Məhkəmə qərarları › İş №3(007)-5616/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5616/2025

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5616/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, hakim köməkçisi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, xx.xx.2025-ci il tarixdə, saat 10:55-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxsin (nevroloq X7) praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X13 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, şəxsin praktik tibb fəaliyyətinə buraxılmasına yalnız sertifikasiya şəhadətnaməsi olduqda icazə verilir. İlk 5 ildə sertifikasiya tələb olunmur. Daha sonra 5 ildən bir şəxs sertifikasiyadan keçməli idi. X7 şəhadətnaməsi olsa da, sertifikasiyadan keçməmişdir. Protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, əhalinin sağlamlığının qorunmasına dair qərarda dəyişiklik olmuşdur. Tibb işçiləri təkmilləşmədə iştirak edirlər və 50 bal yığanlar sertifikasiya imtahanından azad olunurlar. nevroloq X14 12 noyabr 2023-cü il tarixdə şəhadətnamə almışdır. Bu şəhadətnamənin vaxtı bitməmişdir. Şəhadətnamənin 5 il müddəti vardır. Onlar protokola etiraz edirlər. Hesab edirlər ki, heç bir qayda pozuntusu yoxdur. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında protokola dair material üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından, onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 01-03 dekabr 2025-ci il tarixli, T-440 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları X8 və X15 tərəfindən 28 noyabr 2025-ci il tarixli, 3-28-1/3-2-1445/2025 nömrəli qərar əsasında, vətəndaş Elmir Əliyevin müraciəti ilə əlaqədar həkim Leyla Məsimovanın praktik tibb fəaliyyətinin yerində araşdırılması məqsədilə Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama müəssisənin baş direktorunun inzibati məsələlər üzrə müavini X4 iştirakı, təqdim etdiyi sənədlər əsasında keçirilmişdir. Yoxlama sualı üzrə qeyd edirlər ki, müəssisədə həkim-nevroloq X1 şəhadətnaməsi olmadan özəl praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanmışdır. Yoxlamanın işində iştirak edən Şəxs MMC-nin nümayəndəsi X10 müəyyən edilmiş hallarla razı olmadığını bildirmişdir; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq Komissiyası tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, 4015 nömrəli Şəhadətnamənin surətindən görünür ki, X11 “Nevrologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul olmağa icazə verilmişdir; -Şəxs MMC üzrə 17 sentyabr 2025-ci il tarixli, 256-K nömrəli əmrdən çıxarışdan görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə uyğun olaraq Şəxs MMC-nin Nevrologiya şöbəsinin həkimnevroloqu X14 “Uşaq nevroloji xəstəlikləri” üzrə ixtisasartırma kursu keçmək üçün 13 oktyabr 2025-ci il tarixdən 24 oktyabr 2025-ci il tarixədək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinin 6-cı hissəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8ci bəndinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Məhkəmədə toplanaraq tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə, müəssisədə həkim-nevroloq X1 şəhadətnaməsi olmadan özəl praktik tibb fəaliyyətinə buraxılması faktının aşkarlanması əsas olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Nəzərə alınmalıdır ki, Səhiyyə Nazirliyinin müvafiq Komissiyası tərəfindən X11 “Nevrologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul olmağa icazəyə dair Şəhadətnamə verilmişdir, bundan başqa həkim-nevroloq X14 “Uşaq nevroloji xəstəlikləri” üzrə ixtisasartırma kursu keçmək üçün 13 oktyabr 2025-ci il tarixdən 24 oktyabr 2025-ci il tarixədək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. Lakin qeyd olunan Şəhadətnamənin mövcud olmaqla qüvvədə olması nəzərə alınmadan və ixtisasartırma kursunun nəticələri gözlənilmədən, əldə olunmuş həmin nəticələrin həkimnevroloq X2 imtahanından azad olunmasına əsas verib-verməməsi yoxlanılmadan Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Bununla da, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib olunarkən qeyd olunan halların araşdırılmaması, bununla bağlı nöqsanların isə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması, nəticə etibarı ilə protokolun düzgün tərtib olunmaması, təqdim edilmiş materialların natamam olması, sübutların kifayət etməməsi ilə bağlı qənaətə gəlməyə kifayət qədər əsas verir. Hansı ki, bu kimi pozuntuların məhkəmədə araşdırılaraq aradan qaldırılması mümkünsüzdür, məhkəmənin işə baxarkən aşkar etdiyi pozuntular, tədqiq olunmalı olan sübutlar məhz inzibati araşdırma orqanı tərəfindən yoxlanılmalı, yalnız bundan sonra İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və s. bu kimi hallar müəyyən edilməli, daha sonra isə bu qeyd edilənlərin məcmusu baxımından inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsasların olub-olmaması məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 118.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir: qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri; ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat; ərizənin, vəsatətin məzmunu; ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar; ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin qərardadın mahiyyətini əks etdirən ümumi normaları ilə yanaşı, konkret hallarda qərardadın qəbul olunması qaydaları həmin Məcəllənin ayrı-ayrı xüsusi normalarında nəzərdə tutulmuşdur. Məsələn, inzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda, vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə; özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə; icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (İnzibati Xətalar Məcəlləsinin 50.2, 52, 74.3, 82.1, 83.3 və 87.3-cü maddələri). Yuxarıda qeyd edilən normalarda müəyyən olunduğu kimi, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, yuxarıda qeyd olunan nöqsanların bir daha araşdırılaraq aradan qaldırılması, sübutların əldə edilməsi imkanı itirilməmişdir, ona görə mövcud vəziyyətdə işin icraatına xitam verilməsi üçün hüquqi əsaslar yoxdur, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə tərtib olunmuş 03 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar