Məhkəmə qərarları › İş №3(007)-5434/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5434/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5434/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 sentyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini 29 avqust 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəməyə göndərdiyi yazılı etirazında göstərmişdir ki, **-JC-*** nömrəli nəqliyyat vasitəsi "xxxx" MMC-nin AR Filialına icarəyə verilmişdir və buna görə də, həm sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması, həm də bununla əlaqədar Nizami rayon yol polisi tərəfindən müvafiq məlumatların onlardan tələb edildiyi və İXM-nin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixlərdə Şirkətin və ya Şirkətin işçilərinin istifadəsində və nəzarətində olmamışdır. Qeyd edilən icarə müqaviləsi və onun nəqliyyat vasitələrinin siyahısını əks elətdirən 2 nömrəli Əlavəsi də qoşma şəklində əlavə edilərək, elektron məhkəmə sisteminə bu məktubla bərabər yüklənmişdir. İcarə predmeti olan **-JC-*** nömrəli nəqliyyat vasitəsi barədə məlumatlar 2 nömrəli Əlavədə Cədvəl № 1-də 1-ci sırada əks olunmuşdur. Lakin hər bir halda qeyd edirlər ki, nəqliyyat vasitələrini icarə götürmüş şirkətdən (“Maqro”) yol vərəqələri barədə məlumatlar alınaraq Nizami rayon yol polisinə təqdim edilmişdir. Onlar da qoşma şəklində bu məktuba əlavə edilərək, elektron məhkəmə sisteminə bu məktubla bərabər yüklənmişdir. Həmin yol vərəqəsindən görünür ki, qeyd edilən nəqliyyat vasitəsi başqa şirkətin, icarəçinin istifadəsində olduğu üçün onlar barədə məlumatı DYP-nə ötürmək barədə vəzifə və öhdəliklər Şəxs MMC-nin üzərinə qoyula, 5 günlük məlumat vermə müddətini ötürməyə görə məsuliyyətə icarədar cəlb edilə bilməz. Əlavə olaraq bildirirlər ki, Nizami rayon yol polis idarəsi tərəfindən göndərilən, məlumatların tələb edilməsi barədə məktubu qəbul edən "xxxx" soyadlı şəxs Şirkətin işçisi deyildir, yəni qeyd edilən məktub Şirkətə müvafiq qaydada təqdim edilməmişdir, yuxarıda qeyd edilən yol vərəqələrinin polis idarəsinə gec təqdim edilməsi də bununla əlaqədar olmuşdur. Ümumiyyətlə 2023-cü ilin 3-cü rübündən bəri Şirkətin cəmi 2 (Serkan Özer-direktor; Sərxan Etibarlı-mühasib) işçisi olmuşdur, qeyd edilən məktub bu şəxslərin heç birinə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, Şirkətin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verərək protokolun geri qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus **-JC-*** dövlət qeydiyyat nişanlı “X2 3340 K/36 yük” markalı nəqliyyat vasitəsinin iştirakı ilə 29 avqust 2023-cü il tarixdə saat 18:14-də Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan poçt xəbərnaməsinin surətindən görünür ki, qeyd olunan sorğunu alan şəxs qrafasında “Heydərov İsmayıl” ad və soyadı yazılmış, lakin imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, təqdim olunan sənədlərin məhkəmə iclasında tədqiqi ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin mülkiyyətində olan bir sıra nəqliyyat vasitələri, o cümlədən Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yuxarıda istinad olunan sorğusunda göstərilən **-JC-*** dövlət qeydiyyat nişanlı “X2 3340 K/36 yük” markalı nəqliyyat vasitəsi "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı ilə bağlanmış 15 iyul 2022-ci il tarixli icarə müqaviləsinə və həmin müqaviləyə 20 fevral 2023-cü il tarixli əlavəyə əsasən "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının icarəsinə və istifadəsinə verilmişdir. Belə olan halda, müəyyən olunur ki, inzibati araşdırma zamanı iş üzrə inzibati xəta törətmiş şəxs düzgün müəyyən edilməmişdir, Şəxs MMC-nin nümayəndəsinin yazılı etirazında göstərilənlər və **-JC-*** dövlət qeydiyyat nişanlı “X2 3340 K/36 yük” markalı nəqliyyat vasitəsinin "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının icarəsində və istifadəsində olması baxımından işin faktiki halları araşdırılmalı, yalnız bundan sonra Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin tələbləri qaydasında inzibati xəta törətmiş şəxs müəyyən edilməklə, əməlində inzibati xəta tərkibi olduğu halda məsuliyyətə cəlb olunmasına, barəsində inzibati araşdırma aparılmasına əsasların olub-olmaması məsələsi həll edilməlidir. Bundan başqa, işdə olan poçt xəbərnaməsinə görə, polis orqanının sorğusunu “Heydərov İsmayıl” ad və soyadlı şəxs qəbul etmişdir. Lakin həmin şəxsin Şəxs MMC-nin müvafiq vəzifəli, səlahiyyətli şəxsi olması, sorğunun məhz həmin MMC-yə daxil olması öz təsdiqini tapmır. Belə ki, həm poçt xəbərnaməsi qeyd olunan naməlum şəxs tərəfindən imzalanmamışdır, həm də hüquqi şəxsin nümayəndəsinin iddiasına görə, 2023-cü ilin 3-cü rübündən bəri Şəxs MMC-nin Serkan Özer-direktor, Sərxan Etibarlı-mühasib olmaqla iki nəfər işçisi olmuşdur və polis orqanının qeyd edilən sorğusu həmin şəxslərin heç birinə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, icraatın hazırkı mərhələsində və işin qeyd olunan faktiki hallarını nəzərə aldıqda, icraata xitam verilməli olması barədə qənaətə gəlinməsi üçün əsaslar müəyyən edilməmişdir, təqdim olunmuş sübutlar əsasında məhkəmə iclasında ətraflı araşdırma aparılaraq inzibati xəta hadisəsinin baş verib-verməməsini, inzibati xətanı törədən hüquqi şəxsi, həmin hüquqi şəxisn bu xətanın törədilməsində təqsirinin dərəcəsini müəyyən etmək, ümumiyyətlə yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş 26 sentyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar