Məhkəmə qərarları › İş №3(007)-5329/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5329/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5329/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdulova Lalə Adil qızının katibliyi, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qusar rayonu, Gədəzeyxur kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx.xx.2024-cü il tarixdə saat 19:40-da Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində saxlanılaraq Nizami RPİ-nə gətirilmiş Şəxs üstünə keçirilən axtarış zamanı onun əynində olan şalvarın sağ yan cibindən təhqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib, üstündə saxlayaraq daşıdığı bir ədəd bükümdə şəxsi istehlak miqdarında 0.043 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən 05 dekabr 2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, törətdiyi əməldən səmimi peşman olduğunu, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və hadisəni törədən şəxsin Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini nəzərə alıb onun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən üç aydan artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar