Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5441/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X3 Yol-Patrul Xidmətinin inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçi Vəkil Abış oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 511.1.3, 327.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Bakı şəhəri Nizami rayon DYPŞ YPX inspektoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3, 327.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar ilə birlikdə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 noyabr 2025-ci il tarixdə saat 17:20-də idarə etdiyi “TVS Apache RTR 200 4V Motosikl” markalı 99L768 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-nin 511.1.3, 327.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Şəxs bir neçə gün bundan öncə də polis əməkdaşları tərəfindən qeyd edilən şəkildə nəqliyyat vasitəsi idarə etdiyi üçün saxlanılaraq xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun tərəfindən yalnız manevr etmə qaydaları pozulmuşdur. Törətdiyi əməldən peşmandır ki, özünün və başqalarının həyatını təhlükəyə atmışdır. Bildirmişdir ki, polis əməkdaşlarına təşəkkür edir ki, onu saxlamışlar. Belə ki, bəlkə qeyd edilən şəkildə nəqliyyat vasitəsini idarə etməsi nəticəsində hər hansı bir hadisə baş verə bilərdi. Həmçinin bildirmişdir ki, o İİ Qarabağ müharibəsi iştirakçısıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilən zaman Şəxs tərəfindən nəqliyyat vasitələrinin intensiv hərəkətdə olduğu əsas yolda idarə etdiyi motosikleti qəflətən sürətləndirməklə, avtomillərin qarşısı ilə təhlükəli manevr edərək, təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən ona polis əməkdaşları tərəfindən bir neçə gün öncə təhlükəli şəkildə nəqliyyat vasitəsi idarə etməyə görə xəbərdarlıq edilməsinə baxmayaraq, onun yenidən eyni şəkildə nəqliyyat vasitəsi idarə edərək özü və başqa şəxslərin həyatını təhülkəyə atması nəzərə alınmışdır. Belə ki, məhkəmə qeyd edir ki, ölkənin hər bir vətəndaşı, aidiyyəti bütün dövlət orqanları və məhkəmə tərəfindən yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Nəqliyyat vasitəsi sürücüləri başqa şəxslərin həyatını təhlükəyə atacaq şəkildə nəqliyyat vasitəsini idarə etməkdən çəkinməlidirlər. Bunun üçün isə Məhkəmə də öz növbəsində üzərinə düşən öhdəliyi yerinə yetirərək vətəndaşları qanunlara əməl etmələri ruhunda tərbiyələndirmək üçün yol-hərəkəti qaydalarını pozan, öz və başqa şəxslərin həyatını təhülkəyə atan şəxslər barəsində inzibati tənbeh tətbiq etməlidir. Nəzərə alınmalıdır ki, hazırda Şəxs olunun inzibati məsuliyyətə cəlb edilməməsi onun tərəfindən yenidən eyni hərəkətlərə yol verilərək bəlkə də gələcəkdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta törətmiş Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1, 329.3-cü maddələri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1, 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, onun barəsində sözügedən maddələrlə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən 44 manat məbləğində vəsait dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin İXM-nin 511.1-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 1(bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 329.3-cü maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil Abış oğluna müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-5441/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5441/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver