Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-55/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən guya Nizami rayonu, B.Çobanzadə küçəsindəki “Xan qızı” şadlıq sarayının fəaliyyəti ilə əlaqədar ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olması nəticədə onun Azərbaycan Respublikası İXM-nin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbindən barəsində 16 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan sonra 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən adıçəkilən protokol əsasında 30 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun Azərbaycan Respublikası İXM-nin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə görə 2500 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, həmin qərar ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti ilə 16 noyabr 2021-ci il tarixdə 82 nömrəli müqavilə bağlamışdır və nəticədə Milli Hidrometerologiya Xidmətinin əməkdaşdaşları “Xan qızı” şadlıq sarayının tüstü baca təmizləyicinin qurğusuna baxış keçirərək norma və standartlara uyğun olması barədə sənəd təqdim etmişlər. Barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, “Xan qızı” şadlıq sarayının tüstü bacasına ətraf mühitə atılan zərərli maddələrin qarşısının alınması üçün təmizləyici qurğu quraşdırılmışdır. Ölçmə işlərini restoranın həyətində və 10 metr aralıda aparan Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisələrindən fərqli olaraq eyni Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ölçmə işlərini restorandan 70 metr kənarda aparmışlar. Hansı ki, ətrafda digər restoranlar və bu kimi obyektlər fəaliyyət göstərirlər, ətraf mühitə atılan zərərli maddələrin məhz “Xan bağı” restoranının tüstü bacasından atılmasını həmin qaydada ayırd etmək olmaz, buna dair ölçmə işlərinin nəticələri olmadığına görə onlara təqdim olunmamışdır. Ona görə hesab edir ki, fərziyyə əsasında yazılmış protokol əsasında barələrində inzibati tənbeh tətbiq olunması əsassız olmuşdur. Şikayətinin təmin olunmasını və barəsində şikayət verdiyi qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 izahatında göstərmişdir ki, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Xan qızı” şadlıq sarayının fəaliyyəti zamanı, 07 noyabr 2021-ci il tarixdə ətraf mühitə atılan (buraxılan) zərərli maddələr miqdarının normadan artıq olması 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmiş, şadlıq sarayının icarədarı X1 barəsində 16 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 233.1 və 234.0.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında İdarə rəisinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə 2500 manat cərimə edilmişdir. Onlarda ölçmə aparatları olmasa da, hesab edir ki, inzibati araşdırma zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir, qərar qanuni və əsaslıdır. Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına gəldikdə, hər bir halda onların iştirakları təmin edilməli idi. Zərurət varsa, hazırda yerində də baxıb şadlıq sarayının təmizləyici qurğusunun olub-olmadığını müəyyən etmək olar. Şikayətin təmin olunmamasını, mübahisələndirilən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X3 tərəfindən tərtib olunmuş 16 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Xan qızı” şadlıq sarayının fəaliyyəti zamanı, 07 noyabr 2021-ci il tarixdə ətraf mühitə atılan (buraxılan) zərərli maddələr miqdarı normadan artıq olmaqla X6 tərəfindən Azərbaycan Respublikası İXMnin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən qəbul olunmuş 30 noyabr 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Xan qızı” şadlıq sarayının fəaliyyəti zamanı, 07 noyabr 2021-ci il tarixdə ətraf mühitə atılan (buraxılan) zərərli maddələrin miqdarının normadan artıq olmasına görə, 16 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X6 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə barəsində 2500 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 03 dekabr 2021-ci il tarixli 20/G-540 nömrəli məktubundan, ona əlavə edilmiş, həmin Xidmətlə X6 arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli 82 nömrəli müqaviləyə əsasən hazırlanmış “İnformasiya məhsulunun təhvili-qəbulu” aktından və ölçmə işlərinin nəticələrindən görünür ki, “Xan qızı” restoranının ərazisində və ətrafında aparılmış ölçmələrin nəticələri aşağıdakı qaydada olmuşdur: restoranın həyətində - dəm qazı (CO) mq/m3 ölçü vahidi ilə komponentlərin miqdarı 4.6, yol verilən hədd 5.0; kükürd qazı (SO2) mq/m3 ölçü vahidi ilə komponentlərin miqdarı 0.4, yol verilən hədd 0.5 olmuş, restorandan 10 m həyətində - dəm qazı (CO) mq/m3 ölçü vahidi ilə komponentlərin miqdarı 2.8, yol verilən hədd 5.0; kükürd qazı (SO2) mq/m3 ölçü vahidi ilə komponentlərin miqdarı 0.2, yol verilən hədd 0.5 olmuşdur. -Vəsiqənin surətindən görünür ki, X6 ********** qeydiyyat (VÖEN) nömrəsi ilə Bakı şəhər Vergilər Departamentində “bir pəncərə” prinsipi ilə qeydə alınmışdır; -X4 (İcarəyə verən) ilə X6 (İcarəçi) arasında bağlanaraq, Bakı şəhəri 52 saylı notariat kontorunda 22 may 2017-ci il tarixdə qeydə alınmış icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 761.6 kv.m olan əmlak kompleksi icarəyə verən tərəfindən icarəçiyə icarəyə verilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir, X6 tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarının normativlərdən artıq olması ilə Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən sübutlar müəyyən və əldə edilməmişdir. Hansı ki, əməldə İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın faktiki xarakteri onu tələb edir ki, belə xəta tərkibinin olduğunun müəyyən edilməsi üçün xüsusi texniki vasiələrdən istifadə olunmaqla, müvafiq sahədə mütəxəssis hesab olunan şəxs tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarının normativlərdən artıq olması aşkar olunmalı, müvafiq qaydada sübutlar toplanaraq materiala əlavə edilməlidir. İnzibati xəta haqqında icraatı aparmış orqandan fərqli olaraq isə, baxmayaraq ki, inzibati qaydada tənbeh edilmiş şəxs İXM-nin 8-ci maddəsinin tələbləri baxımından öz təqsirsizliyini sübut etməyə borclu deyildir, X1 məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutla müəyyən olunmuşdur ki, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən “Xanq qızı” restoranının ərazisində və ətrafında ölçmə işləri aparılmış, bu zaman müvafiq komponentlərin miqdarı, yəni dəm qazının (CO) və kükürd qazının (SO2) yol verilən həddən aşağı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun tərəfindən icarədarı olduğu “Xan qızı” şadlıq sarayında ətraf mühitə atılan zərərli maddələrin miqdarının normativlərdən artıq olması halına yol verməməklə əməlində inzibati xəta tərkibi olmadığından, şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə 2500 manat məbləğində cərimə edilməsinə dair 30 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-55/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-55/2022
03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver