Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-542/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Şikayət vermiş X1 nümayəndəsi, Vəkil iştirakı ilə, X1 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edilmiş, həmin inzibati xəta haqqında protokola əsasən barəsində xx xxxxxx 2020-ci il tarixli qərar qəbul edilməklə 150 manat məbləğində cərimə edilmişdir. Həmin protokola və qərara əsasən guya o, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd olunan halların heç biri həqiqəti əks etdirmir, tərəfindən bu və ya digər şəkildə heç bir inzibati xəta törədilməmişdir. Avtomobilinə quraşdırılmış aksesuarların avadanlıq olub-olmamasını müəyyən etmək üçün polis əməkdaşları tərəfindən avtomobilin şəkilləri əsasında onun iştirakı olmadan ekspertiza keçirilmişdir. Guya həmin ekspertiza rəyinə əsasən müəyyən edilmişdir ki, avtomobilinə quraşdırılmış aksesuar əslində aksesuar deyil, əlavə avadanlıq imiş. İlk növbədə avtomobilə vizual baxış keçirilmədən, fotoşəkil əsasında avtomobilə dair ekspertiza keçirilməsi qanunsuzdur, hüquq normalarının pozuntusundan başqa bir şey deyil. Digər tərəfdən ekspertiza keçirilərkən mütləq onun iştirakı təmin olunmalı, onun iştirakı ilə avtomobilə dair müzakirələr aparılaraq rəy tərtib edilməli idi. Lakin ekspertiza araşdırması birtərəfli və qərəzli aparılmış, nəticədə onun hüquq və maraqlarına toxunan rəy tərtib olunmuşdur. Təqdim edilmiş obyekt barəsində tam və hərtərəfli araşdırma aparmaq ekspertin başlıca vəzifələrindən biridir. Lakin ekspert bu vəzifəsini icra etməmiş, tam və hərtərəfli araşdırma aparmamış, tədqiqat obyektinə ümumiyyətlə baxış keçirmədən qərəzli və birtərəfli rəy tərtib etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş hüquqları pozulmuş, ekspertiza onun məlumatı olmadan keçirilmiş, qərəzli rəy tərtib edilmişdir. Digər tərəfdən isə ümumiyyətlə tərəfindən hər hansı inzibati xəta törədilməmiş, İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmamışdır. Həmin normanın məzmunundan göründüyü kimi, avadanlığın quraşdırılması və dəyişdirilməsinə görə o, 150 manat məbləğində cərimə edilə bilər. Lakin mülkiyyətində olan avtomobilə əlavə avadanlıq quraşdırılmamış və ya dəyişdirilməmişdir. Dövlət yol polisi əməkdaşının əlavə avadanlıq kimi hesab etdiyi spoyler həqiqətdə aksesuar hesab edilir, onun avtomobilin hərəkətinə təsir edən heç bir funksiyası yoxdur, bəzək əşyası kimi avtomobilin arxa kapotuna bərkitmişdir. Ümumiyyətlə, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsində qeyd olunan siyahıda olmayan avadanlıqlar əlavə avadanlıq sayıla bilməz. Bəzək aksesuarı kimi quraşdırdığı spoyler həmin siyahıda yoxdur. Bütün bu qeyd olunanlar isə inzibati xəta hadisəsinin olmamasını sübut edir. İnzibati xəta o halda törədilmiş hesab olunur ki, hər hansı hüquq pozuntusu mövcud olsun. Onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, inzibati xəta törədilməmişdir. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən onun barəsində İXMnin 342.2.2-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilməsinə və qərar qəbul edilməsinə dair hər hansı əsas mövcud deyildir. xx xxxxxx 2020-ci il tarixli qərarın qəbul edilməsi barədə BBPİ-nin xx xxxx 2020-ci il tarixli məktubu ona xx xxxx 2020-ci il tarixində təqdim edilmiş, email ünvanına göndərilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş 20 gün müddət tərəfindən ötürülməmişdir. Bakı şəhər Baş Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X1 nümayəndəsi, Vəkil şikayətin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən həmin orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər BPİ DYPİ-nin baş inspektoru Namiq Kərimov tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Mercedes Benz C280 minik” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2020-ci il tarixdə saat 19:18-də Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta törədildiyinə görə X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; -Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X2 xx xxxxxx 2020-ci il tarixdə saat 19:18-də “Mercedes Benz C280 minik” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə barəsində 150 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsi və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisənin yaranmasına və şikayətin verilməsinə səbəb olmuş halı, konkret olaraq şikayət vermiş şəxsin idarə etdiyi avtomobilə quraşdırılmış spoylerin avadanlıq və ya aksesuar olub-olmamasını müəyyən etmək texnika sahəsində xüsusi bilik tələb edən məsələ olduğundan, bu halların araşdırılması məqsədi ilə Azərbaycan Respublikası İXM-nin 70-ci maddəsinin tələbinə uyğun olaraq mütəxəssisin texniki rəyinin alınması üçün Azərbaycan Texniki Universitetinə müraciət edilmişdir. Texniki Universitetdən xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Respublikada yol hərəkətinin təhlükəsizliyi, onun iştirakçılarının hüquq və vəzifələri, yollara və NV-lərin texniki vəziyyətlərinə qoyulan tələblər 1998-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunu ilə tənzimlənir. Bundan başqa bu Qanuna əsaslanan digər normativ sənədlərdə yol hərəkəti prosesində yaranan müxtəlif məsələləri (o cümlədən nübahisəli) həll etməyə köməklik göstərir. “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin 1-ci his-səsində deyilir: “Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır....”. Beləliklə, 1 saylı Əlavədə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan (yəni, avtomobilin hərəkət təhlükəsizliyinə təsir göstərə bilən) nasazlıqların Siyahısı verilmişdir. Lakin bu Siyahıda “spoyler” barədə heç bir məlumat yoxdur. 1 Saylı Əlavənin Vİİ-ci hissəsinin (“Konstruksiyanın digər ünsürləri”) 3-cü bəndində deyilir: “Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığı-nı korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda nəqliyyat vasitələrinin istismarı qadağandır. Lakin fotoşəkillərdən göründüyü kimi Mersedes Benz C280 markalı avtomobilin “spoyleri” sürücünün görünüş dairəsini məhdudlaşdırmır və avtomobilin qabarit ölçülərindən kənara çıxmadığına görə hərəkətin digər iştirakçılarını zədələyə bilməz. Bundan əlavə, qanuna əsasən avtomobil avadanlıqla təchiz edildikdə mütləq qeydiyyata alınması ilə bağlı halları “nəqliyyat vasitələri-nin avadanlıqla təchiz olunmasına razılığın verilməsi” xidmətinin İnzibati reqla-mentində verilmişdir. Lakin bu Reqlamentin mütləq qeydiyyata alınma ilə bağlı bəndlərində “spoylerin” adı yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, “Mersedes Benz C280 minik” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobildə “spoylerin” əlavə əşya kimi quraşdırılması Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun və ona əsaslanan digər normativ sənədlərin tələblərinə zidd deyil və avtomobilin konstruksiya dəyişikliyi sayıla bilməz. Bundan başqa, “spoyler” əsasən yüksək sürətlərdə avtomobilin aerodinamikasına öz müsbət təsirini göstərərək, onu yaxşılaşdırır. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, inzibati xətanın törədilib-törədilməməsi məsələsinin araşdırılması üçün müvafiq araşdırmalar aparılmış, aidiyyəti sahənin mütəxəssisləri tərəfindən verilmiş texniki rəylə müəyyən edilmişdir ki, şikayət vermiş şəxsə məxsus olan “Mersedes Benz C280 minik” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobildə “spoyler”in əlavə əşya kimi quraşdırılması Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun və ona əsaslanan digər normativ sənədlərin tələblərinə zidd deyil və avtomobilin konstruksiya dəyişikliyi sayıla bilməz, “spoyler” əsasən yüksək sürətlərdə avtomobilin aerodinamikasına öz müsbət təsirini göstərərək, onu yaxşılaşdırır. Belə olan halda, “Mersedes Benz C280 minik” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 əməlində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur, onun tərəfindən avtomobilinə “spoyler”in quraşdırılması nəqliyyat vasitəsinə avadanlıq quraşdırılması kimi qiymətləndirilməməlidir. Bundan irəli gələrək X2 inzibati xəta törətmiş şəxs hesab oluna və inzibati xəta törətməkdə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 19:18-də “Mercedes Benz C280 minik” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi öz təsdiqini tapmamışdır, avtomobilə “spoyler”in quraşdırılması onun konstruksiya dəyişikliyi hesab olunmur. Ona görə şikayət təmin olunaraq mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ DYPİ-nin X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-542/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-542/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver