Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5585/2024 28.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X6, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, X6 Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin 20 dekabr 2024cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin 20 dekabr 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat axşam 19:00 radələrindən Nizami rayonu Ə.Naxçıvanski 72a ünvanında icarəyə götürdüyü restoran tipli obyektində heç bir məişət səs-küyünə yol vermədən sadəcə taxta olan səthlərin laklanlanması işlərinə başlamışlar. xx.xx.2024-cü il saat səhərə yaxın 4 radələrində əvvəlcədən onları dəfələrlə təhdid və şantaj etmiş Ramin adlı şəxs obyektə gələrək onunla mübahisə etmək istəsə də o, həmin şəxsi məkandan çıxarmışdır. Səhərə yaxın obyektdə laklanma işi aparılsa da heç bir səs-küy olmamış, hətta küçədən gələn səs daha qüvvətli olmuşdur. Həmən vaxt obyektin daxilində heç bir səs gücləndirici sistem mövcud olmamışdır. Ramin adlı şəxs onlara böhtan atmaq üçün DİN-in 102 xidmətinə yalandan müraciət etmiş və güya obyektdən mahnı səsinin gəldiyini bildirmişdir. Hadisədən bir qədər sonra Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşları məkana gəlmiş və sakitçilik olduğunu görmüşlər. Ondan niyə bu vaxt laklama işlərinin aparıldığını soruşduqda, cavab olaraq səs-küyə yol vermədən bu işlərin aparılmasına qanunvericiliyin mane olmadığını sahə rəisi Namiqə bildirmişdir. Həmin şəxs isə ona kobud cavab verərək gedək bölmədə aydınlaşdıraq demişdir. O, dəfələrlə İXM-nin 521-ci maddəsini ona göstərsə və bildirsədə ki, məişət səs-küyünə yol verməmişdir, məkanda heç bir səsgücləndirici, direl və digər ucasəsli avadanlıqlar mövcud deyildir, o, dediklərinə məhəl qoymadan onu və ustasını bölməyə aparmışdır. Bölmədə olarkən məkana gəldiyi zaman çəkdiyi şəkilləri ona göstərmiş və obyektdə təmir getdiyinin sübutu olduğunu ona bildirmişdir. O isə obyektin dağınıq halda olmasını laklama işləri ilə əlaqəli olduğunu, əgər həqiqətən məişət səs-küyü etmişsə video sübutu olmasını tələb etmiş və bildirmişdir ki, şəkildə səsin sübutu ola bilməz. Namiq adlı şəxs onu 4 saat bölmədə saxladıqdan sonra barəsində İXM-nin 521-ci maddəsinə əsasən protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən məhkəmə araşdırılması aparılmaqla, Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin xx.xx.2024-cü il tarixli EXP1604056 nömrəli barəsində qəbul edilmiş qanunsuz və əsassız qərarın ləğv olunmasına dair müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X11 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həmin yerdə obyekti açmaq üçün alanda şikayətçi Ramin adlı şəxs gəlmiş, demişdir ki, orada yaşayır, heç cür burada obyekt aça bilməyəcəksən. Sonra onlara müftəlif vəzifəli şəxslərin adını çəkərək həmin adamların onun tanışları olduğunu bildirmişdir. Səhər saat 5-ə işləmiş oradakı obyektdə işləmişdir, amma obyektdə heç səs-küy olmamışdır. Həmin şəxs polisə xəbər vermiş, gələn Namiq adlı polisə demişdir ki, o, heç səs-küy etmir. Sonra şəkilləri ona səs-küyə sübut kimi göstərmişlər, lakin şəkillər səs-küy üçün sübut ola bilməz. Onlar taxtaların boyanmasını saxlamadan etməli idilər, saxlaya bilməzdilər, yoxsa ton fərqi olacaqdı. Vətəndaş üçüncü mərtəbədə qalır, deyir ki, telefonda mahnı qoyublar, səs oraya gəlir. Amma orada səs olmayıb. Yalan deyir, obyekti açmamağı üçün edir. İlk gündən qərəzlidir. Əgər səs-küy olubsa sübut olmalıdır, nə səs yazısı, nə də video görüntü var. Vətəndaş onlara qarşı yalan şikayət edib. Şikayətinin təmin edilməsini və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə inspektoru X4 izahatında göstərmişdir ki, vətəndaş X2 DİN-in 102 Xidməti-Zəng mərkəzinə telefonla vermiş olduğu məlumat əsasında tərtib olunmuş HK-2-485 nömrəli raport və həmin məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanladığı ərizəsi 20 dekabr 2024-cü il tarixdə icraatına daxil olmuşdur. Vətəndaş ərizəsində göstərmişdir ki, 20 dekabr 2024-cü il tarixdə, gecə saat 04:15 radələrində yaşadığı mənzilin aşağısında yerləşən obyektdən səs-küy gəldiyinə görə ora yaxınlaşmış, bu zaman orada obyekti icarəyə götürən şəxsin nəzarəti ilə iki nəfər ustanın içəridə təmir işləri gördüklərini və yüksək səslə musiqiyə qulaq asdıqlarını görmüşdür. Yüksək səsli musiqi səsləri onu və ailə üzvlərini narahat etdiyindən obyekti icarəyə götürən şəxsə iradını bildirdikdə həmin şəxs əlləri ilə onu obyektdən bayıra itələmiş və hədə-qorxu gəlmişdir. Buna görə də əvvəlcə telefonla DİN-in 102 Xidməti-Zəng mərkəzinə məlumat vermiş, daha sonra isə ərizə ilə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnə müraciət edərək səs-küy salan şəxsin hərəkətləri barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Ərizəsi əsasında izahatı alınan şikayətçi X5 ətraflı izahat verərək ərizəsində göstərilən xüsusatlan təsdiq etmişdir. Araşdırma zamanı C.Naxçıvanski küçəsi, 72A ünvanında yerləşən obyekti icarəyə götürmüş X6 izahatı alınmışdır. Həmin şəxs izahatında göstərmişdir ki, C.Naxçıvanski küçəsi, 72A ünvanında yerləşən obyekti icarəyə götürmüş, 20 dekabr 2024-cü il tarixdə gecə saat 04 radələrində obyektdə yüngül rəngsazlıq işləri gördürmüşdür. Həmin vaxt işi görən ustalar öz şəxsi telefonlarında musiqiyə qulaq asmışlar, orada səsgücləndirici olmamışdır, obyektə gələn şəxsə hədəqorxu gəlməmişdir, əksinə həmin şəxs obyektin gələcəkdə restoran kimi fəaliyyət göstərməsinə icazə verməyəcəyini demişdir. İzahatları alınmış X7 və X8 eyni məzmunlu izahatlar verərək Abbas Abbasovun izahatında göstərilən xüsusatlan təsdiq etmişlər. X11 icarəyə götürdüyü obyektdə gecə vaxtı təmir işləri gördürməsinə, orada işləyən ustalara öz şəxsi telefonlarında musiqiyə qulaq asmalarına icazə verdiyinə görə barəsində Azerbaycan Respublikası İXM-nin 521-ci maddəsi ilə EXP seriyalı, ******* nömrəli inzibati protokol tərtib olunaraq 150 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. X11 ona tətbiq olunmuş cərimə məbləğini ödəyərək bu barədə qəbzi təqdim etmişdir. Şikayət əsassız olduğundan qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakını nəzərə alaraq, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, 20 dekabr 2024-cü il tarixdə, gecə saat 04:15 radələrində yaşadığı mənzilin aşağısında, C.Naxçıvanski küçəsi, 72A ünvanında yerləşən obyektdən səs-küy gəlməsi ilə bağlı şikayət onun tərəfindən verilmişdir. O, gecə namaz qılmaq üçün oyanmış, səs-küy gəldiyini eşitmişdir. Balkona çıxanda səs-küyün həmin obyektdən gəldiyini bilmişdir. Bu səs-küydən ailə üzvləri və özü narahat olduğu üçün yaxınlaşıb səssizliyə riyaət etmələrini demişdir. Orada usta belə, dönüb digərlərinə demişdir ki, “mən sizə dedim, səssiz olun”. Onun evində yaşlı insanlar yaşayır. Şikayətçi tək o deyil. Orada əvvəl də kafe olub, hamı bezib bundan. Ora elə yerdir ki, həmişə səs-küy, dava olur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X2 20 dekabr 2024-cü il tarixdə DİN-in 102 Xidməti-Zəng mərkəzinə telefonla verdiyi məlumat əsasında tərtib olunmuş HK-2-485 nömrəli raportdan və Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanladığı eyni tarixli ərizədən görünür ki, o, 20 dekabr 2024-cü il tarixdə, gecə saat 04:15 radələrində yaşadığı C.Naxçıvanski küçəsi, 72A ünvanında mənzilin aşağısında yerləşən obyektdən səs-küy gəlməsi, bundan narahat olması ilə bağlı məlumat verərək tədbir görülməsini xahiş etmişdir; - Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə inspektoru tərəfindən tərtib olunmuş 20 dekabr 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 tərəfindən 20 dekabr 2024-cü il tarixdə saat 04:15 radələrində Azərbaycan Respublikası İXM-nin 521-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; -Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin 20 dekabr 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X11 20 dekabr 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 521-ci maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir; -Ödəniş qəbzindən görünür ki, X11 20 dekabr 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 150 manat cərimə məbləğini 20 dekabr 2024cü il tarixdə “mpay” vasitəsi ilə Bakı şəhər Baş Polis İdarəsinin hesabına ödəmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X11 20 dekabr 2024-cü il tarixdə saat 04:15 radələrində, yəni gecə vaxtı ünvan 2 ünvanındakı yaşayış binasının qeyri-yaşayış sahəsində təmir işləri həyata keçirmiş, onun sifarişi və nəzarəti altında aparılan təmir işləri zamanı mahnı səsləndirilməsinə mane olmayıb məişət səs-küyü salmışdır. Hansı ki, milli qanunvericiliyə görə gecə vaxtı - yerli vaxtla axşam saat 22-dən səhər saat 7-dək olan vaxt müddəti hesab olunur, təmir işləri aparılan və məişət səs-küyü çıxarılan obyekt isə çoxsaylı insanların yaşadığı yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşir və belə məişət səs-küyləri insanların sağlamlığına mənfi təsir göstərir. Həmin əməli ilə X11 Azərbaycan Respublikası İXM-nin 521-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın X11 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, X11 irəli sürdüyü dəlillərlə əməlini faktiki olaraq etiraf edir, şikayətinin əsasını təşkil edən hallar isə sadəcə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Bundan başqa, X3 barəsindəki inzibati tənbeh vermə qərarını dərhal, 20 dekabr 2024-cü il tarixdə icra etmiş, təyin olunmuş cərimə məbləğini aidiyyəti hesaba ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X6 Azərbaycan Respublikası İXM-nin 521-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X6 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin 20 dekabr 2024cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5585/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5585/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver