Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5440/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X1 iştirakları ilə, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərarı əsasında barəsində AR İXM-nin 233.1-ci maddəsi üzrə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Maddənin tələbinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi inzibati tənbeh tədbirinin tətbiqi üçün ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olma zəruri şərt hesab edilir ki, işin faktiki hallarından isə görünür ki, inzibati tənbeh tədbirinin tətbiqi zamanı İdarə tərəfindən göstərilən hallar nəzərə alınmamış, inzibati tənbeh tədbiri ilə yekunlaşan inzibati xəta üzrə icraat prosessual tələblərin pozulması ilə qəbul edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar ona məlumat verilmədən, iştirakı olmadan, heç bir izahatı alınmadan tərtib edilmişdir. Halbuki, inzibati orqan tənbeh tədbiri tətbiq edərkən izahatının alınması, normadan çox göstərilmənin texniki xüsusiyyətlərini, buna dair müdafiə vasitələrinin tətbiqi üçün şərait yaratmalı, xüsusi ilə də qərar qəbul edərkən aparılan icraat barəsində məlumatlandırılmağını həyata keçirməli, inzibati xəta üzrə protokolu təqdim etməli, ona qeyd verilməsi kimi hüquqlarının mövcudluğunu, eləcə də digər hüquqlarının mövcudluğunu izah etməli idi. Bu günə qədər tərtib edilən inzibati tənbeh tədbirinin tətbiqini zəruri edən əsaslar, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativ tələbdən artıq olmanın mövcudluğunu müəyyən edən hallar, həmin normativin hansı üsulla, hansı alət və vasitələrdən istifadə nəticəsində istifadə edildiyi müəyyən edilməmiş, məsələyə formal yanaşılaraq kobud pozuntuya yol verilərək inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu günə qədər ona aydın deyildir ki, normativ nə qədər olmuşdur, yol verilə bilən normativlərdən artıq olma tərəfindən hansı istiqamət üzrə pozulmuşdur. Xüsusi texniki vasitələr tərəfindən inzibati xəta müəyyən edildiyi halda, həmin xüsusi texniki vasitələrin göstəriciləri barədə məlumatın qərar və protokolda qeyd edilməsi zəruridir ki, protokol ümumiyyətlə ona təqdim olunmamış, yerində heç bir protokol ümumiyyətlə tərtib edilməmiş, görünür İdarənin özündə iştirakları olmaddan tərtib edilmiş, təqdim edilən qərarda isə, həmin qeydin aparılmadığı aşkar edilmişdir. Qeyd edir ki, əgər buna dair məlumatlar icraat çərçivəsində onda olsaydı, xüsusi texniki vasitə ilə aparılan ölçmə ilə razılaşmadığı halda, inzibati araşdırmanın aparılmalı olmasını, mütəxəssis və ekspertizanın təyin edilməsini xahiş edəcəkdi ki, lakin ona məlumat verilməmiş və qərar qəbul edilmişdir. Halbuki, inzibati orqan nəzərə almalı idi ki, ətraf mühitin mühafizəsi ilə əlaqədar zəruri prosessual hərəkətlərin aparılması, ekspertizanın həyata keçirilməsi zərurəti olarsa inzibati araşdırma mütləq aparılmalıdır. Qeyd olunanları nəzərə alaraq, AR İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinməyinə dair 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində tərtib etdiyi MN ******* nömrəli inzibati tənbeh vermə haqqında 06 dekabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, onun inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onlara məlumat vermədən gəlib yoxlayıblar. Özü yoxlama zamanı olmamış, qardaşı orada olmuşdur. Gəlib demişlər ki, tüstü çoxdur, həmin gün də cərimə yazmışlar. Heç məlumatları olmamışdır. Həmin cihazı düzəltdirmişlər. Gəlib onlara deməmişlər ki, tüstü çoxdur. Protokolu da yerində yazmayıblar. Onlar bütün avadanlıqları qoşublar, ayda iki dəfə manqalı yuduzdururlar, bu işlərə üç yüz manatdan çox pul verirlər. COP 29-la əlaqədar işləri pisləşmişdir. Özü Qarabağ qazisidir. Hazırda borcları var, bu işlə bağlı cərimə olunmaları obyekti bağlamaqları kimi bir şeydir. Qeyd etdiklərini nəzərə alaraq, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X3 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, COP 29-la əlaqədar Nazirliyin göstərişi ilə qruplar yaradılmış, ərazidə araşdırma keçirilmişdir. Ərazidə tüstü çox olduğunu görüb yaxınlaşıb ölçmə apararaq akt tərtib etmişlər. Belə ki, ünvan 1 ünvanında yerləşən “Sherlock Park” restoranının manqalxanası fəaliyyətdə olan zaman, ekoloji monitorinq keçirilmiş, baxış zamanı restoranın manqalxanasının tüstü bacasından atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyən etmək üçün sabit hava şəraitində saat 20:00-21:00-dək Ankat 64M3-04 səyyar cihazı vasitəsilə ölçmə analiz işləri aparılmışdır. Ölçmənin nəticələrinə görə CO (dəm qazı) 8,8 mq/m3 (norma 5 mq/m3) müəyyən olunmuşdur ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. Şikayət əsassız olduğundan, təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakını nəzərə alaraq, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 20 noyabr 2024-cü il tarixli 002568 nömrəli aktın surətindən görünür ki, həmin İdarənin 04 noyabr 2024-cü il tarixli 272/U nömrəli əmrinə əsasən ünvan 1 ünvanında yerləşən “Sherlock Park” restoranının manqalxanası fəaliyyətdə olan zaman, 20 noyabr 2024-cü il tarixdə ekoloji monitorinq keçirilmişdir. Baxış zamanı restoranın manqalxanasının tüstü bacasından atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyən etmək üçün sabit hava şəraitində saat 20:00-21:00-dək Ankat 64M3-04 səyyar cihazı vasitəsilə ölçmə analiz işləri aparılmışdır. Ölçmənin nəticələrinə görə CO (dəm qazı) 8,8 mq/m3 (norma 5 mq/m3) müəyyən olunmuşdur ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Restoranın nümayəndəsi kimi özünü təqdim edən Teymur adlı şəxs monitorinqdə iştirak etsə də akta imza atmaqdan imtina etmişdir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli 88473 nömrəli aktın surətindən görünür ki, həmin tarixdə aparılmış ölçmə analiz işləri zamanı 20 noyabr 2024-cü il tarixli 002568 nömrəli aktla müəyyən edilmiş nöqsanlar aşkar edilmişdir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 20 noyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Sherlock Park” restoranından atmosferə atılan tullantı normadan artıq - 8,8 mq/m3 (norma 5 mq/m3) olmuşdur; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 23 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, “Sherlock Park” restoranının icarədarı X2 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 2500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X5 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz həmin vəzifəli şəxs, “Sherlock Park” restoranının icarədarı X5 tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 20 noyabr 2024-cü il tarixli 002568 nömrəli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli 88473 nömrəli aktlara əsasən ünvan 1 ünvanında yerləşən “Sherlock Park” restoranının manqalxanası fəaliyyətdə olan zaman, ekoloji monitorinq keçirilmiş, baxış zamanı restoranın manqalxanasının tüstü bacasından atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyən etmək üçün sabit hava şəraitində saat 20:00- 21:00-dək Ankat 64M3-04 səyyar cihazı vasitəsilə ölçmə analiz işləri aparılmışdır. Ölçmənin nəticələrinə görə CO (dəm qazı) 8,8 mq/m3 (norma 5 mq/m3) müəyyən olunmuşdur ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. Həmin Qanunun 31-ci maddəsinin 1-ci hissəsinə əsasən ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə: ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmasının və başqa zərərli fiziki təsirlərin, radiasiya təsiri səviyyəsinin, kənd təsərrüfatı və meşə təsərrüfatında aqrokimyəvi maddələrin miqdarının tətbiqinin yol verilə bilən son hədləri; ətraf mühitdə zərərli maddələrin konsentrasiyasının yol verilə bilən qatılıq həddi; mühafizə, sanitariyamühafizə və digər qoruq zonalarının vəziyyəti aid edilir. Azərbaycan Respublikasının “Atmosfer havasının mühafizəsi haqqında” Qanunununun 27.1-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər: atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə; atmosfer havasına zərərli təsir edən təsərrüfat obyektlərinin tikinti yerlərinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmağa; atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə az tullantılı və tullantısız texnologiyaları tətbiq etməyə; atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə; qəza zamanı atmosfer havasına atılan zərərli maddələrin qarşısının alınmasına və onun təsirinin aradan qaldırılmasına, qəza nəticələrinin ləğv edilməsinə dair tədbirləri həyata keçirməyə; atmosfer havasına atılan zərərli maddələrin və onların mənbələrinin uçotunun aparılmasını, həmçinin müəyyən edilmiş normativlərə əməl olunmasına istehsalat nəzarətini keçirməyə; atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə; atmosfer havasına zərərli təsir edən istehsal və digər fəaliyyət obyektlərinin sanitarmühafizə zolaqlarının rejiminə əməl olunmasını təmin etməyə; təsərrüfat obyektlərinin ərazilərindən atmosfer havasını çirkləndirən zərərli maddələrin xüsusi saxlama və ya basdırılma yerlərinə, habelə onları xammal kimi istifadə edən obyektlərə vaxtında və təhlükəsiz daşınmasını təmin etməyə; atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması dair müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin sərəncamlarını və yazılı göstərişlərini yerinə yetirməyə; qəza nəticəsində atmosfer havasının çirklənməsinə səbəb olan zərərli maddələr barədə məlumatları müvafiq icra hakimiyyəti orqanlarına dərhal göndərməyə; atmosfer havasının mühafizəsi məsələlərinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanlarına müəyyən edilmiş qaydada təqdim etməyə; atmosfer havasının mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər tələblərə əməl etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda, məhkəmə şikayət vermiş şəxsin dəlillərini əsaslı saymayaraq, qeyd edir ki, 20 noyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Sherlock Park” restoranından atmosferə atılan tullantı normadan artıq - 8,8 mq/m3 (norma 5 mq/m3) olması, müvafiq fiziki şəxslərin ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və digər bu kimi sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri, mütəxəssisləri tərəfindən aşkar olunmaqla yerində yoxlama zamanı inzibati xətaların əlamətlərinin, yəni ətraf mühitə, atmosferə atılan tullantının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmiş və inzibati araşdırma başlanılmışdır. Ölçü işləri isə sertifikatı olan ölçmə vasitəsi ilə həyata keçirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ümumilikdə irəli sürülən dəlillərin işin icraatını istisna edən hal, sübut qismində qəbul edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 haqqında 2500 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, maddənin sanksiyası həddində olmaqla həmin vəzifəli şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Bakı şəhər idarəsinin 06 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5440/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5440/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver