Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5512/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi ilə, xx.xx.1982-ci ildə Bolnisi rayonu, Dzvelikvaşi kəndində anadan olmuş, Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:10 radələrində idarə etdiyi “OPEL ASTRA” minik markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş, Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2025-ci il tarixdə, saat 00:45-də tərtib edilmiş protokoldan görünür ki, müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin izahatında Şəxs “həkim müayinəsinə ehtiyac yox, spirtli içki qəbul etmişəm, müayinənin nəticəsi ilə razıyam” məzmunda izahat yazmış və imzalamışdır. - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:43-də keçirilən müayinə zamanı onda alkoqolun miqdarı 0,485 % olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5512/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5512/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver