Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5547/2025 01.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X1 barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4, iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib etmiş səlahiyyətli şəxsin mövqeyinə görə Şəxs, xx.xx.2025-ci il tarixdə, saat təxminən 03:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində polisin qanuni tələblərinə tabe olmamış, həmçinin nalayiq ifadələr işlətmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, vətəndaş Şəxs ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş, bununla İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətmiş, həmçinin polis əməkdaşları onu dəfələrlə avtopatrula əyləşməyə dəvət etsələr də, hesabı ödəmək üçün restorana daxil olmaqla, onların qanuni tələblərinə tabe olmamış, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, səs-küy salmamış, nalayiq ifadələr işlətməmiş, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə restoranda yeyib-içmiş, restoranın xaricində qadın səs-küy salmış, nalayiq ifadələr işlətmiş, o, həmin qadını tanıdğı üçün bir vətəndaş kimi öz borcunu yerinə yetirərək onu sakitləşdirməyə çalışmışdır. Hətta görmüşdür ki, qadını sakitləşdirmək mümkün deyil, polisə məlumat verilməsini də istəmişdir ki, onlar onun öhdəsindən gələ bilmirlər, sakitləşdirə bilmirlər, polis əməkdaşları gəlib onu sakitləşdirsinlər. Polis əməkdaşları isə hadisə yerinə gəlmiş, o, avtomobilin yanına 1 dəfə yaxınlaşmış, polis əməkdaşları ona avtomobilə əyləşməyi bildirdikdə, o, hesabı ödəyib gələcəyini demiş, hesabı ödəmək üçün restorana daxil olmuşdur. Polis əməkdaşının onu dəfələrlə maşına əyləşməyə dəvət etməsi barədə dedikləri yalandır. Həmçinin o, avtomobilə əyləşmiş, daha sonra polis bölməsinə gəlmişlər. Onun polisin işinə müdaxilə etmək fikri olmamış, müdaxilə də etməmiş, polisin işinə mane olmamışdır. Sadəə olaraq qadını tanıdığı üçün demişdir ki, qadını o başa salsın. Belə ki, həmin qadın yerə uzanmış, o demişdir ki, qadını başa salsın, qadın qalxsın. Barəsində tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Qeyd olunan halları nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X7 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, onun tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərilməmiş, həmçinin ictimai qayda kobud surətdə pozulmamış, xırda xuliqanlıq edilməmişdir. Qadın səs-küy salmış, ictimai qaydanı pozmuş, o da qadını sakitləşdirməyə çalışmışdır. Polis tərəfindən tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Şəxsin hərəkətlərində inzibati xəta tərkibinin əlamətlərinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri, polis serjantı X5 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 03:50 radələrində xidmətdə olarkən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində səs-küy olduğunu eşitmiş, həmin şəxslərə yaxınlaşmış, orada olan qadın onları söyməyə başlamışdır. Şəxs onlara yaxınlaşaraq qadının içkili olmasını bildirmiş, daha sonra hesabı ödəmək üçün restorana getmişdir. Şəxs onlara qarşı təhqiredici ifadələr işlətməmiş, onlar yaxınlaşdıqdan sonra səs-küy salmamış, sadəcə olaraq xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törətmişdir. Həmçinin Şəxs avtopatrula əyləşməsi üçün dəfələrlə dəvət olunsa da, o əyləşməmiş, onların qanuni tələblərinə tabe olmamış, hesabı ödəmək üçün restorana getmişdir. Həmçinin bildirdi ki, onlar hadisə yerinə yaxınlaşanda hər ikisi uca səslə danışmış, qadın nəsə demiş, Şəxs isə onu sakitləşdirməyə çalışmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nizami RPİ PPPXB-nin polis nəfərləri L.Məmmədov və T.Məcidovun Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin ünvanına xx.xx.2025-ci il tarixdə tərtib edilmiş raportda göstərilir ki, xx.xx.2025ci il tarixdə, saat təxminən 03:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 1 nəfər qadının yüksək səslə qışqıraraq ünvansız küçə söyüşləri söydüyünü, 1 nəfər kişinin isə onu sakitləşdirməyə çalışdığını görmüş, həmin şəxslərə yaxınlaşıb nə baş verdiyini soruşmuş, qadın onları söyüb təhqir etməyə başlamış, onları sakitliyə dəvət etsələr də, lakin həmin qadın onların qanuni tələblərinə məhəl qoymamış, etdiyi əməlləri davam etdirmiş, onları avtopatrula əyləşdirərək polis şöbəsinə aparan zaman qadın avtopatrulun içərisində onları yenə dəfələrlə təhqir etmişdir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 510 və 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs həm polis şöbəsində, həm məhkəməyə verdiyi ifadəsindən bəlli olur ki, Şəxs xırda xuliqanlıq hərəkətlərinə yol verməmiş, polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmiş, fiziki olaraq hər hansısa müqavimət göstərməmişdir. Bununla da protokolda göstərilən əməldə İXM-nin 510 və 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. Beləliklə, protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla 33 manat əmək haqqı müdafiəçi X6 dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X6 33 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5547/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5547/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver