Məhkəmə qərarları › İş №3(007)-5574/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5574/2025

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5574/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş 14 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC tərəfindən 14 noyabr 2025-ci il tarixədək işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-in xx.xx.2025-ci il tarixli 3-17-5/2-68132/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, əvvəlki illərdə bir qrup işçilərlə bağlanmış Əmək müqavilələrinin Sima imza ilə imzalanaraq yenidən ƏMAS sistemində qeydiyyatdan keçməməsi ilə əlaqədar olaraq DƏMX-in Bakı şəhər İdarəsindən müəssisənin ünvanına xx.xx.2025-ci il tarixli qeyd olunan məsələnin aradan qaldırılması ilə bağlı məktubundan sonra qeyd edilən məsələ müəssisə tərəfindən tamamən aradan qaldırılmış və bu barədə həmin təşkilata xx.xx.2025-ci il tarixdə 18 saylı bildiriş məktubu təqdim olunmuş, məktub idarənin əməkdaşı “Bayramova” tərəfindən xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. Qeyd edilənlərə əsasən məsələnin həll olunduğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - 31 iyul 2025-ci il tarixli, 3-17-5/2-68132/2025 nömrəli icrası məcburi olan göstərişdən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli 428 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli qanuni qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 01 iyuladək müəyyən edilmişdir. Lakin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı Şəxs MMC tərəfindən 42 (qırx iki) sayda qüvvədə olan əmək müqaviləsinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmişdir. - “EMS Azerexpresspost” xidmətinin göndərişlərin izlənilməsi sistemindən elektron çıxarışdan görünür ki, SS965741434AZ göndəriş kodlu məktub xx.xx.2025-ci il tarixdə poçt xidməti vasitəsi ilə göndərilmiş və xx.xx.2025-ci il tarixdə ƏƏSMN-nin DƏMX-nə geri qaytarılmışdır. - Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-81714/2025 saylı məktubun surətindən görünür ki, törədilmiş hüquqpozmanın aradan qaldırılmasını təmin edib nəticəsi barədə xidmətə məlumat verilməsi məqsədilə Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3- 17-5/2-68132/2025 nömrəli icrası məcburi göstəriş göndərilsə də əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməmişdir. - “EMS Azerexpresspost” xidmətinin göndərişlərin izlənilməsi sistemindən elektron çıxarışdan görünür ki, SS886715732AZ göndəriş kodlu məktub xx.xx.2025-ci il tarixdə poçt xidməti vasitəsi ilə göndərilmiş və xx.xx.2025-ci il tarixdə ƏƏSMN-nin DƏMX-nə geri qaytarılmışdır. - Şəxs MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı 18 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən bildirilir ki, əvvəlki illərdə bir qrup işçilərlə bağlanmış əmək müqavilələrinin Sima imza ilə imzalanaraq yenidən ƏMAS sistemində qeydiyyatdan keçməməsi ilə əlaqədar olaraq müəssisənin hüquqi ünvanına qeyd olunan məsələnin aradan qaldırılması ilə əlaqədar olaraq məktub göndərilmiş, lakin həmin hüquqi ünvan olan mənzildə yaşayan olmaması səbəbindən məktubdan məlumatları olmamışdır. Məktubdan məlumatlarının olmaması səbəbindən tərəflərindən cavab verilmədiyi üçün, idarə tərəfindən müəssisə barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və digər aidiyyəti sənədlər Bakı şəhəri Nizami Rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. Nəzərə çatdırılır ki, idarənin məktubunda qeyd edilən məsələ (İşçi müqavilələrinin Sima İmza ilə imzalanaraq yenidən ƏMAS sistemində elektron qeydiyyatdan keçirilməsi) Şəxs MMC tərəfindən tamamilə aradan qaldırılmışdır. - Şəxs MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı 18 nömrəli xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, qeyd olunan məktub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən 42 (qırx iki) sayda qüvvədə olan əmək müqaviləsinin elektron sənəd formasına keçirilməməsi ilə əlaqədar hüquqpozmanın aradan qaldırılmasına dair X4 Xidməti tərəfindən göndərilmiş məktublar poçt xidməti tərəfindən şirkətə çatdırılmadan geri qaytarılmışdır. Sözügedən məktubdan xəbər tutduqdan sonra qeyd edilən məsələ Şəxs MMC tərəfindən tamamilə aradan qaldırılmış və bu barədə X4 Xidmətinə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMCnin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar