Məhkəmə qərarları › İş №3(007)-5345/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5345/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5345/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs – Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:15 radələrində idarə etdiyi «TOYOTA PRİUS» minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 2 ünvanında hərəkət edən zaman yol hərəkəti qaydalarını pozduğu saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş şəxs – Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:15 radələrində idarə etdiyi «TOYOTA PRİUS» minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış, onun içkili olduğuna şübhə yarandığı üçün müayinəyə dəvət edilmiş, alkotester vasitəsi ilə yoxlanılmış və içkili olduğu müəyyən olunmuşdur. Sürücü daha öncə də spirtli içki qəbul edərək onun təsiri altında yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17:15 radələrində “Toyota Prius” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, özünü şübhəli apardığı üçün alkotester vasitəsilə yoxlanılmış və yoxlama zamanı sərxoş olduğu müəyyən olunmuşdur. Alkotesterin nəticəsi ilə razılaşmış, tibbi müayinəyə ehtiyac olmadığını bildirmişdir. Əməlindən çox peşmandır. Bir daha belə hallara yol verməyəcəyini bildirirək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami RPİ X4 Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə saat 17:15 radələrində «TOYOTA PRİUS» minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən barəsində İXM-nin 327.2 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixdə saat 16:55-də tərtib edilmiş qəbzə əsasən Şəxs qanında alkoqol konsentrasiyasının miqdarı 0,328 promil müəyyən edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, alkoqol vasitə qəbul etdiyini səmimi etiaf edir, alkotesterin göstəricisi ilə razı olduğunu və həkim müayinəsinə ehtiyac olmadığını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə qırx manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.2-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona adıçəkilən maddənin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Nizami RPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar