Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5310/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkarlar Zərərçəkmiş şəxs1 MMC-nin direktoru X4 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(113)-1553/2025 və xx.xx.2025-ci il tarixli e-2(113)-1869/2025 saylı icra sənədlərini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(113)-1553/2025 və xx.xx.2025-ci il tarixli e-2(113)-1869/2025 saylı icra sənədlərinin icrası ilə əlaqədar şirkətin əmlak və gəlirləri yoxlanılmış, icranın təmin edilməsi üçün hər hansı əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar şirkətin vəzifəli şəxsinə çağırış göndərilmişdir. Şirkətin direktoru Şəxs xəbərdarlıqlar edilsə də icra sənədini icra etməmişdir. Buna görə də izahatı alınmış və barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tələbkar X5 izahat verərək bildirmişdir ki, Şəxs illərlə şəriklərinin, podratçılarının və kreditorların qarşısında pul öhdəliklərini faktiki olaraq yerinə yetirməyib və bu günə qədər əsas borclarını ödəməkdən yayınmış vəziyyətdədir. Onların gördüyü işlərin pullarını Əsas podratçı şirkətdən alıb, amma nə bu vəsaitlərin hara getdiyini izah edib, nə də onlara ödəniş edib. Bu borclar 2023-cü ildən yığılmağa başlayıb. 2024-cü ilin əvvəllərinə qədər müəyyən ödənişlər etsə də, 2024-cü ildən etibarən borclarını qəsdən ödəməməyi seçib və şirkətin alacaqlarını başqa şirkətə yönləndirib. Bütün davranışı göstərir ki, məqsədi bu pulları mənimsəyib aradan çıxmaq olub. Hazırda Zaur barəsində bir neçə məhkəmə qərarı var: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025 tarixli, e-2- 2(113)-1553/2025 saylı qətnaməsi ilə onun xeyrinə 214.224,52 AZN; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025 tarixli, e-2-2(113)-1869/2025 saylı qətnaməsi ilə Zərərçəkmiş şəxs2 xeyrinə 70.983,47 AZN; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025 tarixli, 2(103)- 4633/2025 saylı qətnaməsi ilə Talıbov Nəsirin xeyrinə 75.847 AZN. Bunlar yalnız mövcud tələblərin bir hissəsidir. Digər zərərçəkənlərlə birlikdə "xxxx" MMC-nin vurduğu ümumi zərərin 700.000 manata yaxın olduğu məlumdur. Zaur illərlə hamını eyni cür aldadıb, “pul gəlmir”, “ödəniş olmayıb” deyə-deyə faktiki gəlirləri gizlədib, amma özü həmin vəsaitlərdən istifadə edibdir. Bu günə qədər qeyd edilən borclarından heç bir ödəniş etməmişdir. Qeyd edilənlərə dair mülahizəni məhkəmə təqdim edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs2 izahat olaraq bildirmişdir ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025 tarixli, e-2-2(113)-1869/2025 saylı qətnaməsi ilə onun xeyrinə tutulması qət edilmiş 70983,47 AZN məbləğində borcundan bu günədək heç bir ödəniş etməmişdir. Şəxs illərdir borcunu ödəməyərək qəsdən məsuliyyətdən yayınmağa çalışmışdır. Məhkəmədən Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 213720,80 manat məbləğində pul, 503,72 manat dövlət rüsumu, ümumilikdə 214224,52 manat (iki yüz on dörd min iki yüz iyirmi dörd manat əlli iki qəpik) məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs1MMC-yə ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun yerinin məlum olmaması barədə məsələyə baxılaraq borclu xx.xx.1974-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1869/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 58623 (əlli səkkiz min altı yüz iyirmi üç) manat əsas borc, 6180,12 manat (altı min yüz səksən manat on iki qəpik) ƏDV məbləği, 3000 (üç min) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2931,15 manat (iki min doqquz yüz otuz bir manat on beş qəpik), ödənilmiş dövlət rüsumuna görə 249,2 manat (iki yüz qırx doqquz manat iyirmi qəpik) olmaqla, ümumilikdə 70983,47 manat (yetmiş min doqquz yüz səksən üç manat qırx yeddi qəpik) məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs2 oğunun xeyrinə tutulması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1869/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1869/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə müvafiq olaraq "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədlərinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRAR A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5310/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5310/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver