Məhkəmə qərarları › İş №3(007)-5423/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5423/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5423/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsindən daxil olmuş 13 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Şəxs xx.xx.2024-cü il tarixdə H.Əliyev prospektində saat 09:00 radələrində YPX əməkdaşlarının saxla əmrinə tabe olmamış, motoru sürərək Həsənoğlu küçəsində iş yerinin qarşısında saxlamış, ora yaxınlaşan YPX əməkdaşları ilə mübahisə etmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Eyni Məcəllənin 100.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Lakin inzibati xəta haqqında protokolda ehtimal olunan inzibati xətanın mahiyyəti düzgün göstərilməmiş, maddələrin tövsifedici əlamətləri, Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları məhz hansı əlamətlər üzrə törətdiyi, eyni zamanda hadisələrin ardıcıllığı, onların baş vermə vaxtı və s. qeyd edilməmişdir. Xüsusən, nəzərə alınmalıdır ki, “YPX əməkdaşlarının saxla əmrinə tabe olmama, nəqliyyat vasitəsini sürərək getmə”dən ibarət hərəkətin, “polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamaq”la müşayiət olunan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin təsiri altına düşməsi şübhə doğurur, buna dair məsələnin araşdırılması zərurəti vardır. Belə ki, inzibati xəta haqqında protokolda, YPX inspektorunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarında həmin məsələ üzrə qeyd edilənlər bir-biri ilə ziddiyyət təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İş materiallarına əlavə olunmuş yuxarıda istinad edilən sənədlərin öyrənilməsi ilə müəyyən olunur ki, ehtimal olunan inzibati xəta 13 dekabr 2024-cü il tarixdə Həsənoğlu küçəsində törədilmişdir, hansı ki, həmin küçə Bakı şəhəri Nərimanov rayonunun inzibati ərazisinə daxildir. Belə olan halda, hesab edirəm ki, inzibati xəta haqqında işə Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsində göstərilən qaydada onun törədildiyi yer üzrə həmin yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, işin baxılması Nizami Rayon Məhkəməsinin səlahiyyətinə aid deyil, lakin inzibati araşdırma və protokolun tərtib olunması zamanı müvafiq nöqsanlara yol verilməklə inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu üçün material üzrə göndərilməyərək inzibati xəta haqqında protokola dair material onu tərtib etmiş orqana geri qaytarılmalı, nöqsanlara aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 13 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar