Məhkəmə qərarları › İş №3(007)-5380/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5380/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5380/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, Şamaxılılar məhəlləsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhər Nizami rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində H.Əliyev prospekti, Koroğlu m/st-nın yaxınlarında YPX-nin əməkdaşının qanuni tələbinə əməl etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru, polis mayoru X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixində, saat 20:00 radələrində, H.Əliyev prospektində-Koroğlu metrostansiyası yaxınlığında polis əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. O, raporta əsasən protokolu tərtib etmişdir. Müqavimət göstərməsi ilə bağlı onun məlumatı, eyni zamanda əlavə sübutu yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Koroğlu m/st-nın yaxınlarında dayanmış vəziyyətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq dövlət qeydiyyat nişanı çirkli vəziyyətdə olduğu üçün ona cərimə yazmaq istəmişlər. O isə onlara artıq 150 manat cəriməsi olduğunu, cəriməni 2 gün ərzində ödəməli olduğunu, imkanı olmadığını bildirərək cərimə yazmamalarını xahiş etmişdir. O polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmədiyini, onların qanuni tələblərinə tabe olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X4 izahatında bildirmişdir ki, Şəxs polisə tabesizlik göstərməmiş və polisə qarşı nalayiq ifadə işlətməmişdir. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, İXM-in 510 və 535.1-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Belə ki, polis əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətinə yol verilməsi bildirilməsinə baxmayaraq məhkəmə iclasında Şəxs qeyd edilən əmələ yol verməsi müəyyən edilməmiş və məhkəməyə qeyd edilən halı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, Şəxs taksi fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında müştəri gözləyərkən polis əməkdaşları yaxınlaşaraq onun avtomobilinin dövlət qeydiyyat nişanının çirkli olduğunu bildirməklə ona cərimə yazmaq istədikləri zaman Şəxs onlardan ona cərimə yazmamasını xahiş etmişdir. Polis əməkdaşlarına qarşı nalayiq ifadə işlətməsini, onların qanuni tələblərinə tabe olmamasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işin hallarından görünür ki, Şəxs tərəfindən hər hansı ictimai qayda pozulmamışdır. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri isə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla yanaşı, məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilməlidir ki, o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Hazırki halda isə Şəxs hərəkətlərində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında barəsində icraat aparılan şəxs tərəfindən qəsdən tabe olmamanın nədə ifadə olunmasını müəyyən etməyə imkan verən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi obyektiv cəhətdən aktiv hərəkətlərlə ifadə olunmalı olduğu halda, hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs əməlində tabesizliklə müşahidə olunan aktiv hərəkətlər mövcud olmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar