Məhkəmə qərarları › İş №3(007)-5560/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5560/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5560/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(007)- 1370/2025 saylı icra sənədinə əsasən, cavabdelər Şəxs və X1 müştərək qaydada 3200 manat pul vəsaitinin və 52 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin borclu Şəxs icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də, borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X5 məhkəməyə verdiyi izahatında borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, borclu barəsində Nizami rayon İcra Şöbəsində icra sənədi mövcuddur. İcra vərəqəsinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədi üzrə tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Tələb borclunun əmək haqqısına yönəldilmiş, keçən aydan əmək haqqısından tutulma həyata keçirilir. Həmçinin borclu icra məmurunun çağırışlarından yayınmış, bu səbəbdən barəsində axtarış elan edilmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu tərəfindən sonuncu dəfə ona borcundan 2024-cü ilin sentyabr ayında 200 manat ödəniş edilmiş, keçən müddət ərzində başqa bir ödəniş edilməmiş, ümumiyyətlə borclular onunla maraqlanmamışlar. Hazırda borclu 100 manat ödəniş etmək istəyir. Onun maddi vəsaitə ehtiyacı var, borcun tam şəkildə ödənilməsini tələb edir. Lakin borclu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini istəmir. Bütün bunları nəzərə alaraq, borclu barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, borcundan 50 manat onun maaşından tutulmuş, 100 manat isə hazırda ödəniş etmişdir. Hazırda borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X8 borclu barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(007)-1370/2025 nömrəli icra sənədinə əsasən, cavabdelər Şəxs və X1 müştərək qaydada 3200 manat pul vəsaitinin və 52 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Nizami rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs müvafiq icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun axtarışı” haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inizabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin müəyyən məbləğdə ödəniş etməsini, himayəsində 3 azyaşlı uşağının olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 05 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla 55 manat əmək haqqı müdafiəçi X7 dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X7 55 (əlli beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar