Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5405/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs nümayəndəsi “Presedent” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: 08 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarda nəzərdə tutulmuş inzibati cərimənin ödənilmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs nümayəndəsi “Presedent” Vəkil Bürosunun vəkili X2 protokolla bağlı məhkəməyə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, protokol və əlavə olunmuş sənədlərdən görünür ki, guya "xxxx" MMC-nin direktoru Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın icrası ilə əlaqədar tədbirlər görülmədiyi üçün həmin Cəmiyyətin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə görə 529.1-1. Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Halbuki, göstərilənlər həqiqəti əks etdirmir. Hesab edirlər ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; - 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. AR İXM-nin 57.5-1-ci maddəsinə əsasən, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: - 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; - 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” qaydalarının 6-cı maddəsində qeyd edilmiş qaydada qəbz doldurulmalı, çatdırılmasına və qəbuluna dair qeyd əks olunmalıdır. Halbuki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarda qeyd olunan inzibati cərimə məbləğinin ödənilməsi ilə bağlı 3- 17-5/2- 61404/2024 nömrəli xx.xx.2024-cü il tarixli ilkin xəbərdarlıq məktubu, həmçinin 3-17-5/2- 41749/2025 nömrəli xx.xx.2025-cü il tarixli növbəti xəbərdarlıq məktubu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəzifəli şəxsi – Şəxs tərəfindən alınmamışdır, məlumatın müvafiq səlahiyyətli şəxs tərəfindən alınması, həmin şəxsə daxil olmasına dair iş materiallarında hər hansı sübut – poçt qəbzi, xəbərnamə mövcud deyildir. İş materiallarına əlavə edilmiş “poçt göndərişlərinin izlənməsi” sənədlərində hansı sənədin göndərildiyi, kimin tərəfindən göndərildiyi və hansı ünvana göndərildiyi göstərilməmişdir. Bundan əlavə, həmin sənəddə "xxxx" MMC yox QSC göstərilmişdir ki, "xxxx" heç vaxt QSC olmamışdır. Hətta "xxxx" MMC deyil, "xxxx" QSC (qələmlə “S” hərfinə düzəliş olunaraq “İ” kimi göstərilmişdir) qeyd edilmişdir ki, bunlar da tamamilə fərqlidir. DƏMX tərəfindən barələrində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati qaydada tərtib edilmiş protokol onların iştirakı olmadan tərtib edilmişdir. Həmin protokol barəsində, həmin gün inzibati xəta haqqında işə baxılması barədə ümumiyyətlə məlumatları olmamışdır. Protokol tərəflərindən imzalanmamışdır. Bununla da, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmiş, fiziki şəxsin hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd edilməmiş, protokolun surəti ona verilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamış və yaxud protokolu imzalamaqdan imtina etməsi barədə müvafiq qeyd aparılmamışdır. Əlavə olaraq qeyd edirlər ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun "xxxx" MMCnin direktoru Şəxs təqdim edilməsi və ya göndərilməsi barədə sənəd də protokola əlavə edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında icraat aparılarkən və inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikasının İXM-nin tələbləri pozulmuşdur. Belə ki, AR İXM-nin 101.1-ci maddəsinə görə, İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə, İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə, Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 102.5-ci maddəsinə görə, İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 103.1- ci maddəsinə görə, İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İXM-n in 529.1-1-ci maddəsi inzibati araşdırma tələb edən xəta növünə aid olmadığından əlavə müddət təyin edilməməli, xətanın törədildiyi vaxtdan dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli idi. Bundan əlavə, inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edildiyindən 48 saat müddətində yəni, xx.xx.2025-ci il tarixədək məhkəməyə göndərilməli olduğu halda, 3 ay müddət ötürməklə, xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Bununla da, inzibati xətalar qanunvericiliyinin tələbləri inzibati icraat aparan orqan tərəfindən pozulmuşdur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri- təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyriəxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Beləliklə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109- cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan fiziki şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi protokolu öz mülahizələrinə görə əsaslandırmışdır. Şəxs tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Hesab edirik ki, tərəflərindən heç bir inzibati xəta törədilməmiş, əgər törədilsəydi belə, AR İXM-nin 38.1-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməlidirlər. Həmin Məcəllənin 529.1-1-ci maddəsi həmin Məcəllənin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə (Fəsil 39) aiddir və həmin fəsil üzrə müəyyən edilmiş inzibati xətalar üzrə təyin ediləcək inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 (dörd) ay keçənədək verilə bilər. 130.1. Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 150.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən 30 (otuz) gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Belə olan halda aydın olur ki, inzibati xətanın törədildiyi gündən (xx.xx.2024-cü il tarixli inzbati tənbeh vermə haqqında Qərar qanuni qüvvəyə minmiş, həmin müddətdə 30 gün ərzində cərimə ödənilməli olduğu halda ödənilmirsə xətanın törədildiyi gün hesab olunur) sözügedən materialın məhkəməyə daxil olduğu vaxtadək, yəni xx.xx.2025-ci il tarixədək 1 ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, sübutetmə yükü heç bir halda barəsində icraat aparılan şəxsin üzərinə qoyula bilməz və o, təqsirsizliyini sübut etməyə borclu deyildir. Hazırkı halda isə DƏMX tərəfindən müvafiq məktubun qanunvericiliyin tələblərinə uyğun qaydada təqdim edilməsini təsdiq edən sübut iş materialları ilə müəyyən edilmir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Göstərilənlərinə əsasən məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat vermiş və vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs nümayəndəsi X2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs tərəfindən inzibati cərimənin ödənilmədiyi aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 529.1-1-ci maddəsində məzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, vətəndaşlar A.S.Eldarov, Ə.Ə.Əhmədov və R.İ.Tacəddinovun xx.xx.2024-cü il tarixindən hazırki tarixədək əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yetirilməsinə cəlb edilmişlər. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5-2-61404/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfinden qəbul edilmiş 29 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 150.5-ci və 150.6-cı maddələrinin tələbinə əsasən icra edilməsi məqsədilə Şəxs göndərilmişdir. Həmin məktuba aid poçt göndərişinin izləmə məlumatından görünür ki, sözügedən məktub xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə çatdırılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarda qeyd olunan inzibati cərimə məbləğinin ödənilməsi ilə bağlı 3-17-5-2-61404/2024 nömrəli xx.xx.2024-cü il tarixli ilkin xəbərdarlıq məktubu göndərilmiş, lakin cərimə məbləği ödənilməmişdir. Bu səbəbdən 3-17-5-2-41749/2025 nömrəli xx.xx.2025-ci il tarixli növbəti xəbərdarlıq məktubu göndərilmiş, lakin cərimə məbləğinin ödənilməsi təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasını nəzərə alaraq iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə (ünvan: AZ1113, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107) dəvət olunduğu bildirilmişdir. Əyani iştirakın mümkün olmadığı təqdirdə onlayn qoşulmaqla iştirakın təmin edilməsi xahiş olunmuş, onlayn qoşula bilinəcək linkin ünvanı məktuba əlavə edilmişdir. Həmin məktub elektron poçt vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.4-cü maddəsinə görə, inzibati cərimə ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xətanı törətmiş şəxsə bu Məcəllənin 57-1.1-ci və 57-1.4-cü maddələrinə uyğun olaraq verilir. İnzibati cərimənin ödənilməsi ilə əlaqədar məlumatlar real vaxt rejimində elektron qaydada səlahiyyətli orqanların informasiya sistemlərinə və “İCMAL” informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 150.5-ci maddəsinə görə, bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: -150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; -150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına, elektron pul təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Qeyd edilən müddəalardan göründüyü kimi, inzibati cərimənin tətbiqi barədə qərar səlahiyyətli orqan və ya məhkəmə tərəfindən qəbul edilərkən, həmin qərarların icrası prosesi fərqlidir. Məhkəmə qərarları birbaşa icra məmuru vasitəsi ilə icra olunduğu halda, səlahiyyəlti orqanlar tərəfindən qəbul edilən bu növ qərarlar 30 gün müddətində barəsində inzibati tənbeh görülmüş fiziki və ya hüquqi şəxs tərəfindən icra olunmalıdır. Göstərilən müddətdə qərar icra olunmağı halda, fiziki şəxslər barəsində onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana, hüquqi şəxslər barəsində isə hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına, elektron pul təşkilatlarına göndərilir. Barəsində inzibati cərimə tətbiq edilmiş fiziki şəxsin işləmədiyi, yaxud onun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün olmadıqda məcburi icra tədbiri həyata keçirilməsi üçün, qərar müvafiq ərazi üzrə İcra və Probasiya şöbəsinə göndərilir və qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş qaydada icra olunur. Məhkəmə, iş üzrə təqdim edilmiş materialları, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 08 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, aşağıdakı nəticələrə gəlir. İş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmiş, lakin icra edilməmişdir. Bununla əlaqədar, X4 Xidməti tərəfindən 09 sentyabr 2024-cü il tarixli, 3-17-5-2- 61404/2024 nömrəli məktubla, barəsində cərimə tətbiq edilmiş vəzifəli şəxs Şəxs cərimənin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Poçt göndərişinin izlənməsi məlumatlarına (SS906522778AZ) əsasən, bu məktub 19 sentyabr 2024-cü il tarixində çatdırılmışdır. Məhkəmə hesab edir ki, cəmiyyətin vəzifəli şəxsinin İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Hüququn fundamental prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, şəxslər qeyri-müəyyən müddət ərzində məsuliyyətə cəlb edilmə təhlükəsi altında qalmasınlar. Bu prinsip, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda da dəfələrlə vurğulandığı kimi, qanunun aliliyinin tərkib hissəsidir və şəxslərə öz hərəkətlərinin hüquqi nəticələrini proqnozlaşdırmaq imkanı verir. İnzibati məsuliyyətə cəlbetmə müddətləri məhz bu prinsipə xidmət edir. Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsi inzibati məsuliyyətə cəlbetmə müddətlərini imperativ qaydada tənzimləyir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, bu Məcəllədə sadalanan bir sıra xətalar üzrə bir il, digər xətalar üzrə isə dörd ay müddət müəyyən edilmişdir. Xidmət tərəfindən Cəmiyyətə şamil edilən xəta, yəni inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi, öz mahiyyətinə görə uzanan inzibati xətadır (delictum continuum), çünki hüquqpozma qanunla tələb olunan hərəkətin yerinə yetirilmədiyi bütün müddət ərzində davam edir. Belə olan halda, İXM-nin 38.2-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Həmin normaya görə, uzanan inzibati xətalara münasibətdə cəlbetmə müddəti xətanın aşkara çıxarıldığı gündən hesablanır İnzibati Xətalar Məcəlləsinin 150.6-cı maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Məhkəmə, "xətanın aşkara çıxarıldığı an" dedikdə, səlahiyyətli orqanın hüquqpozma faktının mövcudluğundan xəbərdar olduğu və bu pozuntunu törədən şəxsi müəyyən etmək üçün kifayət qədər məlumata malik olduğu anı başa düşür. İş materiallarından göründüyü kimi, X4 Xidməti xx.xx.2024-cü il tarixli məktubu ilə icra tələbini irəli sürmüş və bu məktub 19.09. 2024-cü ildə hüquqi şəxsə çatdırılmışdır. İXM-nin 150.5.1-ci maddəsi, belə bir qərar daxil olduqdan sonra inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi müəssisə tərəfindən icra üçün tədbirlər görülməsini nəzərdə tutur. Bu tədbirlərin görülməsi üçün qanunvericilikdə qısa və ağlabatan müddətlər nəzərdə tutulur (məsələn, növbəti əməkhaqqı ödənişinə qədər). Beləliklə, X4 Xidməti öz qərarının icra edilib edilmədiyini yoxlamaq imkanına və vəzifəsinə malik idi. Qərarın icra edilməməsi faktı məhz bu dövrdə Xidmət üçün aşkar edilmiş hesab olunmalıdır. Səlahiyyətli orqanın öz vəzifəsini icra etməkdə səhlənkarlığa yol verməsi və hüquqpozma faktını bilərək üzərindən aylar keçdikdən sonra hərəkətə keçməsi və yenidən məktub göndərərək icrasını yenidən tələb etməsi, cəlbetmə müddətinin axımını dayandırmır və ya yenidən başlatmır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Bu isə, İXM-nin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını istisna edən və başlanmış icraata xitam verilməsi üçün qeyd-şərtsiz əsas olan bir haldır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətsizliyində İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, İXM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. Yuxarıda göstərilən hüquqi və faktiki əsasların məcmusuna əsaslanaraq, məhkəmə yekun nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5405/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5405/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver