Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5337/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə İmişli rayonunun Göbəktala kəndində anadan olmuş, İmişli rayonu, Göbəktala kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) X7 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən X13 xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarına qarşı kobudluq edərək qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis leytenantı X9 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis leytenantı X9 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, X13 xx.xx.2024-cü il tarixdə, R.Rüstəmov küçəsində xidmət aparan polis əməkdaşları tərəfindən yol nişanının tələblərini pozduğuna görə saxlanılmış və onun barəsində protokol tərtib edilmişdir. Saxlanılan zaman nəqliyyat vasitəsində yerində aradan qaldırılması mümkün olmayan konstruktiv dəyişikliklər aşkar edilmişdir. Buna görə də avtomobili duracağa təmin etmək zərurəti yaranmışdır. Bu barədə ona məlumat verilmiş, vətəndaş ilk öncə heç bir etiraz etmədən duracağa yaxınlaşmışdır. Lakin duracağa çatan zaman polis əməkdaşlarına qarşı tabesizlik göstərərək polis əməkdaşlarını ələ salmağa çalışmış, səsküy salaraq ictimai qaydanı pozmuş, xırda xuliqanlıqla nəticələnən əməl törətmişdir. O, ilk növbədə duracağa gətirilməsinin səbəbini soruşmuş, protokolun ona təqdim edilməsini istəmişdir. Protokol barədə şəxsə həm elektron formada məlumat verilmiş, həm də kağız formasında ona təqdim edilmişdir. Lakin şəxs etiraz etməyə davam etmiş, avtomobilin qapılarını bağlayaraq avtomobildən düşməmiş, yalnız əyləşdiyi tərəfdəki pəncərəni açaraq əməkdaşlarla buradan danışmışdır. Bu zaman polis əməkdaşları Post-patrul xidməti əməkdaşlarını köməyə çağıraraq X10 23-cü Polis Bölməsinə təmin etmişlər. Məhkəmədən X7 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 izahat verərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, R.Rüstəmov küçəsində yol nişanının tələblərini pozduğuna görə saxlanılmış və irad bildirilmişdir. Daha sonra avtomobilin ön şüşəsində çatlar olduğuna görə ona duracağa getməli olduğunu bildirmişlər. O, tərtib edilmiş protokolu istəmiş, lakin onlar protokolu təqdim etməmişlər. Demişlər ki, sabah gələrsən 29-cu otağa orada həll edərsən. Buna görə də avtomobildən düşməkdən imtina etmiş və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları onun üstünə qışqırmış, pəncərələri və qapıları sındıracaqlarını bildirmişlər. O da bundan qorxaraq avtomobildən düşməmişdir. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmiş, nalayiq ifadə işlətməmiş, səs-küy salmamışdır. Kamera görüntülərində də bu öz əksini tapmışdır. O, özünü təqsirli bilmir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X18 İdarəsinin Yolpatrul xidməti Alayının yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 izahat verərək bildirmişdir ki, X13 xx.xx.2024-cü il tarixdə, 15:00 radələrində R.Rüstəmov küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələbini pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edilən zaman onun avtomobilində nöqsanlar aşkar edilmişdir. Belə ki, ön faraların led lampası, arxa yayların nasazlığı, arxa stopların qara vinillə üzlənməsi və avtomobilin ön şüşəsində çatlar olması müəyyən edilmişdir. Buna görə də avtomobili duracağa yerləşdirmək zərurəti yaranmışdır. X13 ilk öncə etiraz etmədən avtomobili duracağa sürmüş, lakin duracağa çatan zaman avtomobildən düşməkdən imtina etmiş, polis əməkdaşlarına tabe olmamışdır. Ona qanuni tələblərə tabe olması bildirilsə də buna əməl etməmiş, avtomobilin qapılarını açmamışdır. Həmçinin mobil telefon vasitəsilə videoqeydlər də aparmışdır. Daha sonra hadisə yerinə dostları gəlmiş və avtomobilin ətrafına toplaşmışlar. Bu zaman X13 yenidən tabesizilik göstərmiş, videoçəkiliş aparmışdır. Daha sonra Post-patrul xidməti əməkdaşlarının köməyi ilə Ağayev Sərxan 23-cü Polis Bölməsinə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X18 İdarəsinin Yolpatrul xidməti Alayının yol-patrul xidməti inspektoru, polis baş serjantı X1 Kainat Məhəbbət oğlu ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, X13 xx.xx.2024-cü il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, X7 xırda xuliqanlıqla bağlı əməli Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin təsiri altına düşmür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin xırda xuliqanlıq etməsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə iclasında X7 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, şəxsin əməli eyni zamanda Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş ictimai qaydanı pozan xırda xuliqanlıqla müşayiət olunan inzibati xətanın təsiri altına düşmür, əməlində həmin inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X7 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və Azərbaycan Respublikasının İXM-nin 31.2ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, X7 barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X7 əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. X13 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X5 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5337/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5337/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver