Məhkəmə qərarları › İş №3(007)-5440/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5440/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5440/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Mehdiyeva Aynur Yasən qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, müdafiəçi - Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 05 noyabr 19971-ci il tarixdə Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, Naxçıvan MR, Şərur rayonu, Muğancıq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon İcra şöbəsindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı Şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1561 saylı icra sənədi üzrə yaranmış 3695 manat aliment borcunu ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-1561/2022 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)- 1992/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-1992/2020 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 30 saylı Notariat Kontorunun 8İ-9393 nömrəli xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1561/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1561/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədi üzrə borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1992/20 nömrəli, xx.xx.2020-ci il tarixli və 2(007)-1561/2024 nömrəli,xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə 3695 manat aliment borcunu ödəməmişdir. Borclü 2025-ci il may ayında axtarış ilə şöbəyə təhvil verilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilsədə geri qaytarılmışdır. Daha sonra borcdan 300 manat ödəniş etmişdir. Lakin ondan sonra ödəniş etməmişdir. Hətta 2025-ci ilin may ayında şöbəyə təhvil verilərəkən qaçmağa çalışmış, telefon danışığı aparmaqla ona barəsində inzibati xəta haqqında protokol tərtib edilməyəcəyini bildirərək geri qayıtmağa razı salmışlar. Borclu izahatında torpaq sahəsi olduğunu bildirsə də, elektron icra sistemində borclunun mülkiyyətində əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, borcu ödəməkdən yayınmır. O, bu ilin may-iyun ayında borcdan 300 manat ödəniş etmişdir. Borcu ödəyə bilməməsinin səbəbi işsiz olması ilə bağlı olmuşdur. Əvvəllər işlədiyi üçün əmək haqqından tutulurdu. Lakin işdən çıxdıdan sonra ödənişləri etməkdə çətinlik yaranıb. Hazırda bu ayın əvvəlindən yeni işə başlamışdır. Növbəti ayın 5-indən başlayaraq hər ay 500 manat ödəniş edə bilər. O, axtarışla şöbəyə təhvil verildiyi vaxtdan sonra müəyyən müddət taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun mülkiyyətində torpaq sahəsi var. Onu satmağa çalışır, lakin hələ alıcı yoxdur. Həmin torpaq sahəsini borcun qarşılığında X5 təklif etməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, borcun tam şəkildə ödənilməsini istəyir. X8 işdən çıxdığı vaxtdan, yəni 2023-cü ilin sonlarından başlayaraq alimenti ancaq polis vasitəsilə ödəyir. İcra işi əvvəl Naxçıvanda olmuş, orada axtarışa verilmiş, polis tərəfindən saxlanıldıqdan sonra 750 manat borcdan ödəniş etmişdir. Daha sonra yenidən ödəniş etməməmiş, yenidən o, polisə müraciət etməli olmuşdur. Bu ilin may ayında polis tərəfindən gətirildikdən sonra ödəniş etmiş, sonra yenə ödəniş etməmişdir. Onu polis saxladıqda xahiş etmişdir ki, onu buraxdırsın, borcu ödəyəcək. Lakin sonra yenə ödəniş etməmişdir. O, dəfələrlə polis vasitəsi ilə icra şöbəsinə gətirilmiş və borcunu ödəyəcəyini bildirsə də, hazırkı vaxtadək borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs qərəzli olaraq ödəniş etməkdən boyun qaçırmır, əvvəllər işləmirdi, hazırda işləyir borcundan hər ay 500 manat ödəniş edə bilər. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarından, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli və üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq Bakı Şəhər Nizami rayon Məhkəməsinin e -2(007)-1992/20220 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı Şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-1561/2024 nömrəli, xx.xx.2024-cü il tarixl icra sənədləri üzrə yaranmış aliment borcunu ödəməmişdir. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlara əsasən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2023-cü ilin sonundan başlayaraq aliment borcunu ödəməkdən yayınır. İcra sənədinin icrasını təmin etmək üçün Şəxs barəsində icra məmuru tərəfindən dəfələrlə “borclunun axtarılması”, “məcburi gətirilmə” barədə qərar qəbul edilmişdir. Həmin qərarların icrası zamanı polis tərəfindən icra şöbəsinə gətirilən zaman Şəxs tərəfindən alimnet borcundan ödəniş edilmiş, lakİn sonra yenə ödəniş həyata keçirməmişdir. Müəyyən edilmişdir ki, sonuncu dəfə Şəxs Şəxs bu ilin may ayında polis tərəfindən icra şöbəsinə təhvil verilmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin prtokol məhkəmə tərəfindən geri qaytarılmışdır. Şəxs həmin ptokol tərtib edilən zaman 300 manat ödniş etmiş, lakin sonra yaranmış aliment borcundan ödəniş etməmişdir. Halbuki məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs rəsmi iş yeri olmasa da müəyyən müddət, o cümlədən may ayından sonra da taksi fəaliyyəti ilə məşğul olmuşdur. Yəni Şəxs tam aliment borcunu ödəyə bilməsə də, ən azı müəyyən ödənişlər həyata keçirməyə faktiki imkanı olmuşdur. Lakin heç bir ödəniş həyata keçirməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək qeyd edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən 44 manat məbləğində vəsait dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara Aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar