Məhkəmə qərarları › İş №3(007)-5385/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5385/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5385/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bank olmayan kredit təşkilatı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bank olmayan kredit təşkilatı "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bank olmayan kredit təşkilatı "xxxx" ASC tərəfindən statistik müşahidələrin aparılması üçün zəruri olan Bakı şəhəri, 2023-cü ilin (aylıq) 4-əmək (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı oktyabr ayının 15-nə qədər təqdim edilməli olduğu halda, oktyabr ayının 20-də 5 gün gecikmə ilə Bakı şəhər Statistika İdarəsinə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bank olmayan kredit təşkilatı "xxxx" ASC-nin direktorunun adından inzibati xəta haqqında protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə inzibati xəta haqqında protokolu qanunsuz sayırlar, belə ki, istinad olunan İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində qeyd olunub: Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Lakin həmin hesabatların hansı tarixlərdə verilməli olduğu barədə qanuna məcəllədə istinad edilməmişdir. Belə olan halda hüquqi şəxsləri hansısa müddətə hesabat verməyə məcbur etmək qanunsuzdur. Qanunun tələblərinə əsasən hüquqi şəxslərin tənbeh olunmasını nəzərdə tutan qanun İnzibati Xətalar Məcəlləsinə daxil edilməlidir. Göstərilənlərə əsaslanaraq, Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin MN ******* nömrəli protokolu üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X4 protokolda qeyd edilənlərə uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ASC haqqında inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bank olmayan kredit təşkilatı "xxxx" ASC-nin nümayəndəsi X3 yazılı etirazın dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Bank olmayan kredit təşkilatı "xxxx" ASC tərəfindən 2023-cü ilin (aylıq) 4-əmək (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı 20 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş, həmin tarixdə də Bakı şəhər Statistika İdarəsinə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Bank olmayan kredit təşkilatı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla ASC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bank olmayan kredit təşkilatı "xxxx" ASC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin icrasını təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il tarixli 15/06 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilərək normativ hüquqi akt statusu almış “Rəsmi statistika hesabatı”nın formasından görünür ki, “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökümət təşkilatları və digər qeyrikommersiya təşkilatları tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində real-vaxt rejimində təqdim edilir: - kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək; - mikro sahibkarlıq obyektləri, bələdiyyələr, qeyri-hökümət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük dövriliklə, heabat rübündən sonrakı ayın 18-dək. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə məşğul ola bilərlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək, sahibkarın vəzifələrindən biridir. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bank olmayan kredit təşkilatı "xxxx" ASC-ni təmsil edən şəxslərin hesabatların hansı tarixlərdə verilməli olduğu barədə qanunvericiliyə İXM-nin 389-cu maddəsində istinad olunmaması barədə irəli sürdükləri dəlillərin əsası yoxdur, qanunverici həmin məsələləri yuxarıda göstərilən qaydada tənzimləmişdir və hüquqi şəxsin vəzifəsini müəyyən etmişdir, ona görə qeyd olunanlar işin icraatını istisna edən hal kimi qəbul oluna bilməz, iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə iclasında mübahisələndirilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta isə, hərəkətsizlikdə ifadə olunur və hüquqi şəxsin ünvanında törədilmiş hesab edilir. Hansı ki, baxılan iş üzrə inzibati xətanın törədildiyi 2023-cü ilin oktyabr ayının 15-dək olan müddətdə Bank olmayan kredit təşkilatı "xxxx" ASC ünvan 1 ünvanında qeydiyyatda olmuş, yerləşmişdir. Həmin hüquqi şəxs yalnız 27 oktyabr 2023-cü il tarixdə, iş üzrə inzibati xəta haqqında protokolun 23 oktyabr 2023-cü il tarixdə tərtib edilməsindən sonra ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Belə olan halda, işə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məkəməsində baxılması əsaslı olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bank olmayan kredit təşkilatı "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Bank olmayan kredit təşkilatı "xxxx" ASC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bank olmayan kredit təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar