü il tarixdə kartından 490 manat pulunu oğurlamışdır.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X6 protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Şəxs Zərərçəkmiş şəxs 13 sentyabr 2024-cü il tarixdə kartından 490 manat pulu çıxardaraq oğurluq etmişdir. Odur ki, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, kartdan pul çıxarda bilmirdi yanında duran adamdan kömək istədi. O, da kartından 500 manat pul çıxarıb ona verdi. Ona dedi ki, pulun hamısını çıxar. Həmin adam məhkəmədə olan adamdı və 90 manatı çıxardıb yenə verdi. Sonra dedi ki, pulun hamısını çıxarmaq alınmır kartını özünə qaytardı. Biraz keçəndən sonra yenə kartdan pul çıxartmaq istəyən zaman kartdan 490 manat çıxdığını bilmişdi. Adını indi bildiyi şəxsin arxası ilə getsə də çata bilmədi. Polisə gedib ərizə yazdı.

5. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, təqsirini etiraf edir. Birinci dəfə 500 manat sonra 90 manat kartdan pul çıxardıb verdi. Kart vayfay ilə işləyirdi. O, da məbləği yığdı nə qədər pul gəldisə götürdü. Məbləğ ekranda görünmürdü, nə gəldisə yığdı. Əməlindən peşmandır. Ehtiyacı olduğu üçün belə hərəkət edib. Anasının aldığı 200 manat pensiyasına dolanırlar anası onun himayəsindədir və ona qulluq etdiyi üçün 100 manat sosial yardım alır. Pensiyanı alanda zərərçəkmişin pulunu ödəyəcək. Bir daha belə iş görməyəcək. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X4 izahatında göstərmişdir ki, Şəxs əməlindən peşmandır. Zərəri ödəməyə hazırdı. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.

İş materialları:

7. Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının 23 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar 25-ci PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunmuşdur.

8. 03 dekabr 2024-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur.

9. “Kapital Bank”ın xx.xx.2024cü il - xx.xx.2024-cü il dövrləri aralığında olan çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prosoekti 62 ünvanında yerləşən “Rahat” marketdən ATM vasitəsi ilə 500, 90 və 490 manat vəsait çıxarılmışdır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir.

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmədiyindən işin icraatına xitam verilməsi üçün əsas yoxdur.

13. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

14. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

15. Məhkəmə, Şəxs törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi.

16. Törədilmiş inzibati xətanın xarakterini və Azərbaycan Respublikası İXM-nin 31.2ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir.

17. İnzibati materiala əlavə edilmiş 03 dekabr 2024-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur.

18. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

19. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı 03 dekabr 2024-cü il tarixdən saat 19:30-dan hesablanmalıdır.

Nəticə:

20. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 25 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir.

21. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 8 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 48 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir.

22. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 25 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 03 dekabr 2024-cü il tarixdən saat 19:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 8 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 48 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar