Məhkəmə qərarları › İş №3(007)-552/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-552/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-552/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndələri X1 və Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Yataqxana, ev 1-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs tərəfindən Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ünvanında 15 yanvar 2025-ci il tarixdə saat 15:30-da “Dönər Storm” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstəmişdir ki, Şəxs onlara işləməməyi barədə qabaqcadan məlumat verməli idi. Müqavilə və VÖEN onun adınadır. İnzibati xəta haqqında protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onlar vətəndaşa 05 noyabr 2024-cü il tarixdə məktub göndərmişlər, məktub 07 noyabr 2024-cü il tarixdə alınmışdır. İnzibati xəta haqqında protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 22 aprel 2025-ci il tarixdə keçirilən sonuncu iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi iştirak etməmişdir, məhkəmə həmin nümayəndələrin daha əvvəlki iclaslarda iştirak edib izahat verdiklərini, işin faktiki hallarını nəzərə alaraq, onların iştirakı olmadan işə baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Dönər Storm” adlı obyekti VÖEN əsasında qısa müddət ərzində icarəyə götürmüş və orada işçi kimi işləmiş, 2024-cü ilin avqust ayından isə oradan ayrılmışdır. Reklam Agentliyinin işçisi 2024-cü ilin oktyabr ayında ona zəng etmiş, o da həmin obyektin kimin olması ilə bağlı məlumat və nömrə vermişdir. Obyekt onun adına olmaya-olmaya barəsində protokol tərtib olunmuşdur. O, hər hansı sənədə imza etməmiş, ərizə yazmamışdır. Özünün məlumatı olmadan reklam müqaviləsinin müddəti uzadılmışdır. O, yalnız 2024-cü ilin aprelindən oktyabrınadək olan müddət üçün reklam yayımına icazə verilməsi ilə bağlı ərizə vermişdir. Onun ********** nömrəli VÖEN ilə Suraxanı rayonunda ədviyyat mağazası var, Qaraçuxurda mağaza işlədir. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İnternet vergi idarəsinin portalından çıxarışdan görünür ki, Şəxs ********** VÖEN nömrəsi ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsində qeydiyyata alınmışdır; - 23 aprel 2024-cü il tarixli ərizənin və ödəniş sənədlərindən surətindən görünür ki, ********** VÖEN nömrəsi ilə fəaliyyət göstərən Şəxs Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ünvanında “Dönər Storm” adlı adlı obyektin üzərində 15 aprel 2024-cü il tarixdən etibarən 06 ay müddətinə reklam yerləşdirilməsinə icazə verilməsi üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə müraciət etmişdir; -Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25 noyabr 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ünvanında “Dönər Storm” adlı adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş, fotoşəkillər çəkilərək akta əlavə edilmişdir; -Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin fərdi sahibkar X6 ünvanlanmış 26 noyabr 2024-cü il tarixli 11-3-1/2-4734/2024 nömrəli göstərişindən görünür ki, həmin idarə tərəfindən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ünvanında ona məxsus “Dönər Storm” adlı adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə 25 noyabr 2024cü il tarixli akt tərtib eidlmişdir. Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilmiş, icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün həmin idarəyə müraciət etməsi və ya icazəsiz reklam yayımını dayandırması tələb olunmuşdur; -Sürətli poçt xidmətinə aid çatdırılma qəbzinin surətindən görünür ki, 26 noyabr 2024-cü il tarixli 11-3-1/2-4734/2024 nömrəli göstəriş 28 noyabr 2024-cü il tarixdə “Xancanov Tural” tərəfindən imza edilərək qəbul olunmuşdur; -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 və Uçotu Baş İdarəsinin 13 mart 2025-ci il tarixli 3-21-2-4/2-127300/2025 nömrəli məktubundan görünür ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən Şəxs (VÖEN: **********) fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması, xx.xx.2021ci il tarixdən vergi ödəyicisinin ərizəsinə əsasən fəaliyyətinin bərpa olunması barədə məlumat müəyyən edilmişdir; -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 və Uçotu Baş İdarəsinin 11 aprel 2025-ci il tarixli 3-21-2-1/2-5862/2025 nömrəli məktubundan görünür ki, müraciətlə əlaqədar olaraq Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsi ünvanında yerləşən “Dönər Storm” adlı təsərrüfat subyektində (obyektində) aparılmış müşahidə baxış zamanı obyektdə fərdi sahibkar X3 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə aparılmış monitorinq məlumatlarına əsasən qeyd olunan təsərrüfat subyektində (obyektində) fərdi sahibkar X4 (VÖEN: **********, təsərrüfat obyektinin kodu: **********- 16001) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində hazırkı iş üzrə 15 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib edilməsinə, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ünvanında 15 yanvar 2025-ci il tarixdə saat 15:30-da “Dönər Storm” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktının aşkar edilməsi əsas olmuşdur. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir; 2.0.9-cu maddəsinə əsasən reklam yayıcısı - reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir; 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur; 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir; 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozularaq müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış Şəxs Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ünvanında “Dönər Storm” adlı adlı obyektdə fəaliyyət göstərmişdir. Fəaliyyəti dövründə o, 15 aprel 2024-cü il tarixdən etibarən 06 ay müddətinə, yəni 15 oktyabr 2024-cü il tarixədək reklam yerləşdirilməsinə icazə verilməsi üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə müraciət etmiş, müəyyən edilmiş məbləğdə dövlət rüsumunu, yayım haqqını ödəmişdir. Bundan sonrakı müddətdə, konkret olaraq açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması halının müəyyən edilməsi barədə aktın tərtib olunduğu 25 noyabr 2024-cü il tarixində və ya inzibati xəta haqqında protokolun tərtib edildiyi 15 yanvar 2025-ci il tarixində Şəxs “Dönər Storm” adlı obyektdə fəaliyyət göstərməmiş və ya həmin obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməmişdir, ona görə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab edilə bilməz. İlk növbədə nəzərə alınmalıdır ki, istər 25 noyabr 2024-cü il tarixli akt, istərsə də 15 yanvar 2025-ci il tarixli protokol X5 iştirakı olmadan tərtib edilmiş, izahatı alınmamışdır. Bundan başqa, məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 və Uçotu Baş İdarəsinin 11 aprel 2025-ci il tarixli 3-21-2-1/2-5862/2025 nömrəli məktubu ilə təsdiq olunmuşdur ki, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsi ünvanında yerləşən “Dönər Storm” adlı təsərrüfat subyektində (obyektində) 26 noyabr 2024-cü il tarixdə aparılmış monitorinq məlumatlarına əsasən qeyd olunan təsərrüfat subyektində (obyektində) fərdi sahibkar X8 (VÖEN: **********) fəaliyyət göstərmişdir. Bu qeyd edilənlər onu təsdiq edir ki, X9 15 aprel 2024-cü il tarixdən etibarən 06 ay müddətinə, yəni 15 oktyabr 2024-cü il tarixədək reklam yerləşdirilməsinə icazə verilməsi üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə müraciət etdikdən, müəyyən edilmiş məbləğdə dövlət rüsumunu, yayım haqqını ödədildən sonrakı müddətdə, xüsusilə 25 noyabr 2024-cü il tarixində aktın tərtib edilməsi zamanı və ondan sonrakı müddətdə, o cümlədən inzibati xəta haqqında protokolun tərtib edildiyi 15 yanvar 2025-ci il tarixdə qeyd olunan obyektdə faktiki olaraq fəaliyyət göstərməmişdir. Qeyd olunan təsərrüfat subyektində (obyektində) vergi orqanının 26 noyabr 2024-cü il tarixdə apardığı monitorinq zamanı fərdi sahibkar X4 fəaliyyət göstərməsi, Bakı şəhəri Reklam İdarəsinin icrası məcburi olan 26 noyabr 2024-cü il tarixli göstərişinin 28 noyabr 2024-cü il tarixdə “Xancanov” aoyadlı şəxs tərəfindən imza edilərək qəbul olunması ilə də təsdiq edilir. Bundan başqa, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ünvanında “Dönər Storm” adlı adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi 25 noyabr 2024-cü il tarixdə aşkar olunaraq akt tərtib edilməsinə, aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması və s. barədə icrası məcburi olan göstəriş verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol hər hansı əsas olmadan yalnız 15 yanvar 2025-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs baxılan işə münasibətdə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulduğu qaydada reklam fəaliyyətinin subyekti, reklam yayıcısı hesab oluna bilməz, onun Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə, həmin Məcəllənin 53.2-ci maddəsinin tələbinə uyğun olaraq, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar