Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5446/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, “Azərbaycan (X1) Limited” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: “Azərbaycan (X1) Limited” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola görə, “Azərbaycan (X1) Limited” MMC mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsini 05 iyul 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Protokola əlavə edilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən “Azərbaycan (X1) Limited” MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus H011444 dövlət qeydiyyat nişanlı “Tofash Kartal minik” markalı avtomobilin iştirakı ilə 05 iyul 2023-cü il tarixdə saat 01:06-da Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Protokola əlavə edilmiş zərfin surətindən görünür ki, “Azərbaycan (X1) Limited” MMC-nin hüquqi ünvanı olan ünvan 2van sahibinə çatdırılmadan, “Bu ünvanda yaşamır, köçüb” poçt qeydi ilə Nizami RPİ-nin DYPŞ-nə geri qaytarılmışdır. Protokola əlavə edilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru Hüseyn Hüseynov tərəfindən 23 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş arayışdan görünür ki, “Azərbaycan (X1) Limited” MMC barəsində inzibati işlə bağlı Azərbaycan Respublikası İXM-nin 97.4-1-ci maddəsinə əsasən Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulan sorğuları hüquqi şəxslərin öz hüquqi ünvanları üzrə fəaliyyət göstərməməsi səbəbindən onun nümayəndəsi ilə əlaqə saxlanılmışdır (əlaqə vasitəsi və digər məlumatlar qeyd edilməmişdir). “Azərbaycan (X1) Limited” MMC Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 2B-də qeydiyyatda olduğunu, lakin orada fəaliyyət göstərmədiyini bildirmiş, 5 gün müddətində Nizami RPİ-nə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, materialın öyrənilməsi ilə müəyyən olunur ki, belə bir məlumat, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan (X1) Limited” MMC-yə çatdırılmamış, MMC hüquqi ünvan üzrə ünvan 4anlanmış sorğunun əsassız olaraq geri qaytarılmasının səbəbləri araşdırılmamış, çatdırılmanın təmin edilməsi üçün qanunla müəyyən edilmiş tədbirlər görülməmişdir. Nizami RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən həmin MMC-nin nümayəndəsinə telefon vasitəsilə məlumat verməsinə və bu zaman İXM-nin 97.4-1-ci maddəsinə istinada gəldikdə, həmin maddənin tələbinə əsasən İXM-nin 123.1-ci maddəsində nəzərdə tutulan sorğunu hüquqi şəxsin öz hüquqi ünvanı üzrə fəaliyyət göstərməməsi səbəbindən 20 gün müddətində bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, sorğunun verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Bu qaydada təqdim edilən sorğu rəsmi qaydada verilmiş hesab olunur. Göründüyü kimi, “Azərbaycan (X1) Limited” MMC-yə münasibətdə İXM-nin 57-ci maddəsinin tələbləri ilə yanaşı həmin Məcəllənin 97.4-1-ci maddəsinin tələbləri baxımından da qanunvericiliyə əməl edilməmişdir, sorğunun rəsmi qaydada verilmiş hesab olunması üçün inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilməmiş, dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edilməmiş, müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda 23 sentyabr 2023-cü il tarixli arayışda MMC-nin nümayəndəsi ilə əlaqə saxlanılmasına baxmayaraq 5 gün müddətində məlumat verilmədiyi göstərilsə də, bu əlaqənin hansı nömrə vasitəsi ilə, hansı tarixdə, saatda saxlanıldığı, danışığın davam etmə müddəti, ötürüldüyü hesab olunan məlumatı qəbul edən şəxsin şəxsiyyəti, səlahiyyəti barədə məlumatlar əksini tapmamış, hazırkı iş üzrə inzibati xəta haqqında protokol isə arayışın tərtib edildiyi eyni tarixdə tərtib olunmuşdur. Bundan başqa, məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan (X1) Limited” MMCyə dair Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, Dövlət Vergi Xidmətinin müvafiq reyestrində həmin adda hüquqi şəxsin qeydiyyatı, VÖEN nömrəsi aşkar olunmamışdır. “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlama da nəticə verməmişdir. Belə olan halda, aydın olur ki, inzibati xəta törətmiş şəxsin düzgün müəyyən edilməmiş, ona dair məlumatlar, hüquqi sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, göstərilən nöqsanlarla bağlı təqdim edilmiş material natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün, tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “Azərbaycan (X1) Limited” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə tərtib edilmiş 23 sentyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5446/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5446/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver