Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5564/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X4, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X4 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 27 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 27 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ onun barəsində AR İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokola əsasən, uzun sürən süründürməçilk və sair qanunsuz əməllərin nəticəsində xx.xx.2023-cü il tarixli, TP 60733176 nömrəli qərar çıxarmışdır. Surətini şikayətinə əlavə etdiyi sənədlərə də əsasən polis hüquqlarını kobud surətdə pozaraq ona, yəni hətta 44 günlük müharibə veteranına qarşı, video və audio yazıları aparmadan bir sıra qanunsuz hərəkətlər etmiş, dəfələrlə etdiyi şifahi və yazılı şikayətlərinə baxmamış və ya lazımi formada baxmamış və nəticə indiki vəziyyət yaranmışdır. Həmin qərarı xx.xx.2023-cü il tarixdə, Bakı şəhər DYPİ-nə özü gedərək rəsmi olaraq almışdır. Sözügedən protokolla və qərarla tanış olarkən məlum olmuşdur ki, hər ikisi əsassız və qanunsuzdur. Polis ona əsaslanmışdır ki, guya o, həmin vaxt avtomobili idarə edərkən başqa qayda pozuntusu törətdiyinə görə saxlayarkən onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyini aşkar etmişdir. Əslində isə, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində (o isə səhvən protokolda 07:21 yazmışdır) özünə məxsus olan, ağ rəngli, VAZ-2107 markalı, dövlət nömrə nişanı **-RD-*** olan avtomobilini, ayıq vəziyyətdə və bütün sənədləri və sairi qaydasında olmaqla Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yolun sağ tərəfində dayanmış dövlət nömrə nişanı **-YP-*** olan avtomobilin yanında tək dayanmış, YP formasında olan polis kapitanı (sonradan adını bildiyi X2) onun, avtomobili saxlamağı üçün heç bir əsas olmadan işarə etdiyinə görə avtomobili saxlamış, YP ona yaxınlaşıb sənədlərinin qaydasında olub-olmadığını soruşmuş və sənəd istəmişdir. O, sənədləri təqdim edəndə YP ondan spritli içki içib-içmədiyini soruşmuşdur. O, demişdir ki, yox, içməmişdir, YP əlindəki cihaza üfürdüb demişdir ki, yox içmişdir, o da demişdir ki, içməmişdir. Sonra YP onu YP avtomobilinə dəvət etmişdir. Orada ikisi oturanda başqa bir cihaza özü 2-3 dəfə üfürdükdən ondan təkidlə tələb etmişdir ki, yenidən üfürsün. O, istəməsə də məcbur olub üfürmüş, sonra ona bir də demişdir ki, içmişdir. O, demişdir ki, tələsir, xahiş edir onu buraxsın, vacib işi var. Sonra YP ona demişdir ki, kağızda izahat yazsın, narahat olmasın, maşınını da, onu da buraxacaqdır. O, izahat yazmaq istəyirdi ki, içkili deyil, axırıncı dəfə dünən günorta bir bakal pivə içmişdir. İzahat yazarkən, YP ona hədə-qorxu gəlmiş, yazsa buraxacağını, yazmasa buraxmayacağını demişdir. Bir xeyli müddət bu qaydada söhbət eləmişlər, o, məcbur olub bir bakal pivə içdiyini, lakin nə vaxt içdiyini orada yazmamışdır. Əslində isə o, ümumiyyətlə spirtli içkilər içən deyil, həmin vaxt da içkili olmamışdır. Saat 09:10 radələrində YP onun maşınına oturub onu özü sürmüş, o da yanında oturmaqla yaxınlıqdakı “Xəmsə” şadlıq evinin yaxınlığındakı cərimə meydançasına aparmışdır. Saat 09:20 radələrində cərimə meydançasına çatmışlar, həmin vaxt onun avtomobilinə heç baxış keçirilməmişdir. Özü qapıları bağlamaq istəmiş, lakin qapılar bağlanmamışdır, o maşını elə vəziyyətdə cərimə meydançasında qoymuşdur. Orada da bir xeyli birgə qalmışlar, xeyli xahiş etmiş, mübahisə də etmişlər. O, YP-na demişdir ki, axı deyirdi ki, buraxacaq maşınını. YP isə əvvəlcə ona saat 11-ə qədər orada gözləməsini demiş, bir müddət telefonla danışmış, o, xeyli orada gözləməli olmuşdur. Sonra YP ona demişdir ki, hansısa Namiqlə danışıb, o, bu işi yoluna qoyacaq, sonra ***- ***-**-** nömrəsini ona verib demişdir ki, bunun adı Telmandır, Telman bu Namiqlə danışıb maşını ona qaytaracaqdır. Uzun müddət orada gözləmiş, sonra Telmanla telefonla 11:15də zəng edib danışmış, sonra başa düşmüşdür ki, belə alınmaz və tanışının məsləhəti ilə Nizami rayonunda yerləşən spirtli içkilərin müayinə yerinə getmişdir. Orada özünü 12:35də yoxlatmış və akt almışdır ki, tam ayıqdır. Daha sonra o aktı polisə vermiş, lakin bunu nəzərə almamışlar və protokol yazmışlar ki, guya onu 07:21-də yoxlamışlar və o, içkili olmuşdur. O, sonradan evdən çıxma vaxtını qardaşı Gəncəlinin mağazasında olan kameradan çıxarmış, onları iki disk şəklində götürmüş, öz ***-***-**-** nömrəli telefonunun çıxan zənglərini əmisi oğlu İlhama 08:36-da polisin maşınında zəng etmişdir, Telmanla dasmşmışdır deyə vərəqdə çıxarmışdır, telefon çıxarışlarını və diskləri təqdim edir. Orada görünür ki, o, həmin yerdən 07:59-da maşınla çıxmışdır. Necə ola bilər ki, YP onu 07:21də içkili kimi saxlamışdır? Bildirdiklərini ayıq olmağı haqda aktla, həmin iki disklə, telefon çıxarışları ilə, şahidlərimin izahatları ilə, yolbolu TŞ-lərdə, YPX avtomobilində və sair yerlərdə olan video görüntülərlə də sübut edə bilər. Digər tərəfdən, DİN-nin 102 xidmətinə və Baş Prokurorluğun 161 xidmətinə şikayətlər etmişdir, lakin hələ baxılmamışdır. Hesab edir ki, məhkəmə işi qanuni yolla, qeyd etdiyi xüsusatlarla birgə tam araşdıraraq, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarmalıdır. Yuxanda göstərilənlərə əsasən Bakı şəhər DYPİ-nin onun X5 barədə AR İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokola əsasən çıxardığı 27.10.223-cü il tarixli, TP 60733176 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X8 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, X5 yol polisi əməkdaşı tərəfindən müvafiq qayda pozuntusuna görə saxlanılmış, ünsiyyət zamanı həmin şəxsin alkoqol qəbul etməsi özünü aşkar biruzə verdiyindən yerində alkotestrlə yoxlanılmış, X5 göstəricinin nəticəsi ilə razılaşmış, yazılı izahatında da bunu etiraf etmiş, eyni zamanda tibbi müayinə üçün həkimə getməyə zərurət görməmişdir. Məlumdur ki, yol-nəqiyyat hadisələrinin 80%-i alkoqollu içki qəbul edib nəqliyyat vasitələrinin idarə edilməsi nəticəsində baş verir. X4 veteran olması, ona spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etməyə əsas vermir, bundan sui-istifadə etmək olmaz, veterandırsa, belə məsələlərə o, daha həssas yanaşmalıdır. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 27 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 27 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “VAZ 21074 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 Bakı şəhəri, Nizami rayonu M.Əliyev küçəsi ilə hərəkətdə olarkən 15 sentyabr 2023-cü il tarixdə saat 07:21-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə”, 15 sentyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, X4 15 sentyabr 2023-cü il tarixdə saat 07:19-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.516% olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 15 sentyabr 2023-cü il tarixli protokolda X5 tərəfindən yazılmış izahatından görünür ki, o, alkotestrlə müayinə olunduğunu, sərxoşluq aşkar olunduğunu, həkimə ehtiyac olmadığını yazmış və imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 15 sentyabr 2023-cü il tarixli 2/33363 nömrəli protokolun surətindən görünür ki, X4 həmin tarixdə saat 12:35-də keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 15 sentyabr 2023-cü il tarixdə saat 07:21-də Bakı şəhəri, Nizami rayonu, M.Əİiyev küçəsində “VAZ 21074 minik” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, eyni zamanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın X5 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Qərardan şikayət vermiş X4 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla, xüsusi texniki vasitə ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Nəzərə alınmalıdır ki, sərxoşluq faktı xüsusi texniki vasitə ilə 15 sentyabr 2023-cü il tarixdə saat 07:19-da yerində aşkar olunmuş, X5 isə müstəqil olaraq saat 12:35-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa, inzibati araşdırma zamanı, 15 sentyabr 2023-cü il tarixdə X5 yazılı izahat verib xüsusi texniki vasitənin göstəricisi ilə razılaşaraq, həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135.1-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 27 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5564/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5564/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver