Məhkəmə qərarları › İş №3(007)-5619/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5619/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5619/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinin YPX inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi ev 8, mənzil 52də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 22 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 22 oktyabr 2023-cü il tarixdə saat 11:25-də Bakı şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsində “Fiat Doblo minik” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərini pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokolda dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, 22 oktyabr 2023cü il tarixdə idarə etdiyi **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə hərəkət edən zaman Nizami rayon YPX-nin avtomobili ona saat 11:25-də “saxla” əmri vermişdir. O, qanuna əsasən onun “saxla” əmrinə tabe olaraq avtomobili saxlamışdır. Nizami rayon DYPŞ Yol patrul xidmətinin inspektoru X1 səbəbini soruşduqda, heç bir qayda pozuntusu etmədiyini bildirmiş, sadəcə alkoqol qəbul edib-etmədiyini soruşmuşdur. O, alkoqol qəbul etmədiyini bildirsə də, özündə olan “xüsusi cihaz”la yoxlamağı tələb etmişdir. O, imtina etməmiş və xüsusi cihazın normativ standartlara uyğun çalışmasını təsdiq edən xüsusi sənədləri (kallibrovka, uyğunluq sertifikatı və s.) tələb etmişdir. Lakin, yol polis inspektoru X4 cihaza aid sənədləri təqdim etmədən yoxlanmağını israrla tələb etmişdir. Alkoqol testindən yoxlama saat 11:25-də baş vermişdir və sonradan 14:11-də əsassız tərtib edilmiş protokolda bu saat göstəricisi öz əksini tapmışdır (mobil nömrəsinə protokol SMS-i də məhz 14:11-də göndərilmişdir). Xüsusi cihaza nəfəs verməklə yoxlamadan keçmiş və xüsusi cihaz guya onda 0.5 promil miqdarında alkoqol aşkar etmişdir. İsrarla alkoqol qəbul etmədiyini və cihazın doğru çalışmadığını bildirsə də yol polis inspektoru ona aid sürücülük sənədlərini götürərək Nizami rayon dövlət yol polis idarəsinə gəlməyini tələb etmiş və ərazini tərk etmişdir. Əlavə olaraq qeyd edir ki, saxlanılma vaxtı avtomobildə azyaşlı uşağı da olmuşdur. Yol polis inspektorunun guya onda avtomobil idarə etmək üçün icazə verilən alkoqol miqdarından artıq alkoqol olduğunu aşkarlasa da Nizami rayon dövlət yol polis idarəsinə dəvət edərkən avtomobilinin özü tərəfindən idarə edilməsini bildirmişdir. Əgər, doğurdan da o, alkoqol qəbul etmiş olsaydı, o, həkimə aparılmalı, avtomobil yerində müsadirə edilməli, cərimə meydançasına aparılmalı və ya inspektor tərəfindən xüsusi nəzərdə tutulmuş başqa əraziyə aparılmalı idi. Avtomobili qeyd olunan tarixdə heç bir cərimə meydançasına aparılmayıb və orada qeydiyyat jurnalına salınmayıb. Bu halda isə içərisində azyaşlı övladı ola-ola, onun özü tərəfindən idarəyə qədər avtomobil idarə olunmuşdur. Qeyd edilən məlumatlar avtomobildə quraşdırılmış xüsusi GPS avadanlığı və idarəyə gedərkən yol boyu mövcud kamera nəzarət sistemləri tərəfindən təsdiqlənə bilər. Nizami rayon dövlət yol polis idarəsinə şəxsən idarə etdiyi avtomobillə çatdıqdan sonra inspektor “narahat olma, yoluna qoyacağıq” deyərək, ondan israrla 11:25 saatını göstərməklə həkim müayinəsinə ehtiyac olmadığı haqda yazılı ərizə almışdır. Lakin, o, tibbi müayinədən keçmək istədiyini bildirmişdi, inspektor isə “ərizəni imzala, get tibbi müayinədən keç gəl, bir şey çıxmasa protokolu tərtib etmərik” demişdir. Avtomobili şəxsən idarə edərək idarəyə gəldiyini nəzərə alaraq, fikirləşmişdir ki, alkoqollu olduğu sübuta yetirilmiş olsaydı, onu azyaşlı övladı ilə birgə avtomobili idarə etməyə icazə verməzdi və o məntiqdən irəli gələrək “həkim müayinəsinə ehtiyac yoxdur” ərizəsini imzalamazdı. Ərizəni təzyiq altında YPX inspektorunun diktəsi əsasında yazaraq imzalamışdır ki, dərhal idarəni tərk edərək, həm tibb məntəqəsinə müvafiq zaman çərçivəsində çata bilsin və həm də idarənin çölündə içəriyə buraxılmadığı üçün baxımsız qalan azyaşlı övladının yanına getsin. Daha sonra ona protokol yazılacagını bildirmişlər. Bu halda kəskin etirazını bildirmiş, cihazın doğru çalışmadığını, onun hər hansı bir alkoqollu içki qəbul etmədiyini söyləmişdir. Etirazına məhəl qoyulmadığı üçün bir daha tibbi müayinədən keçəcəyini və ittihamın əsassız olacağını sübut edəcəyimi bildirmişdir. Dərhal dövlət yol polisi idarəsini tərk edərək tibb müəssisinə yollanmışdır. Tibb müəssisəsində yoxlama zamanı onda 0.000 promil miqdarında, alkoqolun heç olmadığı müəyyən edilmiş və 13:00 vaxtı ilə möhürlənmiş imzalanmış 2/40784 nömrəli sərxoşluq müayinəsindən keçmə protokolu təqdim edilmişdir. Həmin tibbi protokolu yol polis inspektoru X4 tərəfindən alınaraq geri qaytarılmamışdır. İsrarla tələb etsə də ona verilməmişdir. Lakin, o, mobil telefonla həmin protokolun surətini çəkib özündə saxlamışdır. Saxlanılma vaxtından təxmini 1 saat sonra promil miqdarının 0.5-dən birdən-birə 0.000-a düşməsi, bir daha sübut edir ki, o, alkoqol qəbul etməmişdir və inspektor tərəfindən aparılmış müayinə nəticəsi yanlışdır və əsassızdır. Əmindir ki, inspektorun istifadə etdiyi xüsusi cihaz yararsız vəziyyətdə olmuşdur və cihazın sənədlərinin təqdim edilməməsi bunu bir daha sübut edir. (Çin istehsalı olan və istehsalçısı məlum olmayan primitiv cihaz). Nizami rayon dövlət yol polis idarəsinə qayıdaraq tibb müəssisəsi tərəfindən təqdim edilmiş, 0.000 promil miqdarının göstərildiyi protokolu təqdim etmişdir. Lakin təqdim edilmiş sərxoşluq vəziyyəti haqqında protokola əhəmiyyət verməyərək barəsində 327.1 və 333.1-ci maddələri əsasında saat 14:11-də İXP ******* saylı protokol tərtib edilmişdir. Dəfələrlə qanunsuz tədbir görüldüyünü, qanunvericiliyə əsasən tibb müəssisəsinin verdiyi rəyin inspektorun istifadə etdiyi yararsız cihazın göstəricisindən üstün olduğunu bildirsə də, “mənim işimi məndən yaxşı bilirsən? yaxşı edirəm! get kimə istəyirsən şikayət elə, mən heç kimdən qorxmuram!” kimi kobud formada səsləndirilmiş ifadələrlə polisə yaraşmayan etik davaranışlara yol verilmişdir. Protokol qeyd edilən vaxtda tək xidmət aparan (dairənin yanında park edərək xidmət aparırdı) yol polis inspektoru polis serjantı X4 tərəfindən tibb müəssisəsinin protokolu təqdim edildikdən sonra artıq hadisədən təxmini 2 saat keçdikdən sonra guya protokol saat 11:25-də tərtib edilmişdir kimi rəsmiləşdirilmişdir. Lakin, protokolun tərtib edildiyi barədə SMS mesaj 14:11-də göndərilmiş və həmin vaxtda kağız protokol idarədə çap olunaraq ona təqdim edilmişdir. Protokolun mərkəzləşdirilmiş məlumat bazasına vurulma vaxtı və mobil operator tərəfindən göndərilmiş mesajın saatını müəyyənləşdirmək müasir texnologiyalar zəmanəsində o qədər də çətin deyil. Bildirir ki, idarədə olarkən 8 yaşlı övladı idarəyə buraxılmadığı üçün idarənin çölündə tək qoymaq məcburiyyətində olmuş və azyaşlı uşağın yanında onunla kobud rəftara görə uşağın psixi durumuna zərər gəlmiş, gözyaşıları dayanmamışdır. Əlavə olaraq qeyd edir ki, idarədə mülki geyimdə olan şəxslər tərəfindən ünvanlanan müxtəlif müraciətlərə cavab vermək məcburiyyətində olmuşdur. Barəsində əsassız hesab etdiyi protokol ona 14:11-də təqdim edildikdən sonra idarəni tərk etmiş və dərhal DYP-nin “902” qaynar xətti ilə əlaqə saxlayaraq şikayətini bildirmişdir. Yol polis inspektorunun ona tibb müayinəsindən gətirdiyi protokoldan sonra protokol tərtib etsə də, rəsmiləşdirilmiş sənədlərdə hər yerdə guya barəsində protokolun saxlanılma anında saat 11:25-də tərtib edilməsini qeyd etməklə, “tibbi müayinədən imtina ərizəsini imzala, sonra müayinəyə get gəl, bir şey çıxmasa protokol tərtib etməyəcəyik” deməklə polis davranış etikasına uyğun olmayan hərəkətlərlə aldatmışdır. Yuxarıda yazılanları nəzərə alaraq, barəsində qəbul edilmiş inzibati xəta haqqında ******* protokolun ləğv edilməsi, eyni zamanda vəzifəsindən sui-istifadə edərək sürücünü aldatmaq yolu ilə polisə yaraşmayan davranışa, guya içkili halda olduğunu aşkarlayaraq azyaşlının da olduğu avtomobili özü tərəfindən idarə etməyə göz yumduğuna, guya alkoqollu vəziyyətdə avtomobili cərimə meydançasına yox, idarəyə sürməyinə göstəriş verməsinə və digər işində yol vermiş pozuntulara görə ciddi tədbir görülməsinə göstəriş verilməsini, Nizami rayon DYP idarəsi (inspektoru Hüseynov Vüsal Aydİn oğlu) tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokolun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinin YPX inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs etirazında göstərilənlərin əsası yoxdur, o, Şəxs qarşı qanunsuz hərəkətə yol verməmişdir.Şəxs yerində müayinənin nəticəsi ilə razılaşaraq yazılı izahatında da bunu göstərmişdir. Şəxs müayinənin nəticəsi ilə tanış etmiş və işin məhkəməyə göndəriləcəyini bildirmişdir. İnzibati xəta haqqında protokol əsasında həmin şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs protokola dair yazılı etirazında göstərilənlərə uyğun izahat vermiş və göstərilərnləri nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 22 oktyabr 2023-cü il tarixdə saat 11:11-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.684% olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 22 oktyabr 2023-cü il tarixli protokolda Şəxs tərəfindən yazılmış izahatından görünür ki, o, alkotestrlə müayinə olunduğunu, sərxoşluq aşkar olunduğunu, həkimə ehtiyac olmadığını yazmış və imzası ilə təsdiq etmişdir. Bununla yanaşı, o, həmin tarixdə Nizami RPİ-nin DYPŞ-nin rəisinin adına yazdığı ətraflı izahatında da həmin halları təsdiq edərək eyni məzmunlu izahat vermişdir. Şəxs məhkəməyə təqdim etdiyi sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 22 oktyabr 2023-cü il tarixli 2/40784 nömrəli protokolun surətindən görünür ki, Şəxs həmin tarixdə saat 13:00-da keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla, xüsusi texniki vasitə ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Nəzərə alınmalıdır ki, sərxoşluq faktı xüsusi texniki vasitə ilə 22 oktyabr 2023-cü il tarixdə saat 11:11-də yerində aşkar olunmuş, Şəxs isə müstəqil olaraq saat 13:00-da tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa, inzibati araşdırma zamanı, 22 oktyabr 2023-cü il tarixdə Şəxs yazılı izahat verib xüsusi texniki vasitənin göstəricisi ilə razılaşaraq, həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. İnzibati orqan tərəfindən təqdim olunmuş sübutların mötəbərliyinin şübhə altına alınması üçün əsaslar yoxdur. Şəxs izahatında göstərilən digər məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi hazırkı icraatın predmeti deyildir, o, yol polisi əməkdaşlarının ona qarşı yol verdikləri, neqativ hesab etdiyi hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və aidiyyəti prokurorluq orqanına müraciət edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar