Məhkəmə qərarları › İş №3(007)-5577/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5577/2025

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5577/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, Qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən NEZ-in direktoru X12 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda NEZ-in işçisi X8 xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün işəgötürən X12 tərəfindən hadisə baş verən gün DƏMX-ə məlumat verilməməsi qeyd olunmuşdur. Həmin protokol əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X12 barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla X5 Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 1000 (bir min) manat məbləğində cərimə tətbiq olunmuşdur. Aşağıda göstərilənlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Heydər Əliyev adına X20 (NEZ) 22 nömrəli sahənin yaşıl tikinti fəhləsi vəzifəsində işləyən X13 xx.xx.2025-ci il tarixdə, saat 14:17 radələrində Zavodun ərazisində ot biçərkən sağ ayağına dəmir parçası batmışdır. X13 xx.xx.2025-ci il tarixdə, saat 14:25 radələrində NEZ-in tibb məntəqəsinə müraciət etmiş, tibb məntəqəsində İlham Məmmədova tibbi yardım göstərilmiş və ona sağ ayağın alt nahiyəsinin deşilmiş yarası diaqnozu qoyulmuşdur. Çağırış vərəqəsində xəstənin ümumi vəziyyəti stabil (hərəkət məhdudiyyəti yoxdur) kimi qeyd olunmuşdur. X1 kəskin pozulması halı müşahidə olunmamış və o, yenidən iş yerinə qayıtmışdır. xx.xx.2025-ci il tarixdə İlham Məmmədov işə çıxmamış və iş yerinə məlumat vermədən 38 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, Poliklinika tərəfindən ona xx.xx.2025-ci il tarixli sığortaolunanın xəstəlk vərəqəsi açılmışdır. Xəstəlik vərəqəsində İlham Məmmədova L08.8 (Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatında L08.8 kodu-Dəri və dərialtı toxumanın digər dəqiqləşdirilmiş yerli infeksiyaları kimi qeyd olunub) kodu altında diaqnoz qoyulmuş, ambulator rejim təyin edilmişdir. İşçini ilkin müayinə edən NEZ-də yerləşən tibb məntəqəsində fəaliyyət göstərən həkim tərəfindən tərtib olunmuş çağırış vərəqəsində isə xəstənin ümumi vəziyyəti stabil (hərəkət məhdudiyyəti yoxdur) kimi qeyd olunmuşdur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 999-İİİQ nömrəli Qanununun (Qanun) istehsalatda bədbəxt hadisə anlayışına tərif verilmişdir. Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə - əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Qanunun istinad olunan maddəsinin tələbindən də göründüyü kimi baş vermiş hadisə istehsalatda baş vermiş bədbəxt hadisə hesab olunması üçün hadisə nəticəsində şəxsin sağlamlığı kəskin pozulmalıdır. Tibbi ədəbiyyatda sağlamlığın kəskin pozulmasına anlayış verilməmişdir. Yəni insan sağlamlığı hansı həddə (dərəcədə) pozulmalıdır ki, həmin pozuntuya kəskin pozuntu kimi qiymət verilmiş olsun. İşçidə baş vermiş hadisə ilə bağlı həmin gün hər hansı ağırlaşma halı müşahidə olunmamış, o, sərbəst hərəkət etmək qabiliyyətində olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. İstinad olunan İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi həmin maddə ilə şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün ilk növbədə baş vermiş hadisə istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilməlidir. Baş vermiş hadisə nəticəsində və o, zavodda fəaliyyət göstərən tibb məntəqəsində ilkin yoxlanışdan keçdikdən sonra həkimin verdiyi diaqnoza əsasən sağlamlığının kəskin pozulması halı müəyyən olunmadığından o, yenidən iş yerinə qayıtmışdır. Göründüyü kimi hadisə istehsalatda baş vermiş bədbəxt hadisə hesab olunmadığından baş vermiş hadisə barədə həmin gün dövlət qurumuna məlumat verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Yuxarıda da qeyd olunduğu kimi xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə nəticəsində işçinin sağlamlığının kəskin pozulmadığı, yəni həkim tərəfindən qoyulmuş ilkin diaqnoza görə onun ambulator və yaxud stasionar müalicəyə ehtiyacı olmadığı müəyyən olunduğundan, eləcə də işçi həmin gün özünü yaxşı hiss etdiyindən və sərbəst hərəkət etmək qabiliyyətinə malik olduğundan hadisə barədə dövlət qurumuna məlumat verilməsinə zərurət olmadığı qənaətinə gəlinmişdir. Göründüyü kimi, həkim tərəfindən qoyulmuş ilkin diaqnoza əsasən işçidə sağlamlığın kəskin pozulması halı müşahidə olunmadığından hadisənin bədbəxt hadisə hesab olunmaması qənətinə gəlinmiş və bu səbəbdən də işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə məlumat hadisə baş verən gün, yəni xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə işçi X8 38 nömrəli Şəhər Poliklinikasına müraciət edərək sığortaolunanın xəstəlik vərəqəsi açdırması barədə məlumat işəgötürənə daxil olduqdan sonra xx.xx.2025-ci il tarixində verilmişdir. Hadisə barədə məlumatın qanunvericlikdə nəzərə tutulmuş müddətdə verilməməsi məhz yuxarıda istinad olunan amillərlə bağlıdır, yəni işəgötürənin hadisəni gizlətmək kimi niyyəti olmamışdır. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X6 şikayətin təmin edilməməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş şikayətçi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyərək, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən Heydər Əliyev adına X20 işçisi X8 xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün işəgötürən X12 tərəfindən hadisə baş verən gün DƏMX-ə məlumat verilməməsinə görə, X12 İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin yerli bölməsinə (və ya birbaşa X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X15 Xidməti həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarla Heydər Əliyev adına X20 işçisi X8 xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə hadisə baş verən gün dərhal DƏMX-nə məlumat verilməməsinə görə İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DƏMX-nə baş vermiş hadisə ilə bağlı dərhal məlumat verilməməsini faktiki olaraq qəbul etmiş, bunu mübahisələndirməmiş, lakin dərhal məlumat verilməməsinin səbəbini xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə nəticəsində işçinin sağlamlığının kəskin pozulmaması, həkim tərəfindən qoyulmuş ilkin diaqnoza görə onun ambulator və yaxud stasionar müalicəyə ehtiyacının olmaması, işçinin həmin gün özünü yaxşı hiss etməsi, sərbəst hərəkət etmək qabiliyyətinə malik olması ilə əlaqələndirmiş, bu səbəblərdən DƏMX-nə dərhal məlumat verilməsinin zəruri olmadığı qənaətinə gəlmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.7-ci bəndində göstərildiyi kimi işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X15 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X15 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, X12 tərəfindən işçisi X10 münasibətdə xx.xx.2025-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir Həmçinin müəyyən edilir ki, şikayətçiyə sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar