Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5382/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X5, müdafiəçi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi̇ : Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı Şəhər Nizami rayon Məhkəməsinin e- 2(007)-1767/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 1140 manat aliment borcunu ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Bakı Şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1767/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs X5 xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədi üzrə tələb Şəxs əmək haqqısına yönəldilmiş, 2024-cü ilin aprel ayınadək Şəxs əmək haqqısından tutulmuşdur. Lakin işdən çıxdığından 1140 aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1767 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1767 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1140 manat aliment borcu yaranmışdır. Aliment borclunun əmək haqqısına yönəlmiş, borclu may ayında işdən azad olmuşdur. İşdən azad olunduqdan sonra borclu 2 dəfə - iyul ayında 200 və sentyabr ayında 200 manat olmaqla ödəniş etmişdir. Tərəflərindən sorğu verilmiş, borclunun adına heç bir əmlak aşkar edilməmişdir. İcra sənədi 2023-cü ildə icraya yönəldilmiş, 5 ay ödəniş etməmişdir. Borclu alimenti ödəməməsinin səbəbi olaraq, digər evliliyindən yeni övladının olmasını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, borcu ödəməkdən yayınmır, həmişə ödəmişdir, geri qalan borcunu da ödəyəcəkdir. O, əvvəlcədən tələbkarla danışmış, bir az möhlət istəmiş, amma tələbkar onu başa düşməmişdir. Əvvəl işlədiyi üçün ödəniş edə bilmişdir, sonra işdən çıxdığı və yeni övladı olduğu üçün çatdırıb ödəniş edə bilməmişdir. İndi özəl işdə işləyir, bir nəfərlə şərikli işdir, elə ay olur 500, elə ay olur 2000-3000 manat qazancı olur. Orta hesabla, 6 aydır işləyir və bu müddətdə 6500 manat qazancı olmuşdur. Yeni uşağının olması ilə bağlı o, alimentdən 10 manatda ödəyə bilməmişdir. Yeni uşağı bu gün dünyaya gəlib və hələ onun həkimə 1200 manat borcu qalmışdır. Hal-hazırda ödəniş edə bilməsə də, 2 aya kimi borcu ödəyə biləcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X8 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs qərəzli olaraq ödəniş etməkdən boyun qaçırmır, işdən çıxdığı üçün ödəniş edə bilməmişdir. Həmçinin söz verir ki, 1-2 aya borcu ödəyəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, borcun tam şəkildə ödənilməsini istəyir. Əlavə olaraq bildirdi ki, o, Fövqəladə Hallar Nazirliyində işləyir və 650 manat əmək haqqı alır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarinda bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarından, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli və üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq Bakı Şəhər Nizami rayon Məhkəməsinin e -2(007)-1767/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs işdən çıxdıqdan sonra yenidən əmək fəaliyyəti məşğul olmuş, son 6 ay müddətində 6500 gəliri olmasına baxmayaraq uşağın ehtiyaclarının ödənilməsi üçün təyin edilmiş aliment ödənişini, aliment öhdəliyini yerinə yetirməmişdir. Onun məhkəmə tərəfindən təyin edilmiş 220 manat aliment ödənişini həyəta keçirmək üçün yetərli gəliri olmasına baxmayarq aylıq aliment ödənişini həyəta keçirməməsi onun məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayındığını göstərir. Belə olan halda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bügünki tarixdə yenidən ata olması ona inzibati tənbeh tədbirinin tətbiq edilməsi zamanı inzibati tənbehin növünün müəyyən edilməsi zamanı nəzərə alınmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək qeyd edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 8 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara Aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-5382/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5382/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver