Məhkəmə qərarları › İş №3(007)-5443/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5443/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5443/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:40 radələrində idarə etdiyi avtomobil duracağa yerləşdirilərkən YPX əməkdaşlarıın qanuni tələbinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis baş leytenantı E.T.Qasımzadə tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “Neftçilər” metrosu istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmış, əməkdaşların sənədləri təqdim etməsi barədə əmrinə tabe olaraq sənədləri təqdim etmişdir. Polis əməkdaşları avtomobili etibarnamə olmadan idarə edə bilməyəcəyini və nəqliyyat vasitəsinin müvəqqəti duracağa qoymaq lazım olduğunu demişlər. O, Nizami rayonu ərazisində yerləşən duracağın qarşısında avtomobilin hansı səbəbdən duracağa qoymaq istəmələrinin izah edilməsini və protokolun təqdim edilməsini tələb etmişdir. Bundan sonra polis əməkdaşları heç bir söz demədən X5 əməkdaşlarını çağırmış və o da onlarla birlikdə 23-cü PB-nə getmişdir. Əməlindən peşmandır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 14:40 radələrində Q.Qarayev-Nəsimi küçələrinin kəsişmələrində “Mercedes Benz C220 CDİ” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön baryeri olmadığı və ətraf hissələrində ön alın şüşəsində əzik və çat olduğu üçün saxlanılmışdır. Sürücü sənədlərini təqdim etdikdən sonra onun etibarnaməsinin olmaması, həmçinin hadisə ilə bağlı heç bir arayışının olmaması müəyyən olunmuşdur. Şəxs nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunacağı bildirilmiş, o da avtomobilə əyləşərək 11 saylı duracaq istiqamətində hərəkətə başlamışdır. Lakin, Şəxs müvəqqəti duracağa çatan zaman fikrini dəyişmiş və avtomobili duracağa təmin etməyəcəyini bildirmişdir. Sürücüyə dəfələrlə izah edilməsinə baxmayaarq, onların qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və Azərbaycan Respublikasının İXM-nin 31.2ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar