Məhkəmə qərarları › İş №3(007)-5626/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5626/2025

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5626/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndələri X1 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, "xxxx" MMC-nin sabiq işçisi X4 xx.xx.2024-cü il tarixdə səhhətinin pozulması və sonradan ölümü ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydə alınmış "xxxx" MMC-nin işəgötürəninə ünvanlanmış 3-17-5/2-100071/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədləri 7 iş günü ərzində təqdim olunması təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən tərtib olunmuş 27 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol Nizami rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göndərilən 29 oktyabr 2025-ci il tarixli məktub 19 noyabr 2025-ci il tarixində Cəmiyyətin hüquqi ünvanına çatdırılmışdır. İnzibati orqan tərəfindən məhkəməyə təqdim edilən sənədlər siyahısında da məktubun 19 noyabr 2025-ci il tarixində Cəmiyyətin ünvanına çatdırıldığı qeyd olunur. Həmin məktubda 7 iş günü müddətində məktubda qeyd edilən sənədlərlə birlikdə cavab məktubunun verilməsi Şəxs MMC-yə tapşırılmışdır. 19 noyabr 2025-ci il tarixində Cəmiyyətin hüquqi ünvanına çatdırılmış məktubun cavablandırılmasının son müddəti 28 noyabr 2025-ci il tarixi idi. Şəxs MMC tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göndərilən 29 oktyabr 2025ci il tarixli məktubuna 26 noyabr 2025-ci il tarixində rəsmi qaydada cavab verilmişdir. (bunu təsdiq edən sənədin surəti əlavə edilir.) Ancaq maraqlı olan hal budur ki, X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən məktubda qeyd edilən 7 iş günü müddəti bitməmiş, 27 noyabr 2025-ci il tarixində inzibati icraat başladılmaqla 27 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmiş, bundan sonra müvafiq qərardadla iş Nizami rayon məhkəməsinə göndərilmişdir. Hesab edirlər ki, 27 noyabr 2025-ci il tarixində Şəxs MMC-yə cavab vermək üçün verilmiş müddət tamam olmadan inzibati orqan tərəfindən inzibati icraatın başladılması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına dəlalət edir və tərtib edilmiş 27 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol üzrə işin yenidən inzibati orqana qaytarılması barədə qərarda qəbul edilməsi üşün hüquqi əsas təşkil edir. Belə ki, inzibati orqan özünün müəyyən etdiyi 7 iş günlük müddət başa çatmadan, yəni 27 noyabr 2025-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki həmin müddət 28 noyabr 2025-ci il tarixində bitirdi və cavab məktubu 26 noyabr 2025-ci il tarixində göndərilmişdi. Bu səbəbdən inzibati xətanın obyektiv tərəfi formalaşmamışdır və protokol qanunsuzdur. Bu səbəbdən hesab edirlər ki, inzibati orqan özünün müəyyən etdiyi müddət başa çatmadan cavab verilmədiyini iddia edərək protokol tərtib etmişdir. Halbuki, cavab vaxtında təqdim edilmiş, inzibati xətanın obyektiv tərəfi formalaşmamış, hüquqi şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə protokolda göstərilən faktları öz təşəbbüsü ilə dəyişə və ya tamamlaya bilməz. Bu səbəbdən hesab edirlər ki, belə protokol əsasında işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Bundan başqa müddət bitmədən “cavab verilməyib” deyə inzibati xəta formalaşdırmaq hüquqi baxımdan yolverilməzdir və belə olan halda inzibati xətanın obyektiv tərəfi yoxdur. Hüquqi şəxsə verilmiş izahat vermək, sənəd təqdim etmək hüququ faktiki olaraq vaxtından əvvəl əlindən alınmışdır. Bu səbəbdən DƏMX Bakı şəhər İdarəsi tərəfindən 27 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol Bakı şəhəri Nizami rayon məhkəməsinin qərardadı ilə geri qaytarılmalıdır, çünki, məhkəmə belə bir protokol əsasında işə mahiyyəti üzrə baxa bilməz. Yuxarıda qeyd olunanlara əsasən, DƏMX Bakı şəhər İdarəsi tərəfindən 27 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokolun geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onlar məktubu 06 noyabr 2025-ci il tarixində saat 10:04-də ƏMAS vasitəsi ilə elektron qaydada yükləmişlər və bundan əlavə poçt vasitəsi ilə göndərmişlər. Müddət elektron qaydada göndərildiyi vaxtdan hesablanır. Qeyd edilənlərə əsasən, "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolu və digər nümayəndənin dəlillərini müdafiə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə yazılı etirazının dəlillərini müdafiə etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-100071/2025 nömrəli məktubundan görünür ki, X4 2024-cü ildə səhhətinin pozulması və sonradan ölümü ilə bağlı vətəndaş X5 xx.xx.2025-ci il tarixli müraciətinə Bakı şəhər idarəsində baxılır. Bununla əlaqədar X5 müraciətinə münasibət bildirilməsi və müvafiq sənədlərin hadisə barədə ətraflı məlumat (hadisə hansı rayonun ərazisində baş verib), əmək müqaviləsinin surəti; iş vaxtının uçotu cədvəlindən çıxarış (2024-cü il üzrə); əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarış; ölüm haqqında şəhadətnamənin - 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Elektron sistem”dən çıxarışdan görünür ki, X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 100071/2025 nömrəli məktubu ƏMAS vasitəsi ilə 06 noyabr 2025-ci il tarixdə saat 08:36da "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilməklə göndərilmişdir. Hüquqi şəxs "xxxx" MMC-nin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan şəxsi (elektron) kabinetinin “Rəsmi yazışmalar-Daxil olan məktublar” bölməsinə məhkəmə iclasında tərəflərin iştirakı ilə real vaxt rejimində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-100071/2025 nömrəli məktub, xx.xx.2025-ci il tarixdə, saat 10:04-də "xxxx" MMC-nin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan şəxsi (elektron) kabinetinin “Rəsmi yazışmalar-Daxil olan məktublar” bölməsində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin yazılı etirazında və məhkəmə iclasında göstərdiklərinə münasibətdə qeyd edir ki, "xxxx" MMC-yə X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “ƏMAS” vasitəsi ilə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 100071/2025 nömrəli sorğu məktubu, xx.xx.2025-ci il tarixdə, saat 10:04-də "xxxx" MMCnin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan şəxsi (elektron) kabinetinin “Rəsmi yazışmalar-Daxil olan məktublar” bölməsində qeydə alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Sözügedən sorğunun “ƏMAS” vasitəsi ilə elektron qaydada göndərilərək 06 noyabr 2025ci il tarixdə "xxxx" MMC-yə çatdırılmasından sonra, 7 iş günü ərzində sorğuda əksini tapmış müvafiq məlumatların (sənədlərin) təqdim edilməməsi, İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə nəticələnmişdir. İstinad olunan sorğu məktubunun əlavə tədbir kimi poçt vasitəsi ilə göndərilərək 19 noyabr 2025-ci il tarixdə çatdırılması, sözügedən müddətin yenidən və həmin tarixdən hesablanmalı olması kimi qəbul edilə bilməz. İrəli sürülən dəlillər və etirazın əsasını təşkil edən hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati tənbeh verilməsinə mane olan, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar