Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5543/2025 01.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakı ilə, xx.xx.1989-cu ildə Rostov vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin inzibati binasında qardaşı X7 ilə birlikdə nalayiq sözlərdən istifadə etməklə səs-küy salaraq ictimai asayişi pozmaqla polisin iş fəaliyyətinə maneçilik törətmiş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 məhkəməyə protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, protokolda göstərilən hallar olub. Belə ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında YPX əməkdaşları tərəfindən saxlanılmış, alkotestr vasitəsilə yoxlanılmış, nəticə 0,3 promil göstərmiş, daha sonra maşın duracağa yerləşdirilmiş, o, maşında olan ailə üzvlərini evə düşürdükdən sonra özü müstəqil şəkildə tibbi müayinədən keçmiş, axşam saatlarında polis şöbəsinə qayıtmış, bu zaman qardaşı Elvin Qasımov da orada olmuşdur. O, mağazaya gedərək su alıb qayıtmış, əlində sellofan torba olmuş, geri qayıtdıqda polis əməkdaşlarının onun üstünə gəldiyini və onların aqressiv danışdığını gördükdə polis əməkdaşının ona təzyiq göstərəcəyini düşünərək özünü müdafiə etmək üçün qolunu qaldırmış, qolunda olan torba polis əməkdaşına dəymişdir. O, özünü müdafiə etmək üçün belə etmişdir, polis əməkdaşı guya onların nalayiq ifadələr işlətdiyini bildirərək ona əl atmış, o da özünü qorumuşdur. Lakin o, nalayiq ifadələr işlətməmiş, söyüş söyməmiş, tabesizlik göstərməmişdir. O, “dovşan” kəlməsini işlətməmiş, ümumiyyətlə nalayiq ifadələr işlətməmişdir. Şöbəyə daxil olduqda onun üzərinə gələn əməkdaşın günorta onu saxlayan polis əməkdaşı olduğunu bilməmiş, bu səbəbdən o sözü işlətmişdir, həmin polis əməkdaşı olduğunu bilsəydi, elə deməzdi, çünki onunla aralarında isti münasibət yaranmışdı. Bu səbəbdən polis əməkdaşından (Kamranzadə Turaldan) üzr istəyir. Polis əməkdaşları hadisəni şişirdir, hadisə cəmi 7-8 dəqiqə davam etmiş, həmin hadisə aralarında olan anlaşmazlıqdan yaranmış, PPXB əməkdaşları gəldikdə artıq sakitçilik olmuş, 7-8 dəqiqə ərzində özünü polis şöbəsində görmüşdür. Evlidir, himayəsində 2 azyaşlı uşağı var. Bütün bunları nəzərə alaraq, məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X12 hazırki halda Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YNH üzrə inspektoru, polis baş leytenantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 14:50 radələrində Şəxs idarə etdiyi nəqliyyat vasitəsi yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, onun sərxoş olmasına şübhə yarandığından alkotestr vasitəsilə yoxlanılmış, alkotestrin nəticəsi 0,4 promil göstərmiş, həmin vaxt növbədə o olduğundan onun izahatını almış, hüquqları, o cümlədən alkotestrin nəticəsi ilə razı olmadığı halda tibbi müayinədən keçməyi tələb etmək hüququnun olması izah olunmuş, lakin şəxs bildirmişdir ki, mədəsində hansısa problemlər var, bununla əlaqədar dərman qəbul etmişdir, həmçinin spirtli içki pivə də qəbul etmişdir, həkim müayinəsinə ehtiyac yoxdur. Avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirdikdə isə bildirdi ki, nəqliyyat vasitəsində ailə üzvləri var, bu şəkildə avtomobili duracağa apara bilməzlər, onlar da mentaliteti nəzərə alaraq 1 saat – 1 saat 10 dəqiqə şöbənin qarşısında gözləmişlər. Həmin vaxt da o, bir dəfə tabesizlik göstərmiş, PPXB çağırılmış, onların köməkliyi ilə sakitləşdirilmiş, daha sonra PPXB çıxıb getmişdir. Bir müddətdən sonra şəxsin qardaşı Elvin Qasımov başqa bir avtomobillə gəlmiş, Şəxs ailə üzvləri ilə birlikdə çıxıb getmiş, avtomobil qardaşının da iştirakı ilə duracağa yerləşdirilmişdir. Qardaşı onlara köməklik göstərilməsini xahiş etmiş, o, bazar günü olduğunu bildirərək daha sonra yaxınlaşmalarını demişdir. Bir neçə saat keçmiş, həmin şəxsləri görməmiş, 18:30 radələrində işdən çıxıb evə gedərkən şöbənin qarşısında Elvin Qasımovu görmüş, ona iş saatının bitdiyini və evə getdiyini bildirmişdir. O, evə çatdıqdan 10 dəqiqə sonra şöbənin əməkdaşları ona zəng vuraraq həmin vətəndaşların şöbəyə yaxınlaşdıqlarını və maşınlarının buraxılmasını istədiklərini bildirmiş, o da iş saatının bitdiyini, sabah saat 09:00-da şöbəyə yaxınlaşmalarını, sürücülük vəsiqəsini təqdim edərək barəsində protokol tərtib etdikdən sonra maşının buraxılacağını demələrini bildirmişdir. Çünki həmin vaxt şəxslər sürücülük vəsiqələrini də təqdim etməmişdilər. 5 dəqiqə keçdikdən sonra yenidən ona şöbənin növbətçi hissəsindən zəng vuraraq həmin şəxslərin səs-küy salaraq maşının indi buraxılmasını istədiklərini bildirmişlər, o isə cavabında yenə də eyni şeyləri demiş, bu zaman kənardan kiminsə yüksək səslə “dovşan kimi nə qaçıb gizlənmisən, bizi bura gətirəndə yaxşı idi, indi yoxsuz, kişisiz gəlin çıxın ortaya” dediyini eşitmiş, həmin sözlərin ona ünvanlandığını bildikdən sonra təkrar formasını geyinərək şöbəyə qayıtmış, şöbənin qarşısında Elvin Qasımovu və başqa bir şəxsi görmüş, onları şöbəyə çağıraraq ona həmin sözləri kimin dediyini soruşmuş, növbətçi hissədən həmin sözləri deyən şəxsin sürücü olduğunu bildirmişlər. Onlarla söhbət zamanı sürücü Şəxs əlində paketlə və “redbull”la şöbənin qapısından içəri girmiş, o, həmin şəxsə ona nə üçün belə sözlər dediyini soruşmuş, qarşılığında Şəxs əlində olan paketi onun üzünə çırpmışdır, bundan sonra onu sakitləşdirmək üçün güc tətbiq olunmuşdur. Bundan sonra qardaşı da müdaxilə etmiş, yüksək səslə hər ikisi nalayiq ifadələr işlədərək səs-küy salmışlar, PPXB əməkdaşları dəvət olunaraq həmin şəxslər 25-ci PŞ-nə təmin olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru, polis baş serjantı X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində xidmətdə olarkən efir vasitəsilə Nizami rayon DYPŞ-də 2 nəfər şəxsin səs-küy salması barədə məlumat daxil olmuş, şöbəyə yaxınlaşdıqda həqiqətən də 2 nəfər şəxsin binanın dəhlizində səs-küy salmasının və nalayiq ifadələr işlətməsinin şahidi olmuşlar. Onlar həmin şəxsləri nizam-intizama dəvət etsələr də, tabe olmamışlar, hadisə yerinə PPX əməkdaşları dəvət olunmuş və həmin şəxslər 25-ci PŞ-nə təmin olunmuşlar.Həmin şəxslər ona adları sonradan məlum olan Şəxs və Elvin Qasımov olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru, polis baş serjantı X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 14:50 radələrində H.Əliyev prospektində **-UX-*** dövlət nömrə nişanlı, “Kia Optima” minik markalı nəqliyyat vasitəsinin sürücüsü manevr etmə qaydalarını kəskik şəkildə pozduğundan, həmçinin yüksək sürətlə hərəkət etdiyindən tərəflərindən saxlanılmış, sürücüdə alkoqol sərxoşluğunun olmasında şübhələndiyi üçün tərəfindən alkotestr vasitəsilə yoxlanılmış, alkotestrin nəticəsi promil göstərmiş, sürücüyə hüquqları izah edilmiş, sürücü özü bildirmişdir ki, onda psixoloji problemlər, böyründə ağrı olduğundan müəyyən dərmanlar qəbul edir. Sürücü həkim müayinəsinə dəvət olunsa da, alkotestrin nəticəsi ilə razı olduğunu, həkim müayinəsinə ehtiyac olmadığını, spirtli içki qəbul etdiyini bildirmiş, avtomobildə ailə üzvləri olduğundan hörmətlə yanaşılmış, ona DYPŞ-nə yaxınlaşmasını bildirmişlər. Sürücü barəsində protokol tərtib olunmuş, maşın duracağa yerləşdirilməli olduğunu bildirdikdə sürücü razılaşmamış, ailə üzvlərini və onları orada qoyaraq çıxıb mağazaya getmiş, bir azdan sonra su alaraq geri qayıtmış, əsəbləşdiyini, şəkərinin qalxdığını bildirmiş, səs-küy salmış, o, sürücüyə təmkinlə yanaşmış, nizam-intizama dəvət etmiş, yenə də sürücü sakitləşməmiş, hadisə yerinə PPXB əməkdaşları dəvət olunmuş, daha sonra sakitləşmiş, yenə də ailə üzvlərinin aparılması üçün qardaşının gəlməsini gözləmələrini istəmiş, onlar yenə də razılaşmış, mentaliteti nəzərə alaraq gözləmiş, bir müddətdən sonra qardaşı gəlmiş, ailə üzvlərini aparıb getmişdir. Bu hadisələr təxminən 1-2 saat çəkmiş, hadisədən 4 saat sonra şəxs özü tibbi müayinədən keçmişdir. Sonradan o, bilmişdir ki, sürücü DYPŞ-də səs-küy salmış, onların ünvanına nalayiq ifadələr işlətmiş, digər əməkdaşa qarşı əl-qol hərəkətləri etmiş, kürəyinə “redbull” atmışdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportlarla, şahid ifadələri ilə və digər sübutlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməlləri törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2025-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 20:20-də tutulmuşdur. Məhkəmə Şəxs himayəsində 2 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla, 33 manat məbləğində əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 08 gün (səkkiz gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən, saat 20:20dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X9 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5543/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5543/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver