Məhkəmə qərarları › İş №3(007)-5613/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5613/2025

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5613/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Hüseyn Məhərrəm oğlunun katibliyi ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 18 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona qarşı TP7648723 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixində poçt vasitəsilə təqdim edilmişdir. Qərarda göstərilmişdir ki, guya o, Heydər Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu barədə heç bir əsaslı sübut təqdim edilmədən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul olunmuşdur. Faktiki olaraq heç bir inzibati xəta törətməmişdir. DYP əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı sürət həddini aşma iddiası irəli sürülmüş, lakin dəfələrlə tələb etməyinə baxmayaraq, heç bir sübut - nə video, nə foto, nə də xüsusi texniki cihazlardan əldə edilmiş məlumat təqdim edilməmişdir. Daha sonra DYP şöbəsində ona bildirilmişdir ki, “yüngül bir şey yazarıq” bu isə inzibati xəta haqqında icraatın obyektiv deyil, formal şəkildə aparıldığını, ona böhtan atıldığını göstərir. Qərarın əsasında dayanmalı olan sübutlar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübula yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Onun barəsində təqsiri təsdiq edən hər hansı sübut təqdim edilməmiş, protokol və qərar isə yalnız DYP əməkdaşının subyektiv fikrinə əsaslanmışdır. Bu isə inzibati xəta haqqında icraatın məcburi tələblərini pozur. Həm də qərarı vəzifəsi göstərilməyən şəxs qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nizami RPİ-nin DYP şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7648733 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərardan şikayət vermiş X2 və qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin nümayəndəsi gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru X3 izahatında göstərmişdir ki, 04 noyabr 2025-ci il tarixdə, saat 09:30 radələrində Nizami rayonu Heydər Əliyev prospektində xidməti avtopatrulda xidmətdə olarkən qarşıda hərəkətdə olan “Suzuki S-Cross minik” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyini vizual olaraq müşahidə etmişlər. Tələblərinə əsasən sürücü nəqliyyat vasitəsini dayandırmış, qanunla müəyyən edilmiş qaydada yaxınlaşıb özünü təqdim etməklə yol verilən xəta barədə sürücünü məlumatlandırmış, barəsində 04 noyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında sürücü barəsində inzibati tənbeh tətbiq etməyə dair qərar çıxarılmışdır. Xətanın törədilməsi vizual qaydada aşkar olunmaqla yanaşı avtopatrulun videoregistratoru vasitəsi ilə də qeydə alınmış, video görüntülər məhkəməyə təqdim olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 18 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Suzuki S-Cross minik” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində hərəkətdə olarkən 04 noyabr 2025-ci il tarixdə saat 09:30-da “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə”, 04 noyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında sübut qismində təqdim olunan video görüntüyə baxış keçirilmiş və bu görüntülərlə inzibati tənbeh vermə haqqında qərarda əksini tapmış inzibati xətanın törədildiyinin təsdiq olunduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin İ və V hissələrinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 04 noyabr 2025-ci il tarixdə, saat 09:30-da Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində “Suzuki S-Cross minik” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” əməliyyatı etmişdir ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Baxılan işə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, X1 yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq edən sübutlar, o cümlədən video görüntü mövcuddur, bu sübutların şübhə altına alınması, onun inzibati xətanı törətməməsi, təqsirinin olmaması ilə bağlı hüquqi nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. İnzibati xətanı bilavasitə aşkar etmiş YPX inspektorunun izahatı və video görüntüyə baxış zamanı sürücünün qeyd olunan inzibati xətaları törətdiyi təsdiq olunmuşdur. Ona görə X1 şikayətində irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 18 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar