Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5379/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, vəsatət vermiş şəxs X3 iştirakı ilə, X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının müavininin 08 may 2024cü il tarixli 12 nömrəli inzibati xətaya dair qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı X1 qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət vermişdir. O, vəsatətini onunla əsaslandırmışdır ki, 1986-cı ildən ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə yaşayır. İkinci qrup əlildir. Təmirtikinti işlərini bildiyi üçün tanışlar, qohum-əqraba evlərinin təmiri zamanı elə olur ki, mütəxəssis kimi ona müraciət edirlər. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavininin 08 may 2024-cü il tarixli 12 nömrəli inzibati xətaya dair qərarında qeyd edilmişdir ki, o, müvafiq icra hakimiyyəti orqanının razılığını almadan ünvan 2 ünvanında yerləşən binanın 89 saylı mənzilində qanunsuz tikinti işləri aparmışdır. Bu səbəbdən də, onun Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, 800 manat məbləğində cərimə edilməyinə və sözügedən mənzilin texniki pasportda nəzərdə tutulan formaya uyğun olaraq bərpa edilməsinə qərar verilmişdir. Onun yuxarıda qeyd edilən qərardan məlumatı olmamışdır. Yalnız icra məmurları onu icra şöbəsinə dəvət etdikdən sonra, həmin qərardan xəbər tutmuş və qərarın surətinin rəsmi qaydada ona təqdim edilməsi ilə bağlı Nizami rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, qərarı rəsmi qaydada ona poçt vasitəsilə göndəriblər. O, poçt vasitəsilə qərarı almadığını bildirdikdən sonra, ona qəbzə imza çəkdirib, 06 avqust 2024cü il tarixdə qərarı rəsmi qaydada təqdim etmişlər. Bundan sonra, qərardan şikayətlə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərardadı ilə şikayəti geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, şikayət vermə müddətini ötürmüşdür, həmçinin şikayət etmə müddətinin üzrlü ötürülməsinə dair sənədləri təqdim etməlidir. Yuxarıda şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürmə səbəbini qeyd etmişdir. O, reallıqda şikayətini, qərarı rəsmi qaydada aldıqdan sonra, 10 gün müddətində vermişdir. Digər tərəfdən Nizami rayon İcra Hakimiyyəti tərəfindən, 08 may 2024-cü il tarixli qərar 02 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmiş, həmin qərarın bir surəti polis şöbəsinə, digər surəti isə ona göndərilmişdir. Lakin ona göndərilən məktubda ünvan düzgün qeyd edilməmişdir. Hesab edir ki, bu səbəbdən o, vaxtilə qərarı almamışdır və həmin qərardan məlumatı olmamışdır. Göstərilənləri nəzərə alıb, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının müavininin 08 may 2024-cü il tarixli 12 nömrəli inzibati xətaya dair qərarından şikayət vermək üçün nəzərdə tutulan müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatətin əsaslılığını yoxlamaq məqsədi ilə vəsatət vermiş şəxsin özü məhkəmə iclasına dəvət olunmuşdur. Məhkəmə iclasında X4 vəsatətinin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, onda qərarı almağı barədə qəbz yoxdur, 25 sentyabr 2024-cü il tarixli məktub və ona əlavə etdiyi sənədlər yoxa çıxıb. Nə olub bilmir, məhkəməyə çatıdırılması barədə ona sənəd də gəlib. İcra Hakimiyyəti onunla prinsip aparır, burada sırf prinsip məsələləri gedir. Onun məktubunu yoxa çıxarıblar, yoxdur. Vəsatətinin təmin olunmasını, müddətin bərpa edilərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatət verən şəxsi dinləyib, vəsatəti və şikayəti digər iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilməməli və şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il qərarına görə, “atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Vəsatətin müzakirəsi zamanı, eləcə də şikayətdən və ona əlavə edilən sənədlərdən müəyyən olunmuşdur ki, X3 mübahisələndirilən 08 may 2024-ci il tarixli 12 nömrəli qərardan şikayəti ilk dəfə 20 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. X4 qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş on gün müddəti buraxdığı halda, bunun üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair vəsatət vermədiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərardadı ilə X3 tənbeh vermə haqqında 08 may 2024-cü il tarixli qərardan şikayəti geri qaytarılmış, mübahisələndirdiyi qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə şikayətlə birlikdə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ izah edilmişdir. X2 hazırda belə növdə sübutunu təqdim etməmişdir. Onun vəsatətində irəli sürdüyü dəlillərin isə hüquqi əsası yoxdur, müvafiq sübutla müşayiət edilmədiyinə görə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir, bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Belə olan halda, məhkəmə hesab edir ki, 08 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılmış hesab olunaraq həmin müddətin bərpa edilməli olması barədə qənaətə gəlinməsi üçün qanuni əsaslar yoxdur, X3 bununla bağlı vəsatəti təmin edilməməlidir. Qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar müəyyən edilmədiyi halda isə, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsi həll olunmadığından işin mahiyyəti üzrə baxılmasına keçid edilə, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayət icraata qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 57, 126, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının müavininin 08 may 2024cü il tarixli 12 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5379/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5379/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver