Məhkəmə qərarları › İş №3(007)-5517/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5517/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5517/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxx 2004-cü il tarixdə Naxçıvan MR Kəngərli rayonu, Böyükdüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR Kəngərli rayonu, Böyükdüz kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 40, mənzil 21-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 206-cı maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 18 dekabr 2024-cü il tarixdə saat 03:50 radələrində Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində, “köhnə məhkəmə” binasının yaxınlığında Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda narkoloji müayinəsi zamanı narkotik vasitə istehlak etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o və Dibirhacı tələbədirlər, Gömrük Akademiyasında oxuyurlar, gündüz dərsə gedir, axşam isə işləyirlər. 18 dekabr 2024-cü il tarixdə gecə işdən çıxmışlar, saat 03:50 radələrində Q.Qarayev prospektində “köhnə məhkəmə” binasının yaxınlığında polis maşını qəflətən qarşılarına çıxmışdır. Gecə olduğundan qorxaraq qaçmaq istəmişlər, lakin polislər onları saxlamışdır. Sonra onu müayinəyə aparmışlar, müayinə zamanı narkotikdən istifadə etməsi müəyyən edilmişdir. 4-5 ay əvvəl Gəncədə dostlarının toyunda narkotik vasitə istifadə etmişlər. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri X7 izahatında göstərmişdir ki, 18 dekabr 2024-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində, “köhnə məhkəmə” binasının yaxınlığında iki nəfər şəxsin özlərini şübhəli apardığını müşahidə edib yaxınlaşmış, özlərini təqdim edərək onların da özləri barədə məlumat verib şəxsiyyət vəsiqələrini təqdim etmələrini təklif etmişlər. Lakin hər iki şəxs onları itələyib qaçmağa başlamışlar. Həmin şəxslərə xəbərdarlıq edib dayanmalarını tələb etsələr də, onlar tabe olmayıb qaçmağa davam etmişlər, buna görə digər əməkdaşların köməyi ilə həmin şəxsləri saxlamış, onları ərazi üzrə 25-ci PŞ-nə aparmış, raport yazmaqla barələrində tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxslər Şəxs və X2r. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan tibbi müayinə protokoluna əsasən onun narkotik vasitə qəbulu nəticəsində sərxoş olması müəyyən edilsə də, həmçinin İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyinə görə həmin halın məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilməsinə əsas yoxdur. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 18 dekabr 2024-cü il tarixdə saat 03:50-də tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Təqdim edilmiş materialdan görünür ki, Şəxs qanunsuz olaraq, şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə və ya psixotrop maddə istehlak etməyə görə də inzibati məsuliyyətə cəlb olunaraq, barəsində həmçinin Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyi halda, onun narkomaniyadan müalicəyə ehtiyacının olub-olmamasının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilməmiş və müvafiq rəy alınmamışdır. Hansı ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə eyni zamanda inzibati həbs tənbeh növü nəzərdə tutulur, belə şəxsin barəsində inzibati həbs tənbeh tətbiq edildiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı müəyyən edildiyi halda ona həmin müalicə təyin olunmalıdır. Maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulduğuna görə işə təxirəsalınmadan baxılmalı olduğundan isə belə sübutun iş materiallarında mövcud olması zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs narkomaniyadan müalicəyə ehtiyacı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilərək rəy alınmadığı, bununla da təqdim edilmiş material həmin hissədə natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün, bu hissədə material ayrılaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Araşdırma zamanı həmçinin, Şəxs narkotik vasitəni və ya psixotrop maddəni hansı mənbədən və hansı üsulla əldə etməsi, mənbənin kimliyi, bu maddələri istehlak etdiyindən əlavə narkotik vasitə saxlayıb-saxlamaması və digər bu kimi mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmalı, yalnız bundan sonra şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilməsinə əsasların olub-olmaması məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan hissədə material ayrılaraq araşdırma aparılması və zəruri sübutların toplanması üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə geri qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar