Məhkəmə qərarları › İş №3(007)-5326/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5326/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5326/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 2608526,00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 1920078,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə etiraz ərizəsi ünvanlamışdır. Etiraz onunla əsaslandırlır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibari Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən, Şəxs MMC tərəfindən 2608526.00 rubl məbləğində vəsait xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş və 2 il müddət keçsə də 1920078.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Aşağıda qeyd olunan hallara əsasən hesab edilir ki, təqdim edilmiş sənədlər müvəkkil bank tərəfindən nəzərə alınmadan Mərkəzi Banka həqiqətə uyğun olmayan məlumatlar tərtib edilmiş və bu da hazırki protokolun tərtib edilməsi ilə nəticələnmişdir. Təqdim edilmiş 3 ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən xaricə ümumilikdə 8885052.77 rubl məbləğində pul vəsaiti köçürülmüşdür. Təqdim edilmiş yük gömrük bəyannamələrinə əsasən, 6774070.77 rubl məbləğində mal ölkəyə idxal edilmişdir. Birinci ödəniş üzrə 190904.00 rubl, ikinci ödəniş üzrə 1920078.00 rubl olmaqla ümumilikdə 2110982.00 rubl məbləğində malları Təchizatçı şirkət göndərə bilməmişdir. Bu səbəblə göndərilə bilinməyən malların dəyəri Şəxs MMC-nin müvəkkil bankda olan hesabına geri qaytarılmışdır. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli SWİFT sənədindən görünür ki, xx.xx.2022 tarixli, 682 nömrəli müqavilə üzrə 2110982.00 rubl məbləğində pul vəsaiti Şəxs MMC-nin bank hesabına geri qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokol əsasında təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxs MMC tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə isə qeyd etmişdir ki, hazırda MMC-nin avans ödənişinin bəyan olunmamış məbləği 1920078,00 Rusiya rublu təşkil edir və bu bəyan edilməmiş vəsait həqiqətən Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2023-cü il tarixdə qeri qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq icraata xitam verilməsinə etiraz olunmur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC ilə “KraftHeinz Vostok LTD” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 682 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə Şəxs MMC tərəfindən “KraftHeinz Vostok LTD” şirkətinin hesabına 2608526,00 Rusiya rublu köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli, **********7203 nömrəli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 682 saylı müqavilə üzrə “KraftHeinz Vostok LTD” şirkəti tərəfindən Şəxs MMC-yə 688448 Rusiya rublu dəyərində mal göndərilmişdir. - xx.xx.2023-cü il tarixli SWİFT sənədindən görünür ki, xx.xx.2022 tarixli, 682 nömrəli müqavilə üzrə 2110982,00 rubl məbləğində pul vəsaiti “KraftHeinz Vostok LTD” şirkəti tərəfindən Şəxs MMC-nin bank hesabına geri qaytarılmışdır. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə “KraftHeinz Vostok LTD” şirkətinin hesabına 2608526,00 Rusiya rublu köçürülmüş və həmin vəsaitin müqabilində xx.xx.2022-ci il tarixdə “KraftHeinz Vostok LTD” şirkəti tərəfindən Şəxs MMC-yə ümumilikdə 688448 Rusiya rublu dəyərində mal göndərilmişdir. Qalan məbləğin müqabilində isə mallar göndərilə bilmədiyindən həmin məbləğ Şəxs MMC-nin hesabına geri köçürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar