Məhkəmə qərarları › İş №3(007)-562/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-562/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-562/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, M.Hüseyn küçəsi ev 12, mənzil 2-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin DYPİ-dən daxil olmuş 19 fevral 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 19 fevral 2022-ci il tarixdə saat 06:20-də Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “Volkswagen Passat minik” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 19 fevral 2022-ci il tarixdə səhər saat 06 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində idarə etdiyi “Volkswagen” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı bildirmişdir ki, o, içkilidir, barəsində protokol tərtib olunmalıdır. Lakin o, bir gün əvvəl axşam iki bakal piçə içdiyini, hazırda içkinin təsirinin qalmasının mümkünsüz olduğunu demişdir. Buna baxmayaraq, protokolda əməlini etiraf edən yazı yazdırılmış, sonra avtomobili duracağa aparılmışdır. Bundan sonra gedib özü həkim müayinəsindən keçmiş, ona ayıq olması barədə tibbi akt verilmişdir. Ona görə hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 19 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs spitli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən, bu faktın müəyyən edilməsi üçün sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmiş, 19 fevral 2022-ci il tarixdə saat 06:18-də keçirilən müayinə zamanı onda alkoqolun miqdarı 0.348% olmuşdur. Şəxs həmin göstərici ilə razılaşaraq, protokolu imzası ilə təsdiq etmişdir. Şəxs məhkəməyə təqdim etdiyi sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 19 fevral 2022-ci il tarixli 2/6189 nömrəli aktdan görünür ki, onun həmin tarixdə saat 09:50-də keçirilən tibbi müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə 19 fevral 2022-ci il tarixdə saat 06:18-də yerində aşkar olunmuş, Şəxs isə həmin tarixdə saat 09:50-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs “...alkotester vasitəsilə müayinə olunarkən spirtli içki qəbul etdiyim aşkar olundu, söz verirəm ki, bir daha sərxoş halda avtomaşını idarə etməyəcəyəm...” qeydlərini yazmış, həmin protokolu və xüsusi texniki vasitənin göstərici qəbzini imzalamışdır. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 329.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, ona görə Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, X1 barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhər BPİ-nin X3 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar