Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5378/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 3A, mənzil 30-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 02 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 28 iyun 2024-cü il tarixdə saat 16:40 radələrində idarə etdiyi “Daewoo BS090 avtobus” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında sağdan birinci zolaq ilə B.Nuriyev küçəsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, “Laçın” ticarət mərkəzinin qarşısında yolu soldan sağa düzünə keçən piyada Alaverdovı Eliza XXX avtobusun qabaq sağ hissəsi ilə vurması nəticəsində ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə, işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsinin və zərərçəkmiş şəxs Alaverdovı Eliza XXX iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 28 iyun 2024-cü il tarixdə saat təxminən 16:30 radələrində o, yol vərəqəsi ilə idarə etdiyi “Daewoo” markalı, dövlət qeydiyyat nişanı **-TE-*** olan sərnişin avtobus ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti sağdan birinci zolaq ilə B.Nuriyev küçəsi istiqamətində təxminən 20 km/saat sürətlə hərəkətdə olan zaman qəflətən yolu soldan sağa iki piyadanın keçdiyini görərək avtobusun əyləcinə basmış, buna baxmayaraq məsafə az olduğu üçün avtobusun qabaq sağ hissəsi yolu keçən piyada xanıma toxunmuş və həmin piyada xanım yerə yıxılmışdır. Dərhal avtobusu saxlayaraq yerə düşüb həmin xanıma yaxınlaşmış, xanımın xəsarət aldığını görərək təcili yardıma zəng vurub məlumat vermiş, təcili yardım əməkdaşları gələrək xanıma ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparmışlar. O da X2 getmiş, orada həkimlər xəsarət almış Eliza xanıma ilkin tibbi yardım göstərmiş və onu evə buraxmışlar. Ailədə yalnız özü işləyir, himayəsində iki azyaşlı uşağı vardır, əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Alaverdovı Eliza XXX məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı elan olunaraq tədqiq edilmişdir. O, həmin izahatında göstərmişdir ki, 28 iyun 2024-cü il tarixdə saat təxminən 16:40 radələrində o, baldızı Zeynəb İsmayılova ilə birlikdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin qarşısından yolu soldan sağa düzünə keçən zaman Q.Qarayev prospekti sağdan birinci zolaq ilə B.Nuriyev küçəsi istiqamətində hərəkətdə olan “Daewoo” markalı, dövlət qeydiyyat nişanı **-TE-*** olan sərnişin avtobusu qabaq sağ hissəsi ilə onu vurmuş və o, zərbənin təsirindən yerə yıxılaraq xəsarət almışdır. Sürücü avtobusu saxlayaraq düşüb ona yaxınlaşmış, onun xəsarət aldığını görərək təcili yardıma məlumat vermişdir. Bundan sonra hadisə yerinə TTYS-nın əməkdaşları gələrək ona ilkin yardım göstərib onu X2 aparmışlar, xəsatəxanada həkimlər ona ilkin tibbi yardım göstərmiş, sonra isə evə buraxmışlar. Baş vermiş hadisə ilə əlaqədar sürücü Şəxs şikayəti yoxdur. İşdə olan canlı şəxsin ekspertizasına dair 09 iyul 2024-cü il tarixli 599 nömrəli rəydən görünür ki, Alaverdovı Eliza XXX (İslam qızı) ənsə nahiyəsinin əzilmiş cırılmış yarası; sağ çiyin qurşağının, sağ bazu oynağı nahiyəsinin, sol saidin qançırları; sol bazunun və sol dirsək nahiyəsini əhatə edən hematoması; sağ çiyin qurşağının, sol dirsək nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 avqust 2024-cü il tarixli 8/2032 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, HK/1-388 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təhqiqat orqanı tərəfindən aparılan araşdırma zamanı Şəxs əməlində cinayət tərkibinin olmaması, lakin inzibati xəta tərkibinin bütün əlamətləri olması müəyyən edilmişdir, məhkəmədə işə baxılarkən də həmin hal öz təsdiqini tapmışdır. 30 avqust 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul edildikdən sonra inzibati tənbeh edilməsinə imkan verən üç aylıq müddət artıq başa çatmışdır, material isə məhkəməyə həmin müddət bitdikdən sonra, 10 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. Belə olan halda Şəxs inzibati qaydada təqsirli bilinərək barəsində tənbeh tətbiq oluna bilməz, inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə, xitam verilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5378/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5378/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver